“Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as”

“Bu sosial aksiyanı biz 2 il əvvəl keçirmişik”



Bu günlərdə Şüvəlan qəsəbəsinin "Nizami” küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as” adı altında mağaza fəaliyyətə başlayıb. Kampaniyanın məqsədi imkanlı şəxslərin sözügedən mağazaya təqdim etdiyi "ikinci əl” geyim ləvazimatlarını əhalinin kasıb təbəqəsinə pulsuz paylamaqdan ibarətdir. Şübhəsiz ki, sözügedən kampaniya başlanandan mağazaya müxtəlif növdə paltarlar qoyulub və oraya dərhal yoxsul vətəndaşların axını başlayıb, qoyulan paltarların hamısı istifadə olunur.

Qeyd edək ki, ölkəmizdə bu cür kampaniyaların təşkili yeni hal deyil. Bir müddət öncə, "Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi də oxşar aksiya həyata keçirib. Bu faktı nəzər alıb sözügedən təşkilatın sədri Bəxtimşah Tağıyeva ilə görüşdük. Birliyin fəaliyyət istiqaməti və reallaşdırdığı sosialyönümlü layihələr barədə "Şərq”ə danışan qurum rəhbəri söylədi ki, təşkilat 2002-ci ildə qeydiyyatdan keçib. Elə həmin ildən etibarən əhalinin yoxsul təbəqəsinə yardım məqsədilə çoxsaylı işlər görüb: "Yaxın illərə qədər Amerikanın ölkəmizdəki təşkilatları və "Qaçqınkom”dan bizə yardımlar gəlirdi. Həmin yardımlar daha çox geyim ləvazimatlarından-isti paltar, dəsmal, qalın adyal, diş pastası, diş şotkası, köynək, kostyum və koftadan, ərzaqdan ibarət olurdu. Çox hallarda hazır xörəklər də göndərirdilər. Biz isə təşkilat olaraq onları əhalinin yoxsul təbəqəsinə, kasıb ailələrə pulsuz paylayırdıq. O yardımları heç vaxt satışa çıxarmamışıq. Nə gəlibsə, hamısını imkansız ailələrə təqdim etmişik. Məqsədimiz isə o idi ki, imkansız əhalini geyim əşyaları və hazır qidalarla təmin edək. Amerikadan böyük miqdarda paltar bağlamaları gəlirdi. Onları açıb otaqlara səliqəli şəkildə asırdıq. Yoxsul sakinlər də gəlib, özlərinə uyğun olan geyim ləvazimatlarını seçirdilər. Sadəcə olaraq, həmin şəxslərin adını qeyd edirdik, şəkillərini çəkirdik ki, sabah bizdən hesabat istəyəndə əlimizdə təqdim etməyə faktlar olsun”.

Birlik sədri vurğulayıb ki, ABŞ təşkilatlarının göndərdikləri "second hand” (ikinci əl) paltarlar deyildi: "Doğrudur, ikinci əl geyimlər də vardı. Amma əksəriyyətinin etiketləri üstündə idi. Açığı, biz onlardan nəsə istəmirdik. Sadəcə həmin xarici təşkilatların özləri gətirirdi. Təşkilat olaraq bizə etimad göstərirdilər. Hətta bir dəfə bizə Dünya Qaçqınlarla İş üzrə Komissarlığından da yardımlar verdilər. Onları da göstərişlərinə uyğun olaraq aparıb Masazırda payladıq. İmkansız adamları bir araya yığdıq və geyimləri verdik. Həmin şəxslərin qeydiyyatını götürdük. Üstündən iki il keçəndən sonra Nazirlər Kabinetindən (NK) mənə zəng olundu ki, gedib Masazırda yoxlama aparmaq istəyirik. Bilmək istəyirik ki, görək doğrudan da həmin geyimlər Masazır sakinlərinə paylanılıbmı? Bütün bu proseslərə NK nəzarət edirdi”. Biz dəfələrlə Sumqayıtda, Bilgəhdə, Mərdəkanda və Suraxanı rayonundakı uşaq evlərində aldığımız geyim əşyalarını, ayaqqabıları, ərzağı hədiyyə etmişik. Təşkilatın təqdimatı 2004-cü ildə Türkiyə səfirliyinin dəstəyilə "Elit” ticarət mərkəzində 300 nəfərin iştirakıyla olmuşdu”.

B.Tağıyevanın sözlərinə görə, həmin paltarları indi də gətirmək olar, lakin NK daha icazə vermir: "Amerika təşkilatları ilə əlaqələr yaradaraq həmin geyimlərin yenə də ölkəmizə gəlişini təmin edə bilərik. Bunu etmək istəyən ABŞ təşkilatları mövcuddur. Amma NK icazə vermir. Ona görə də hazırda yoxsullara əvvəlki kimi köməklik göstərə bilmirik”.

Müsahibimiz bildirib ki, hazırda bir neçə yetim uşağa köməklik göstərir: "Dörd uşaq də hər iki valideynini itirib. Birinə xalası, birinə bibisi, birinə qonşu, birinə babası baxır. Ad çəkmək istəmirəm. Əvvəllər elə bir adam tapmışdım ki, həmin uşaqlara yardım əli uzadırdı. İndi o da dayandırıb. Elə bir adam tapmaq istəyirəm ki, həmin uşaqlara yardım etsin”. B.Tağıyeva diqqətə çatdırıb ki, sonuncu dəfə bu ilin fevral ayının 23-də 35 uşağın dişlərini pulsuz müayinə və müalicə etdirib: "İmkansız uşaqlar idi. Rəfael Soltanovun rəhbərlik etdiyi 1 nömrəli stomatoloji poliklinikada 35 uşağın dişini pulsuz müalicə etdirdim. Bu barədə televiziyada da məlumatlar verildi. Bu da bizim təşəbbüslərimizdən biridir”.

Birlik rəhbəri vurğulayıb ki, əvvəllər hər gün 20-30 kasıb ailəyə gündə 3 dəfə yemək verib.

Həmsöhbətimiz bəyan edib ki, bir neçə imkanlı şəxs təşkilata geyinilməyən ikinci əl geyim gətirəcəyini vəd etsə də, sözünə əməl etməyib: "Biz çox demişik. Hələ ki imkanlı şəxslər tərpənmir. Paltar gətirən yoxdur. Məsələn, bu günlərdə, ofisdə oturmuşduq. Həyətdə çalışan fəhlələr gəldi ki, geyimimiz yoxdur, bizə paltar verin. Köhnədən qalmışdı. Birinə kurtka, birinə köynək, digərinə kofta, papaq verdim. Nə qalmışdısa, payladım”.

B.Tağıyev deyib ki, QHT Şurası və Gənclər Fondu ilə də əməkdaşlıq edirlər: "Onlardan layihələr götürəndə də əməlli-başlı iş görürdük. Kasıb uşaqlara köynəklər, papaqlar alırdıq”.

Həmsöhbətimiz deyib ki, bəzi yetim uşaqların 4-5 yüz manat işıq-qaz pulunu sildirib: "Bunu hansı təşkilat edib indiyə qədər? Gördüyüm işlər çoxdur. O qədərdir ki, çoxu indi yadımdan çıxıb. 14 ildir çoxsaylı işlər görmüşük. Hamısını Allah xatirinə etmişik. Yəni ayrılan pulları cibimizə qoymamışıq. Qoysaydım, indi maşınım da vardı, hər bir şeyim də”.

Müsahibimiz söyləyib ki, onlarla yoxsul tələbənin təhsil haqlarına köməklik göstərib: "Elə olub ki, təşkilatın imkanları olmayanda millət vəkillərindən yardım istəmişəm. Həmin tələbələrə əl tutub. Həmin tələbələrə təzə kostyumlar paylayırdıq. Belə işlərimizin sayı-hesabı yoxdur”. B.Tağıyeva onu da əlavə edib ki, internat məktəblərində dəfələrlə idman yarışları təşkil ediblər: "Gözdən əlil uşaqlar üçün də tədbirlər həyata keçirmişik. Ölkəmizdə və eyni zamanda İspaniyada Musiqi festivalları keçirmişik. Məsələn, bu yaxınlarda 6 saylı internatda və 35 saylı musiqi məktəbində festival reallaşdırdıq. Uşaqlar bacarıqlarını nümayiş etdirdilər. Qaliblərə sertifikatlar və mükafatlar verdik”. Sonda B.Tağıyeva imkanlı şəxsləri təşkilatlarına (Binəqədi r-nu, İ.Dadaşov küç. 70 a.Elmi Tədqiqat Melorasiya İnstitutunun 1-cı mərtəbəsi) ikinci əl geyim əşyaları qoymağa səsləyib: "İstifadə etmədikləri paltarları gətirib qoysunlar bizdə, onları imkansızlara, yoxsullara paylayaq”.
Emel: bextimshah@mail.ru

Ayyət Əhməd