Ehtiyacı olmayan, ancaq sosial müavinət alan insanlar yenə də qalır

Çox güman ki, deputat açıq danışmasa da, bu vəziyyətə işarə vurur




Bu günlərdə parlamentdə büdcə zərfinin müzakirəsi davam etdirilib. Millət vəkili Musa Quliyev sosial müavinətlərə yenidən baxılaraq onun tənzimlənməsini və müavinətlərin sayının azaldılmasını təklif edib. Həqiqətən də sosial müavinətlərin sayının azalmasına ehtiyac varmı?

Millət vəkilinin təklifi ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, sosial müavinətlərin müəyyənləşdirilməsi qaydaları olur. Həmin qaydalara uyğun gələn ailə və ya vətəndaş heç bir çətinlik çəkmədən Sosial Müdafiə Fondlarından və yaxud dövlətdən yardım ala bilir. İqtisadçının sözlərinə görə, bu çox asanlaşdırılmış, bəzən də avtomatlaşdırılmış bir sistemdir:

 "Uzun illərdir Azərbaycanda söhbətlər var idi ki, sosial müdafiənin təyin olunmasında rüşvətdən və digər "əyri” yollardan istifadə olunur. Belə bir şeylər var idisə, sosial müdafiəyə ehtiyacı olan insanlar bundan əziyyət çəkməməlidir. Belə bir halın yaranmasına cavadeh şəxslər məsuliyyətə cəlb olunmalıdır və yaxud da işdən qovulmalıdır. Çox güman ki, deputat açıq danışmasa da, müavinətlərin sayının azalması nöqteyi-nəzərindən buna işarə vurub. Çünki ehtiyacları olmadığı təqdirdə sosial müavinət alan insanlar var. 

Amma bu o demək deyil ki, müavinətə ehtiyacı olan insanların işi çətinləşməlidir və ya hər hansı bir formada məhdudiyyətlər qoyulmalıdır. Əksinə, sosial müdafiənin təyin olunması qaydaları çox şəffaf tətbiq olunmalıdır. Hətta elektron qaydada müraciətlərdən tutmuş digər addımlara qədər təyin olunmalıdır ki, hər bir vətəndaş hansı formada sosial müavinət ala bilərsə, o formaya uyğun olaraq da müraciət eləsin. Heç bir insan təması olmadan, yəni fərdi qaydada məmur-vətəndaş təması olmadan yaradılmış komissiyalar buna qərar versinlər. 

Bu proses belə olmalıdır və normalda bu qaydalar tez-tez dəyişməməlidir. Azərbaycanda həm sosial müavinətin verilməsi qaydaları tez-tez dəyişdirilir, həm də müavinətlər verilərkən əyri yollara əl atılır. Bir daha deyirəm, bu, müavinətə ehtiyacı olanların günahı deyil. Bunların hamısının olması sistemin bəri başdan normal qurulmamasına dəlalət edir. Heç olmasa, indiki şəraitdə elə bir oturuşmuş sistem qurulmalıdır ki, vətəndaş üçün müavinətin alınması mümkün olsun və haqqı olan insanlara çox asanlıqla sosial müdafiəyə çıxış imkanları saxlanılsın. 

Bu baş verəcəksə, təbii ki, müəyyən dəyişikliklər etmək olar. Yoxsa hər hansı bir məmur rüşvət müqabilində sosial müavinətlərin verilmə sayının artırılmasına yol veribsə və bunun qarşısını qanunla sərtləşdirib almaq istəyirlərsə, bu, səhv yanaşmadır”.

Yeganə Bayramova