Əhmədinejadın yenidən prezident olmasına imkan verməzlər

Əgər fövqəladə hadisə baş verməzsə, Ruhani yenidən Prezident seçiləcək


Keçmiş İran Prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir. Əgər o, 8 ay sonra keçiriləcək seçkilərdə namizədliyini rəsmən elan edərsə və təsdiqlənərsə, indiki Prezident Həsən Ruhaniyə ciddi rəqib ola bilər.
2005-2013-cü illərdə Prezident olmuş Əhmədinejad sadə həyat tərzi sürdüyü üçün kasıb təbəqə arasında ona simpatiya var. Bu ilin aprelində onun siyasətə qayıdışı ilə bağlı mesaj verilib. Əhmədinejad indiki Prezident Ruhanini sərt tənqid edərək onun prezidentlik kürsüsünə layiq olmadığını söyləyib. Amma son məlumatlara görə, İranın ali rəhbəri Xameneyi Əhmədihejadın yenidən prezidentliyə namizədliyini irəli sürməsinə qarşı çıxıb. Yerli mətbuatın yazdığına görə, hətta bunu şəxsən onun özünə də deyib. Əhmədinejadın yenidən İran rəhbərliyinə gəlməsi ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan diqqətə çatdırıb ki, İranın ali rəhbəri  Xameneyi Əhmədinejadın növbəti dəfə prezident olmasını qadağan edib: "Əhmədinejad mühafizəkarların namizədi olub. Prezidentliyinin ilk illərində sosial yönümlü proqramlarla ölkə əhalisi arasında rəğbət qazanıb. Ancaq sonrakı dövrlərdə Xameneyini müdafiə edən qruplar ona qarşı çıxmağa, eks-prezidenti ciddi surətdə tənqid etməyə başlayıblar. Onlar açıq şəkildə bildiriblər ki, İranın lideri Əhmədinejad deyil, ali rəhbər Xameneyidir. Çünki Həsən Ruhani hakimiyyətə gələndən sonra keçmiş prezidentin bir sıra "günahlarını” ifşa edib. Əhmədnijatın prezidentliyi dövründə Qərb istəyirdi ki, prezidenti qabardıb ön plana çıxartsın. Elə indi də Həsən Ruhanini ali rəhbərdən irəli sürməyə çalışırlar. Amma heç kimə sirr deyil ki, İranda Xameneyi kimə "xeyir-dua” verirsə, ölkənin prezidenti də o şəxs olur”. Ekspert vurğulayıb ki, İran tarixində iki dönəm prezident seçilmiş şəxsin yenidən namizədliyini irəli sürməsi faktı yoxdur: "Ehtimal ki, Əhmədinejad yenidən namizədliyini verməyəcək. Çünki Həsən Ruhani hakimiyyətə gələndən sonra keçmiş prezidentin bir sıra "günahlarını” ifşa edib. Aydın olub ki, Əhmədinejad ali rəhbər Xameneyini yox, ayətullah Mispah Yəzdini özünə müctəhid sayıb. Bunlar İran siyasiləri üçün qəbuledilməzdir. Çox güman ki, əgər fövqəladə hadisə baş verməzsə, Ruhani yenidən prezident seçiləcək”.

İsmayıl