Əksər partiyalar iqtidar- müxalifət dialoquna qatılacaq

Sərdar Cəlaloğlu: “Bizimlə yanaşı, hökumətin də təklif etdiyi məsələlər müzakirə edilməlidir”



İqtidarla müxalifət arasında növbəti görüşün tarixi məlum olub. Görüş Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə mayın 15-də baş tutacaq. Görüşlə bağlı danışan əksər siyasi partiya rəhbərləri dialoqda iştirak etmək üçün dəvət aldıqlarını və təklifi qəbul etdiklərini deyiblər. Xatırladaq ki, iqtidarla müxalifətin sonuncu görüşü fevralın 12-də keçirilib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu növbəti müxalifət-iqtidar dialoqunda iştirak edəcəyini bildirib: "Əgər Prezident Administrasiyası müxalifətə Avropa Oyunlarının müzakirəsini təklif edirsə, bu məsələni müzakirə etmək olar. Burada ancaq bizim dediyimiz olmamalıdır. Müxalifət iqtidara diktə etməməlidir. Bu cür mexanizmlə hərəkət etmək yanlışdır. Bizimlə yanaşı, hökumətin də təklif etdiyi məsələlər müzakirə edilməlidir. Yalnız bu halda görüş ənənəsi müvəffəqiyyət qazana bilər”.

AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu da deyib ki, təmsil olunduğu partiya dialoq mühitinin yaradılmasına, qarşılıqlı münasibətlərin inkişafına maraqlı olduğu üçün görüş səylərini müsbət qarşılayır: "AMİP-ə dəvət gəlib. Amma burda çatışmayan bir şey var. Çatışmazlıq dəvətlərin telefon zəngləri ilə edilməsidir. Heç bir partiyaya rəsmi çağırış, dəvətnamə göndərilməyib. Görüşün formatı da dəyişməyib, əvvəlki dialoqlarla eynidir. Lakin müzakirəyə çıxarılacaq məsələlərin konkret nədən ibarət olacağı qeyri-müəyyəndir”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev rəhbərlik etdiyi təşkilat adından görüşdə iştirak edəcəyini bildirib: "Azadlıq” blokunun sonuncu iclasında görüş təklifi dəyərləndirildi və qərara alındı ki, dialoqda iştirakla bağlı partiyalara sərbəstlik verilsin. Blokda təmsil olunan 8 partiyanın hər biri müstəqil şəkildə qərarını verəcək. Artıq VİP öz qərarını verib, mən mayın 15-də rəhbərlik etdiyim partiya adından görüşə qatılacam”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov da dəvət aldığını və dialoqda iştirak edəcəyini deyib.

Ancaq Müsavat və AXCP hələlik görüşə qatılmaqla bağlı yekun qərarlarını verməyiblər. Müsavatın Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı açıqlamasında deyib ki, partiyanın qərarı sabah (bu gün) keçiriləcək mətbuat konfransında bəlli olacaq.

İqtidar-müxalifət görüşü ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycanda müxtəlif siyasi qüvvələrin vaxtaşırı toplanması və ümummilli məsələləri müzakirə etməsi müsbət siyasi ənənə halını alıb: "Bütün ciddi siyasi qüvvələr buna maraq göstərir. Hansısa partiyaların orada iştirak etməməsi artıq həmin qurumların öz problemidir. AXCP və Müsavatın apardığı radikallıq və özünütəcrid siyasəti ilk növbədə, onların özlərinə böyük zərbədir. Onlar nəinki yeni dost qazanmadılar, əksinə, tərəfdarlarını da itirdilər və siyasi qrupa çevrildilər. Bu şəxslərin hansısa məsələyə münasibətləri cəmiyyətdə heç bir maraq doğurmur”.

İsmayıl