Ekspert təkzib etdi: "150 min müəllimin hamısının orta aylıq əməkhaqqı 465 manat deyil"




"Hər il müəllimlərin fəaliyyətinə Təhsil Nazirliyinin yerli şöbələrinin təqdimatı əsasında dövlət tərəfindən qiymət verilir”.

Bunu "Sherg.az”a Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, bu, müəllimlik peşəsinə meylin artırılması istiqamətində motivasiyadır:

"İşə qəbul olma məsələləri də innovativ vasitələrlə həyata keçirildiyindən inam daha çox artır. 150 min müəllimin diaqnostik qiymətləndirmədə iştirak etməsi Azərbaycan Təhsil Nazirliyində görünməmiş haldır. Gənclər inanır ki, obyektiv şəkildə imtahan aparılır, müəllimlər nail olduqları göstəriciləri əldə edirlər.

Yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçən abituriyentlər də var. ADPU-da tarix fakültəsinin ödənişsiz olması, SABAH qruplarının təşkili də motivasiyadır.

Bütün bu tədbirlərin nəticəsində müəllimlik peşəsinə qayıdışın, rəğbətin yaranmasına gətirib, çıxarır. Son illərdə çoxlu sayda oğlan uşaqları var, müəllimlik ixtisasına yiyələnmək niyyətindədirlər. Artıq müəllimliyi seçən gənc oğlanların sayı da artıb”.

Müəllimlərin maaş məsələsinə gəlincə, M.Mürşüdlü maaşın təcrübə və imtahan göstəricilərinə görə, müəyyən olunduğunu bildirib:

"Diaqnostik qiymətləndirmədən keçən 150 min müəllimin hamısının orta aylıq əməkhaqqı 465 manat deyil. Çünki əməkhaqqının artırılması müəllimin iş stajından asılıdır. Məsələn, 1 il çalışan müəllimlə, 18 il bu peşədə olan müəllimin maaşı eyni deyil. Orta statistikada isə bu rəqəm reallığa uyğundur. Bizdə elə müəllimlər var ki, yüksək stajlı fəaliyyəti ilə seçilir və normal maaş alır. Bu, bütün müəllimlərə şamil edilmir. Tam təminatlı müəllimlərimiz də var, nisbətən az maaş alanlar da”.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, indiyədək 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil edib.

Aysel Aslan