
Əks-təbliğatlar Avropa Oyunlarının işıqları fonunda yox olacaq
“Biz ayrı-ayrı regionlarda qanlı toqquşmaların getdiyi bir dönəmdə sülhü, əməkdaşlığı təşviq edəcək bir hadisəyə imza atırıq”

Sayılı günlərdən sonra Azərbaycan qitə miqyaslı "Bakı-Avropa Oyunları - 2015” yarışmasına ev sahibliyi edəcək . Artıq ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri demək olar ki, başa çatmaq üzrədir. Hər gün gözümüz qarşısında baş verən yeniliklər deməyə əsas verir ki, Azərbaycan Birinci Avropa Oyunlarına tam hazırdır.
Sözsüz ki, bu cür mötəbər tədbirin Odlar Yurdunun paytaxtı olan Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının bariz nümunəsidir. I Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirən millət vəkili Zahid Oruc deyib ki, "Bakı-2015” 1-ci Avropa Oyunları Azərbaycan və Avropa qitəsinin həyatında kifayət qədər əlamətdar bir hadisə olacaq. Yeni müstəqillik qazanmış ölkələrin heç birində belə miqyaslı idman tədbirləri keçirilməyib. Siyasi emosiyaların kifayət qədər yüksəldiyi, ayrı-ayrı regionlarda qanlı toqquşmaların getdiyi bir dönəmdə sülhü, əməkdaşlığı təşviq edəcək ki, buna doğrudan da ehtiyac var.
- Siyasi baxımdan Azərbaycanın qazancı nə olacaq?
- Yeni müstəqilliyini əldə etmiş bir müsəlman ölkəsinin dünyanın ən mühüm qitəsi olan Avropa üçün tədbirlərə meydan olması sıradan bir hadisə kimi sayıla bilməz. Əhalisinin və ərazisinin sayına görə, o qədər də geniş sahəni əhatə etməyən Azərbaycanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi iddialı bir hadisədir. Bu, Azərbaycanın dövlətlərarası münasibətlərinə, idman əlaqələrinə, idman üzərindən siyasi xəttinə də töhfə verəcək. Ona görə də, müqavimətlər, əks-təbliğat kampaniyaları təbiidir. Amma bütün bunlar Avropa Oyunlarının işıqları fonunda özlüyündən yox olacaq.
Hər bir ölkənin özünəməxsus fundamet və mexanizmləri var. Azərbaycan hər nə qədər neft resursları ilə zəngin, aqrar ölkə olsa, idman da bu dövlətin əsas fundamentlərindən biridir.
Beynəlxalq informasiya məkanına çıxmaq üçün 1-ci Avropa Oyunlarının özünəməxsus rolu var. Hazırda dünyada informasiyanın qiymətinin çox baha olduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycanı hələ də müharibə şəraitində olan kiçik və dünya mədəniyyəti sivilizasiyasından kənarda qalan bir ölkə kimi qələmə verirlər: "Dünya məkanına çıxan ölkələrin hansı xəbərlər üzrə yükləndiyini də görmək çətin deyil. Ərəb dünyasında kəsilən başları, tüğyan edən terrorizmi, müharibələri, toqquşmaları və xüsusilə də bunun islamla bağlılığının olması ilə bağlı səslənən fikirləri görürük.
Bu gün müharibə meydanına çevrilmiş Ukraynada, Cənubi Qafqaz ölkələrində, həmçinin Orta Asiya dövlətlərində də bu miqyasda tədbirlərin həyata keçirildiyi müşahidə olunmayıb: "Yalnız Rusiyanı çıxmaq şərtilə. Rusiyada sovet dönəmində də olimpiya oyunları keçirilib. Belə olan təqdirdə biz nəzərə almalıyıq ki, Azərbaycan özünün bir dövlət kimi varlığını göstərir, həm də beynəlxalq informasiya məkanına çıxmaq imkanı qazanır”.
- 1-ci Avropa Oyunları ilə bağlı narazılıqlar nə dərəcədə əsaslıdır?
- Hesab edirəm ki, şəhərin infrastrukturuna, nəqliyyat və təbliğatla bağlı baş verənlər fonunda tərəddüd içərisində olan, idman yarışlarına Azərbaycana lazım olub-olmadığı ilə bağlı suallar qarşısında qalan insanlar da cəmi bir aydan sonra görəcəklər ki, görülən işlərin hamısı Azərbaycan üçündür. Ölkəmizdə səfərdə olan avropalılar gedəndə özləri ilə heç nə aparmayacaqlar. Strateji düşünən hər kəs Avropa Oyunlarının Azərbaycanın siyasi, mədəni həyatı və Dağlıq Qarabağ savaşı üçün çox əhəmiyyətli bir tədbir olduğunun şahidi olacaqlar. Zatən, hər kəsə bəllidir ki, müharibə təkcə səngərdə getmir. Mədəniyyət də, informasiya da, diplomatiya da müharibənin silahıdır. Azərbaycan Avropa Oyunları vasitəsilə dünyaya bir sıra mesajlar da vermiş olur. Bir neçə gün öncə Avropa Oyunlarının məşəli yandırılarkən orada "Qarabağ bülbülləri”nin ifa etdiyi məşhur səsi hər kəs eşitdi. Və bu, "Evronyus” kanalı ilə bütün dünyaya yayımlandı. Nəzərə alın ki, iyunun 12-dən 27-dək dövlətin buna bənzər siyasi xətti hər zaman öndə olacaq. Bu, dünyaya, insanlara təsir üçün çox mühüm bir mexanizmdir. Hesab edirəm ki, bizə yönəlik ayrı-ayrı basqıların, kampaniyaların fonunda bu idman tədbirinə qiymət vermək olmaz. Ya ərəb dünyasında olduğu kimi müharibə edib dünyanın diqqətini cəlb edəsən, ya da Azərbaycan kimi özünü sülh məkanı kimi ortaya qoyasan. Ərəb ölkələri və ya digər dövlətlər savaşmasınlar və barış üçün çalışsınlar. Nefti idman tədbirləri üzərindən fakel kimi yandırsınlar. Daha müharibə ocağı kimi yandırmasınlar.
- I Avropa Oyunlarının Bakıda keçirilməsindən hansısa qüvvələr narazı qalıb və bəzi xarici qüvvələr ölkəmizə açıq kampaniya aparırlar. Buna münasibətiniz necədir?
- Dünya səviyyəli idman yarışlarının heç biri keçirildiyi ölkəyə, onların siyasi hakimiyyətinə, daxili vəziyyətinə təbriklər yağdırmaqla özünü göstərməyib. London Olimpiadasından öncə 6 mindən artıq əks-təbliğat, "qara- piar”, gözdən salıcı materiallar yayımlanmışdı. Faktiki olaraq, MDB məkanında bu cür beynəlxalq səviyyəli tədbirin məsuliyyətini üzərinə götürəcək ikinci bir ölkə yoxdur. Bu gün məkanına görə kifayət qədər böyük olan Ukraynada vəziyyət qarışıb, ölkədə odlu-alovlu müharibə gedir. Hər nə qədər o da Avropanın "oyunu” olsa da, indiki halda Ukrayna idman yarışlarının məsuliyyətini daşıyacaq vəziyyətdə deyil. 1-ci Avropa Oyunları zamanı Azərbaycanın nüfuzu qalxacaq və Azərbaycan gələcəkdə bu nüfuzdan regional maraqları üçün istifadə edəcəkdir kimi yanaşmalarda olan qüvvələr var. Onlar çox yaxşı bilir ki, hərtərəfli Azərbaycan bu prosesdən qalib çıxacaq və qazanacaq. Buna kim razı olar ki? Hamısı da avtomatik olaraq ölkəmizi "Vur!” əmri verirlər və kartotekalarda etnik-milli hüquqlar, siyasi azadlıqların təminatı, korrupsiya problemi kimi hazır silahlar saxlanılır. Bunu istənilən ölkənin üzərinə çirkli su kimi axıtmaq mümkündür. Avropa Oyunlarına qarşı aparılan kampaniya Azərbaycandan haqq tələb eləməkdir, vəsaitlər istəməkdir, belə demək mümkünsə, siyasi korrupsiya nümunələridir. Amma bütün bunlardan narahat olmağa dəyməz. İstənilən halda, Azərbaycan 1-ci Avropa Oyunlarından da, Avropanın "oyunları”ndan da qalib çıxacaq. Bu mənada, əks təbliğatlar olmasaydı, bu, bizim üçün təəccüblü görünərdi. Çünki Azərbaycanı bölgədə yeritdiyi siyasətə görə cəzalandırmaq istəyən qüvvələr var. Azərbaycanın gah
Rusiyanın, gah da İranın tərəfdaşı ola biləcəyi ehtimalını nəzərə alıb, üzərimizə gələn qüvvələrin özləri Azərbaycanı vassala çevirmək istəyirlər. Amma Azərbaycan nə Amerikanın, nə qərbin, nə də Rusiyanın forpostudur. Bizi seçim etməyə çağırırlar, amma bilməlidirlər ki, heç bir təsir və təzyiq Azərbaycanı öz müstəqil siyasətindən döndərə bilməz. Həmin qüvvələr çox gözəl bilir ki, bu inkişaf göstəriciləri sadəcə statistikadan ibarət deyil. Bu, birmənalı şəkildə Dağlıq Qarabağ prosesinə təsir göstərəcək. Qarabağ əllərindən çıxanda isə bölgəni idarə etmək mümkün olmayacaq.
- Azərbaycan üçün I Avropa Oyunlarının iqtisadi səmərəsi ilə bağlı nə düşünürsünüz?
- Azərbaycan çox böyük investisiyalara ünvan olacaq. Biletlər cəmi 30 milyon dollar vəsait gətirir, o, bizim çəkdiyimiz xərclərin onda biri deyil kimi yanaşmaları da bir kənara qoyub düşünmək lazımdır ki, bu infrastruktur mühüm beynəlxalq tədbirlər üçün ünvan olaraq qalacaq.
Oyunlara çəkilən xərclərin 78 faizi infrastruktura yönəldilib. Bu da o deməkdir ki, stadion, qapalı salonlar növbəti illərdə də xalqa xidmət edəcək, beynəlxalq yarışlara ünvan olacaq. Gələcəkdə Avropa Oyunları, beynəlxalq çempionatları burda keçirmək mümkün olacaq.
Bu oyunlar Azərbaycanın turizm potensialının artmasına da təsir edəcək. Hər bir ölkə özünü turist cəlb etmək üçün təqdim etməyə çalışır. Azərbaycan coğrafiyası da buna böyük imkanlar verir. Sadəcə, Qarabağ amili uzun illər bu xəttə zərbə vurub. Turizm sektoru kimi struktur yalnız Azərbaycan dövlətinin fəaliyyəti hesabına formalaşmaqdadır. Bu da qiymətlərin xeyli yuxarı olmasına səbəb olur. Azərbaycan vətəndaşları da məhz bu səbəbdən bölgə ölkələrinə, əksər hallarda isə Türkiyə və Avropa ölkələrinə getməkdədir. Bizi hər zaman düşündürür ki, niyə ruslar tanıdıqları bu məkanı deyil, başqa ünvanlara - Türkiyəyə, Misirə və digər ölkələrə kütləvi axın etməkdədirlər? Bunun səbəbləri çoxdur. Ən önəmlisindən biri də qeyri-sabitlik amili idi. İndi isə bu tədbir potensial investorların cəlbi üçün də, eyni zamanda bundan sonrakı dönəmdə turist axınlarına da səbəb olacaq. Hər bir idmançı, onun real çevrəsi Azərbaycanı böyük tədbir vasitəsilə görəcək. Və bu da gələcəkdə turizm potensialının artmasına, ölkəyə turist axınının çoxalmasına öz təsirini göstərəcək.
- Zahid bəy, konkret olaraq, hansı idman növü ilə maraqlanır və hansı oyunları həvəslə gözləyirsiniz?
- Əvvəllər futbola azarkeşlik etmişəm. Həmçinin güləş, voleybol və s. oyunları da izləmək həvəsində olmuşam. Boks yarışları da hər zaman maraq dairəmdə olub. Xüsusi bir idman kompleksim yoxdur deyə, heç bir oyunu digərindən üstün tutmuram. Təbii ki, 1-ci Avropa Oyunlarının açılış tədbirində məmnuniyyətlə iştirak edəcəm. Sonrakı yarışları isə ümumi iş qrafikimlə uyğunlaşdırıb, canlı olaraq izləməyə çalışacam.
Şəymən