Ehtiyatlı olun: İnternet, “Facebook” saxta psixoloqların əsarətindədir, peşəkarlara inanın

Fərqanə Mehmanqızı: “Əhalidə belə bir yanlış təsəvvür var ki, adam dəli olanda psixoloqun yanına gedir”Jalə Həmidi: “Əgər ilk görüşdə psixoloq ürəyinizcə deyilsə, onun yanına getməkdən əl çəkin”

Aysel Qasımlı: "Psixoloq insanlara sadəcə məsləhət vermir, onları sakitləşdirmir, onların daxilindəki məni də onlara tanıdır, içindəki güclə onları tanış eləyir”
"Qafqaz əsiri”ndəki epizod yadınızdadır? Şurikin dostu Edik "dayan, psix!..” qışqırır. Şurik dəlixanadan qaçırdı, Edik də onu psix zənn etmişdi.
Elə bir dövrana gəlib çatmışıq ki, az qala hamı biri-birinə "psix nəzəri” ilə baxır. Cəmiyyətdə əsəb, həyəcan artdığı üçün, psixoloqlar da yağışdan sonra boy atan göbələklər kimi çoxalıb. Bu dəqiqə psixoloq olmaq ən dəbli peşədir. Televiziya verilişlərində də psixoloqsuz keçinmirlər. Hər verilişdə mütləq bir müğənni və ya aktyor - aktrisa, yanında da bir psixoloq əyləşdirirlər.
İnternet, "Facebook” psixoloqların əsarətindədir. Hər gün yeni-yeni adlar peyda olur. Necə deyərlər, yerindən hər duran özünü psixoloq kimi təqdim edib, xidmət göstərməyə hazır olduğunu bildirir. Fotolarını da yerləşdirirlər. Yəni, cəmiyyətimizin həqiqətən də psixoloqlara bu qədərmi ehtiyacı var?
Oturduğu yerdə "panika”ya düşənlər
Mövzunu tanıdığımız psixoloqlarla çözməyə çalışdıq.
Psixoloq Fərqanə Mehmanqızı "Şərq”ə açıqlamasında psixoloqlara tələbatın artmasını zamanın tələbi hesab etdiyini dedi:
- Tələbat ehtiyacdan  doğur. Əgər psixoloqların sayı artırsa, deməli, buna ehtiyac var. Məncə, bu, normaldır. Görün, intiharların sayı nə qədər artıb. İntihar edənlər arasında uşaq da var, yeniyetmə də, şagird, tələbə, cavan, qoca da var. İnsanların biri-birinə münasibətində aqressiya artıb. Ailədaxili münaqişələrin sayı çoxalır. Məişət problemləri insanları sıxdığından əsəb gərginliyi yaranır, insanlar depressiyaya düşür. Belə vəziyyətdə ən doğru yol psixoloqlara müraciət etməkdir. Amma təəssüf ki, bizim cəmiyyət psixologiya ilə, psixiatriyanı səhv salır. Psixoloq yanına gedənlərə "dəli” kimi baxırlar. Hələ də əhalidə belə bir yanlış təsəvvür var ki, adam dəli olanda psixoloqun yanına gedir. Amma əslində, dəli olmamaq üçün, dəlilik etməmək, cinayətə əl atmamaq üçün psixoloqun yanına getmək, məsləhət almaq lazımdır. Cəmiyyətdə gərginlik yüksək səviyyədədir. Bu, təkcə, bizim ölkədə belə deyil. Ümumiyyətlə, hazırda bütün dünyada, gərginlik, stress pik həddədir. Bəlkə bizim ölkəmizdə bunun ən aşağı göstəricisidir. Azərbaycan cəmiyyəti yumşaqlığa daha çox meyillidir. Mübahisələri danışıqla yoluna qoymağa üstünlük verir. Şükür ki, bu xüsusiyyət hələ var. Baxmayaraq ki, aqressiya halları da baş verir, ümumi götürdükdə, mehriban yanaşma, uyumluluq daha yüksəkdir.
F.Mehmanqızı qeyd etdi ki, ona müraciət edən pasientlərin coxu panikatak ve depresiyadan əziyyət çəkənlərdir:
- Depressiyaya düşənlər əsasən ailə-məişət problemləri olanlardır.
Onlar elə adamlardır ki, maddi sıxıntı yaşayırlar və bu onların həyat tərzinə, ailə üzvlərinə də yansıyır. Ailəsini maddi cəhətdən təmin edə bilməyənlər çox zaman depressiyaya düşür. Panikatak vəziyyəti isə insanın daxili aləmi ilə bağlıdır. Elə insanlar var ki, televiziyada cinayət hadisəsi izlədikdə və ya mətbuatdan nəsə qorxunc bir xəbər oxuduqda panikaya düşürlər. Onlara elə gəlir ki, bu hadisə onların da başına gələcək. Evdə oturduğu yerdə cinayətkarın gəlib onu tapacağını zənn edib panikaya düşən adamlar var. Bu halda insanda ürək döyüntüləri artır, nəfəs darlığı yaranır. İnsan hətta ölüm həddinə də çata bilər.
Ona görə də biz daim kütləvi informasiya vasitələrinə təklif edirik ki, qətl hadisələri, ağır cinayətlər barədə süjetləri ağır tonlarla tamaşaçılara çatdırmasınlar. Demirəm, bu xəbərlər efirə verilməsin, amma elə bir şəkildə verilsin ki, tamaşaçı ondan diksinməsin, qorxmasın, həyəcanlanmasın. Baxın, qətlə yetirilən Aytac Babayeva haqqında elə danışırlar, elə yazırlar ki, normal insan da bundan stresə düşə bilər. Cəmiyyəti məlumatlandırmaq lazımdır. Amma bu da peşəkarcasına aparılmalıdır. Məlumat verilirsə, uyarılar da olmalıdır. Bizdə isə yalnız xəbər ötürülür. Mümkün təhlükələrdən qorunmaq yolları göstərilmir, insanlara heç bir məsləhət verilmir. Bu, cəmiyyətə mənfi təsir edir. İnsanlar gərginlik içində qalırlar. Hesab edirəm ki, orta məktəblərdə psixoloqların işləməsinə xüsusi diqqət yetirilməlidir. Bir məktəbdə ən azı 3 psixoloq olmalıdır. Psixoloqların verilişlərə dəvət edilməsi müsbətdir. Hətta mən hansısa verilişdə psixoloq görməyəndə, təəssüflənirəm. Çünki o verilişlərə dəvət edilən müğənnilər insanlara psixoloji məsləhət verə bilməz.
Ürəyinizi "açın” - soyunmamaq şərtilə
Xatırlayırsınızsa, bir vaxtlar "Etiraf” verilişi "reytinq qırırdı”. Özünü psixoloq, parapsixoloq, ekstrasens, nə bilim, öncəgörən, "uzaqgörən” adlandıran İlham Mirzəyev dələduz çıxdı. Hazırda həbsdədir. Nə qədər müğənni "Etiraf”da göz yaşı tökmüşdü. O verilişdə göz yaşları selə dönənlər, görəsən, ürəklərinə "yol tapan” bu aparıcının dələduz olduğunu bildikdə nə fikirləşiblər? Sadəlövhcəsinə etiraflarda bulunduqlarına görə qınayıblarmı özlərini?
Sonradan qınaqlarla baş-başa qalmamaq üçün bəs nə etməli?
Psixoloqu düzgün seçməli. Bunu biz demirik. Psixoloq Jalə Həmidi deyir:
- Əgər ilk görüşdə psixoloq ürəyinizcə deyilsə, onun yanına getməkdən əl çəkin. Yanına məsləhət almağa getmək istədiyiniz psixoloq barədə ətraflı məlumat əldə edin. Harda təhsil alıb, iş təcrübəsi necədir? Haralarda çalışıb. Bunları dəqiq öyrənin. Doğrudur, bəzi psixoloqlar indiyədək adını eşitmədiyimiz institutların, universitetlərin tələbəsi, aspirantı olduğunu iddia edir. Öyrənin görün, həmin adda ali məktəblər, ümumiyyətlə varmı? Psixoloji konsultasiya çox ağır bir prosesdir. Psixoloq yanına gedən adam gərək ürəyini ona açsın.
(Yadıma, rəhmətlik Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam” tamaşası düşdü. Modern falçı - ekstrasens Zərənin yanına gələn "keybalaxanıma” "ürəyinizi açın” deməsi, onun da bunu hərfi mənada qəbul edib köynəyinin yaxasının açmağa başlaması...). Bu isə çox çətin bir işdir. Hər adam bunu bacarmır. Danışmadıqca da, problem həll olmur. Belədə psixoloq yanına getməyin bir mənası da qalmır. Məsəl var, deyirlər, sirrini dostuna demə, dostunun da dostu var. Nə bilirsiniz, açdığınız sirr sizinlə psixoloq arasında sirr kimi də qalacaq?! Psixoloqun üzərinə düşən vəzifə psixoloji yardım, məsləhət istəyən adama kömək etməkdir. Əsl psixoloq heç vaxt öz peşəsinə xəyanət etməz və iki nəfərin arasında keçən söhbət elə oradaca da qalar. Bundan əmin olmaq lazımdır ki, sizin orada danışdıqlarınız başqalarına çatdırılmayacaq. Psixoloqun pasiyentlə sevgi və dostluq münasibəti yaratmağa ixtiyarı yoxdur. Psixoloq ona kömək üçün müraciət etmiş adama yalnız peşəsinin izin verdiyi həddə qədər yaxınlaşmalıdır. Həqiqəti öyrənmək pasiyentə yardım etməkdə başlıca vasitədir.
Dələduzlara yaxalanmayın
Psixoloq Aysel Qasımlı "Facebook” səhifəsində psixoloqlara müraciət edənlərin sayının artdığını yazıb və bəzi məsləhətlər də verib:
- Birinci problem o idi ki, psixoloq və psixiatr anlayışını ayırd etməkdə insanlar çətinlik çəkirdilər. Onlarda hansısa əqli zəifliyin, patoloji problemin olduğunu düşünürdülər. Ancaq əslində bu belə deyil və cəmiyyətimiz bunu qəbul eləməyə başladı. Gənc psixoloq və ya ixtisaslı psixoloqlar tərəfindən bunun mənası açıqlanmağa başladı. Cəmiyyətdə psixoloq tanınmağa başladı. Hazırda psixoloqa müraciət edənlərin sayı artır. Əvvəlki dövrə nisbətən çoxalıb. Psixoloq insanlara sadəcə məsləhət vermir, onları sakitləşdirmir, onların daxilindəki məni də onlara tanıdır, içindəki güclə onları tanış eləyir. Onun qarşısına yol ayrıcları qoyur. İnsan artıq o vəziyyətə gəlir ki, həmin problemi özü həll etməyə başlayır.
Psixoloq bu yolda sadəcə olaraq, ona dəstək, kömək olur. Hər bir şeyi aydınlığı ilə ona göstərməyə çalışır.
Hazırda cəmiyyətimizin ən böyük problemi insanların biri-birinə yadlaşması, özgələşməsidir. İnsanın bir başqasının ruh halı ilə maraqlanmaması bir sıra problemlərə yol açır ki, bu isə öz növbəsində insanlarda müəyyən gərginliklər, narahatlıqlar yaradır. Psixoloqa daha çox 13-30 yaş aralığında olan insanlar müraciət edirlər. 13-17, 17-21, 21-30 yaş qruplarının problemləri bir çox hallarda bir-birlərinə yaxın olur. 50 yaşdan yuxarı insanların müraciət etməsi isə az hallarda baş verir. Əsas odur ki, insan dələduzlara yaxalanmasın. Bu dəqiqə o qədər psevdo-psixoloqlar var, hər yerindən qalxan özünü psixoloq kimi tanıdır. Qeyri-peşəkar psixoloqa rast gəlmisinizsə, probleminiz həll olunmaq əvəzinə, əksinə, daha da artacaq. Mütəxəssis olmayan "psixoloq” sizə yardım etmək əvəzinə, sizi özündən asılı vəziyyətə salacaq. Özünüzə inamınız itəcək. Ehtiyatlı olun, aldanmayın.
Məlahət Rzayeva