Əhaliyə, evlərə güllə yağdırırlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi




Ermənistanın 25 ildir Azərbaycanın işğal etdiyi ərazilərinə təcavüzü təkcə mənəvi zərbə deyil, həmçinin maddi ziyanla müşayiət edilir. Qarabağı işğal edən və bu işğal siyasətini davam etdirən təcavüzkar dövlət, 25 ildir davamlı olaraq ölkəmizi maddi ziyana salmaqdadır. Mütəmadi olaraq atəşkəsi pozan Ermənistanın silahlı separatçılarının atdığı mərmilər nəticəsində təmas xəttində yaşayan sivil azərbaycanlılar öldürülür, evlərə, ictimai iaşə obyektlərinə ciddi ziyan dəyir.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun müharibə başlayandan indiyə qədər apardığı hesablamalara əsasən, Qarabağ münaqişəsi nəticəsində əhaliyə 147,8 milyard, dövlətə isə 126,46 milyard dollar ziyan dəyib. Təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyan da əlavə edilərsə, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə ümumilikdə 818,88 milyard dollar ziyan vurulub.

32 yaşayış məntəqəsinin bombalanması və aralarında ahıl, uşaq olmaqla mülki şəxslərin həlak olması...

Rəsmi məlumata görə, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələri ilə təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 mülki şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.

Regionda hökm sürən gərginliyin başlıca səbəbi Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur

Ermənistanın qeyd olunan cinayətkar əməlləri beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların, eləcə də silahlı münaqişələr zamanı mədəni obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Mülki əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum edilib.

Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görür. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, regionda

hökm sürən gərginliyin başlıca səbəbi Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Ermənistanda bir qrup müharibə canisi tərəfindən idarə olunan hazırkı hərbi diktatura rejiminin son əməlləri beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sivil dünyanın önəm verdiyi dəyərlər üçün ciddi təhlükə təşkil edir. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğuna görə ittiham etməyə çağırır. Amma Azərbaycanın bu haqq səsinə, nədənsə, beynəlxalq qurumlar biganəlik nümayiş etdirirlər.

"1992-ci ildən bu yana yaşadığım evə 3 dəfə erməni bombası düşüb”

İllərdir Azərbaycan insanlarını qətl edən, evlərini iriçaplı silahlarla, ağır artilleriya ilə atəşə tutan Ermənistan təcavüzkarları bu ilin aprel ayında da eyni hadisələri təkrar törətdi. Bu dəfə isə sivil insanlara, təmas xəttində olan evlərə, məktəb, xəstəxana və digər obyektlərə daha çox zərər dəydi.

Tərtər sakini Bəxtiyar Mirzəyev deyir ki, aprelin 2-si gecə saatlarında həyətlərinə düşən top mərmisi onun şəxsi təsərrüfatına ciddi ziyan vurub: "Həmin gecə qonaq getmişdik. Evdə olmadığımız üçün, ailəmizdən şükür, itki olmadı. Amma həyətimizə düşən mərmi evimin bir hissəsini, mal tövləsini isə tamamilə dağıtdı. Tövlədə olan 5 baş qaramal tələf oldu. Hesablamalarıma görə, mənə 15 min manatdan artıq ziyan dəyib. Erməni silahlıları atəş açanda təkcə hərbçilərə deyil, yaxın kəndlərə, əhaliyə, evlərə güllə yağdırırlar. Mən ailəmlə birgə Qarabağ müharibəsi başlayandan bu yanadır öz kəndimdə yaşayıram. 1992-ci ildən bu yana yaşadığım evə 3 dəfə erməni bombası düşüb. İllərdir mən evimi düzəltdirməklə, ermənilər mərmi atıb dağıtmaqla məşğuldurlar. Mənim kimi dəfələrlə mənzilini bomba dağıntısından sonra inşa etdirən insanlar çoxdurlar”.

"Orta məktəbi raketlərdən, qradlardan elə günə saldılar ki, külünü göyə sovurdular”

Ermənilərin atəşi nəticəsində ziyan görən insanlardan biri də Milli Məclisin deputatı Aqil Abbasdır. O bildirib ki, ermənilərin raketlərdən açdığı atəş nəticəsində Ağdamın Eloğlu kəndindəki nənəsinin evi dağıdılıb, yararsız hala salınıb. Millət vəkili deyir ki, şiddətli atışmalar nəticəsində Ağdamın Eloğlu, Çəmənli, Əfətli, Zəngişalı, Mahruzlu, Əhmədağalı kəndlərinə düşmən raket və qradlardan, iriçaplı silahlardan atəş açıb: "Kəndlərdəki bir çox evlər yararsız hala düşüb. Sarıcalı kəndində orta məktəbi raketlərdən, qradlardan elə günə saldılar ki, külünü göyə sovurdular. Həmin saatlarda xoşbəxtlikdən orada dərs olmayıb. Əgər Allah eləməsin, həmin gün o məktəbdə dərs olsaydı, 1 nəfər də şagird və ya müəllim sağ çıxa bilməzdi”. Deputat vurğulayıb ki, aprel döyüşləri zamanı Ağcabədinin Qaraxanlı kəndinə 50 raket düşüb. Bayat, Hacılar kəndləri erməni səngərinin burnunun ucundadır. Ermənilərin atəş nöqtəsindən Qaraxanlı və Bayat kəndlərinə 15-20 kilometr məsafə var. İndi görün ki, ermənilər hansı növ raketlərdən atəş açıblar ki, həmin raketlər kəndləri məhv edib. Atılan raketlərdən biri qonşuluqdakı evin düz içinə düşüb. Bir raket də həyətin artırma hissəsinə düşüb. Xoşbəxtlikdən, həmin an divarlar aşmamışdı, evi saxlayıb. İnsanlar hamısı həyətdə olub və divarlar da qəlpələrdən onları qoruyub.

Ağdamın Hacılar kəndində Heydər piri var. Seyid ocağı olan o kəndə 13 qrad mərmisi düşüb və 7-si partlamayıb.

"Biz mülki insanlarımızın öldürülməsini, evlərin, xəstəxanaların, məktəblərin dağıdılmasını foto və video faktlarla ortaya qoymağa hazırıq”

Aqil Abbas bildirib ki, 25 ildir ki, mütəmadi olaraq erməni silahlıları atəşkəsi pozmaqda, dinc əhaliyə güllə atmaqda, yaşayış obyektlərinə ziyan vurmaqdadırlar: "Ermənistan təcavüzkarlığı ilə Azərbaycana təkcə torpaq itkisi yaşatmayıb. Bununla yanaşı, indiyədək ölkəmiz yüz milyardlarla dollar ziyana düşüb. Dövlət evlərin bərpasına, yenidən tikilməsinə milyardlarla vəsait xərcləyir. Beynəlxalq birlik, xarici təşkilatlar, münaqişənin həlli ilə məşğul olduğunu iddia edən ATƏT-in Minsk Qrupu bu məsələləri görməzdən gəlirlər. Əslində isə bu məsələlər, Azərbaycana ermənilərin vurduğu maddi ziyan, iqtisadiyyatımıza mənfi təsir edən amillər də Qarabağ danışıqlarına predmet olaraq salınmalıdır. Hüququn bütün variantları Azərbaycanın tərəfində olsa da, ikili standartlarla yanaşma davam etməkdədir. Biz mülki insanlarımızın öldürülməsini, evlərin, xəstəxanaların, məktəblərin dağıdılmasını foto və video faktlarla ortaya qoymağa hazırıq. Bu faktları desək də, nə yazıq ki, dünya birliyi hələ də Azərbaycana qarşı ərazi təcavüzünə susur. Mülki insanlarımızın öldürülməsinə, evlərimizin atəşə tutulub yararsız hala salınmasına beynəlxalq qurumlar göz yumurlar”.

Azərbaycanın Qarabağ məsələsində səbri sonsuzadək deyil!

Erməni təcavüzü həmçinin Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurmaqdadır.

İqtisadçıların qənaətincə, işğal olunan ərazilərə görə hər il Azərbaycan milyardlarla vəsait itirir. Üzərinə də insan itkilərini, hazırda təmas xəttində yerləşən yaşayış obyektlərini atəş nəticəsində dağıtdıqlarını gələndə, böyük miqdarda vəsaitin dövlət tərəfindən itirildiyi görünür.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu gün Azərbaycanda hasil edilən ümumi daxili məhsul rahat şəkildə ölkə ərazisinin 80 faizini əhatə edir: "Ermənistanın işğalı birmənalı şəkildə Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərib. Əgər nəzərə alsaq ki, ölkə iqtisadiyyatına vurulan zərər heç də işğal olunan ərazilərdə infrastrukturun dağıdılması, iqtisadiyyata ziyan vurulması fonunda deyil, onda bunu daha aydın sezmək olar. Ermənilər işğal etdikləri ərazilərdə kifayət qədər daşınmaz əmlakın, infrastrukturun, məktəblərin və müəyyən zavodların dağıdılmasını reallaşdırıblar. Ermənistanın işğal etdiyi ərazilər təbii ehtiyatlarla daha çox zəngindir. Bununla belə həmin ərazilər turizmin inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab olunur. Amma ərazi bütövlüyümüz tam bərpa olunmadığına, erməni işğalı davam etdiyinə görə, ərazilərimizdən yararlana bilmirik”. V.Bayramov deyib ki, əgər ölkə əraziləri ermənilər tərəfindən işğal edilməsə idi, Dağlıq Qarabağın hər bir yerində iqtisadiyyatın inkişafı üçün hərtərəfli zəmin var idi: "Hesablamalara görə, işğal olunan ərazilərin Azərbaycana vurduğu illik ziyan 5 milyard manat təşkil edir. Digər yandan isə, ermənilərin atəşi nəticəsində cəbhəyə yaxın rayonlara, kəndlərə mərmilər düşür, evlər dağılır. Bu obyektlərin, evlərin bərpası üçün də Azərbaycan dövləti milyonlarla vəsait xərcləyir. 25 il ərzində müharibə nəticəsində Azərbaycana dəyən maddi ziyanın məbləği yüz milyardlarla dollar edir”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan illərdir ki, torpaqlarına edilən erməni təcavüzü nəticəsində maddi və mənəvi ziyan görməkdədir. Beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həllini istəyirlərsə, ölkəmizə dəyən ziyanlara münasibət bildirməli, Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, işğalın aradan qaldırılması istiqamətində iş görməlidirlər. Əməli addım atılmasa, işğalçı Ermənistana təzyiqlər edilməsə, separatçılar sülhə məcbur edilməsələr, bu cür siyasətlərini davam etdirəcəklər. Bu halda isə artıq bir yol qalır - hərbi əməliyyatlarla torpaqları işğaldan azad etmək. Azərbaycanın ordusu öz torpaqlarını hər an işğaldan azad etmək iqtidarındadır. Sadəcə, dövlətin siyasəti sülh istiqamətindədir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dediyi kimi - Azərbaycanın Qarabağ məsələsində səbri sonsuzadək deyil!

Anar Bayramoğlu

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü münasibətilə elan etdiyi müsabiqəyə təqdim olunur.