Ekstremal vəziyyətlərdə jurnalistika...

Aparılan araşdırmalar göstərir ki, hələ bu sahədə ciddi problemlər mövcuddur



Kütləvi informasiya vasitələri müasir cəmiyyət həyatında kifayət qədər əhəmiyyətli rol oynamaqda, bəzən hadisələrin inkişaf istiqamətini yönləndirən əsas tərəflərdən biri kimi çıxış etməkdədir. İlk növbədə ona görə ki, insanların psixologiyasına, onların həyat tərzinin inkişafına bu gün media qədər təsir göstərən ikinci bir vasitə tapmaq çətindir. Bu mənada heç bir şübhə yoxdur ki, böhranlı, ekstremal vəziyyətlərdə jurnalistikanın kütləvi şüura təsiri daha böyük interferensiya gücünə malik olur.

Çünki belə vəziyyətlərdə insanlar daha çox informasiya əldə etməyə can atır, vaxt və imkan məhdudiyyəti olduğundan isə onların bu informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirməsi arxa plana keçir.

Deməli, ekstremal hallarda səhih məlumatların çatdırılması, obyektiv, qərəzsiz, ucuz sensasiyadan uzaq informasiyaların cəmiyyətə verilməsində jurnalistin məsuliyyəti, belə demək mümkünsə, birə beş artır. Bu mənada o da təsadüfi deyil ki, son illərdə ekstremal jurnalistikaya, onun öyrənilməsinə diqqət daim artan xətt üzrə inkişaf edib.

Jurnalistin ekstremal şəraitdə fəaliyyət göstərməsi, baş verənləri işıqlandırmasının özü də asan olmayıb, kifayət qədər çətin bir proses sayılır.

Çünki ekstremal halların işıqlandırılması jurnalistin sağlamlığından, həyatına bu hadisələr zamanı yarana biləcək təhlükədən tutmuş, onun dünya görüşü, savadı, qanunvericilik aktlarına bələd olması, təlimatlarla tanışlığı, redaksiya tərəfindən qarşıya qoyulmuş tapşırığın mahiyyətini nə dərəcədə anlamasına kimi geniş bir spektri əhatə edir.

Burada bir məqama da toxunmaq lazım gəlir ki, peşə fəaliyyəti zamanı həlak olan jurnalistlər ən çox ekstremal şəraitdə həyatı ilə vidalaşır. Ekstremal şəraitdə, məsələn, hər hansı təbii və ya texnogen xarakterli qəzanın yaratdığı fəsadların aradan qaldırılmasına dair material hazırlayarkən jurnalist elə də asan olmayan bir sıra problemləri özü üçün həll etməlidir.

Məsələn, professionalizm jurnalistdən tələb edir ki, toplanmış material obyektiv və tam şəkildə cəmiyyətə ötürülsün. Lakin jurnalist etikası həmin hadisənin olduğu kimi çatdırılmasına müəyyən məhdudiyyətlər qoyur. Professionalizm və etika arasında balans tapmaq isə jurnalistdən xüsusi məharət istəyir.

Ekoloji xarakterli ekstremal halların işıqlandırılması üçün də jurnalist yenə asan olmayan bir sıra vəzifələrin öhdəsindən gəlməyi bacarmalıdır. Məsələn, təbii fəlakətin baş verdiyi ölkə, region, bölgə, şəhər, rayon, kənd, onların coğrafiyası barədə konkret bilgilərə malik olmalıdır. Analoji fəlakətin əvvəl yaşanıb-yaşanmadığı, olubsa, vurduğu zərərlər, nəticələr barədə məlumat əldə edə bilməlidir.

Hadisə barədə məlumat verən jurnalistdən tələb olunan əsas cəhətlərdən biri isə onun, siyasi, dini və digər baxışlarından asılı olmayaraq, obyektivliyə riayət etməsidir. Yanlış, faktların təhrif olunduğu məlumatın cəmiyyətə verilməsi əlavə gərginliyə səbəb olmaqla yanaşı, sonda jurnalistə, onun çalışdığı redaksiyaya da inamın itməsinə gətirib çıxarır.

Təbii fəlakət, texnogen qəza və onların nəticələri, yaranan fəsadların aradan qaldırılması prosesi media üçün cəmiyyət, çatdırılması vacib olan informasiya, hadisə mənbəyidir. Vəziyyətin faciəviliyi, insanların düşdüyü durum, xilasedicilərin gərgin işi - bütün bunlar oxucu və tamaşaçıların, dinləyicilərin diqqətini mütləq özünə cəlb edir. Bu isə o deməkdir ki, jurnalist belə hadisələrin təqdimatında obyektivlik prinsipinə daha çox əməl etməyə çalışmalı, qərəzsiz olmalı, hadisələri olduğu kimi əks etdirməlidir.

Obyektivliklə yanaşı, jurnalist maksimal dərəcədə operativ işləməyi, daxil olan informasiyanı məharətlə emal etməli, jurnalist janrlarının bütün arsenalından istifadə etməyi bacarmalıdır. Bundan başqa, o, hadisə yerində yaradılmış məlumat mərkəzilə işləməyi bacarmaq iqtidarında olmalıdır. Çünki bu, jurnalistin hadisə barədə çatdırmaq istədiyi məlumatı daha dolğun edən, onu faktlarla zənginləşdirən əsas nüanslardan biridir.
Digər tərəfdən, jurnalistin ekstremal vəziyyətlə bağlı topladığı məlumatları ən azı iki mənbədən dəqiqləşdirməsi də olduqca mühümdür.
Ekstremal vəziyyəti işıqlandırarkən jurnalistdən tələb olunan mühüm cəhətlərdən biri də öz hisslərinə, emosiyalarına nəzarət bacarığıdır.
Kifayət qədər faktlar mövcuddur ki, ekstremal hadisənin, məsələn, təbii fəlakətin baş verdiyi yerə gələn jurnalist öz işini, kamerasını, diktofon və digər müvafiq ləvazimatlarını bir kənara ataraq insanların xilası işinə yardım etməyə başlayıb.
Deməli, bu kimi olayları işıqlandırarkən jurnalist həm də emosiyalarına nəzarət edə bilməli, soyuqqanlı olmalıdır. Məhz bu amil hadisənin cəmiyyətə, dünyaya daha yaxşı çatdırılması üçün əsas meyarlardan biri sayılır.
O da aydındır ki, ekstremal şəraitdə işləyən jurnalist fövqəladə hallar üzrə ekspertlərlə də daim sıx təmasda olmalıdır. Çünki hadisənin işıqlandırılması zamanı ekspert rəyinə yer ayrılması adi insanlar üçün məlum olmayan məqamların üzə çıxmasına imkan verir və bu, baş verənlər barədə daha dolğun təəssürat yaradır.

Bütün bunlar onu göstərir ki, ekstremal şəraitdə çalışmaq elə də asan olmayıb, jurnalistdən xüsusi məharət tələb edir. Bu tələblərin öhdəsindən gəlmək isə professionallıqdan, dünya görüşündən, jurnalist savadından, psixologiyasından və digər bu qəbildən olan amillərdən asılıdır. Həmçinin sirr deyil ki, demokratik ənənələrin sürətlə yayıldığı müasir dövrdə media işçilərinin sərbəst fəaliyyət göstərməsinə şərait yaradılmaqla yanaşı, həm də onlara bir çox məhdudiyyətlər qoyulur. Fövqəladə hallar meydanında, tez-tez qarşılaşdıqları ekstremal vəziyyətlərdə isə jurnalistlər hətta zorakılıqla və təzyiqlərlə üzləşir, psixoloji travma alır, bəzən həyatlarını belə, itirirlər. Media mənsubları doğru-dürüst, dolğun informasiya almaq və yaymaq naminə bəzən belə təhlükələrlə tez-tez rastlaşmalı olur.

Bir həqiqət də var ki, heç də bütün jurnalistlər ekstremal şəraitdə işləmək iqtidarında deyillər. Ekstremal vəziyyətlərdə işləmək istəyən jurnalistlər xüsusi hazırlıq keçməli, psixoloji cəhətdən möhkəm olmalı, ekstremal vəziyyətlərdə düzgün davranış qaydalarını bilməli, ekstremal vəziyyət hökm sürən bölgələrə ezam olunarkən zəruri avadanlıqlarla təchiz olunmalı və digər vacib prosedurlara əməl etməlidirlər. Aidiyyəti qurumlar isə onların təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atmalı, məlumat toplamaları üçün onlara şərait yaratmalı və kömək etməlidirlər.

Ölkəmizdə ekstremal halların baş verdiyi hadisələrin mediada işıqlandırılması ilə bağlı aparılan təhlillər göstərir ki, bu sahədə jurnalistikamızda hələ kifayət qədər ciddi problemlər mövcuddur. Çox da uzaq keçmişi əhatə etməyən konkret faktlar timsalında da bunu aydın görmək mümkündür.

Ötən həftə Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın zamanı hüquq-mühafizə orqanları ilə yanaşı, jurnalistlər də gərgin işləsələr də, medianın işi bir çoxları tərəfindən tənqid olundu. Baş verən faciənin işıqlandırılmasında medianın kifayət qədər yanlışlıqlara yol verdiyinə dair fikirlər səsləndirildi.

Səbəb də faciə ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılması ilə əlaqədar olub. Bu da baş verən faciə fonunda "jurnalistlər ekstremal şəraitdə nə etməli” sualını gündəmə gətirib.

Bəs, jurnalistlər gerçək hadisələr barədə ictimaiyyəti operativ qaydada necə məlumatlandırmalıdır? Media hadisə yerindən verdiyi informasiyalarla yanaşı, cəmiyyətdə yüksək həddə çatan təşvişin, gərginliyin qarşısını almaq üçün hər hansı maarifçilik işini görə bilərmi?

Media ekspertləri və jurnalistlər Azərbaycan reportyorlarının ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu deyirlər. Bəzi ekspertlər hesab edirlər ki, ekstremal şərait üçün jurnalistlər xüsusi olaraq yetişdirilməli və təlimlərdən keçməlidirlər. Amma bunun əksini söyləyənlər də var. Onların fikrincə, jurnalist iğtişaşlı meydanlarda iştirak edə-edə vəziyyətdən çıxmağın yolunu öyrənməlidir.

"Üç-nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı isə hesab edir ki, Azərbaycanda ekstremal jurnalistika hələ tam formalaşmayıb: "Əslində bu da mənim üçün üzücü bir haldır. Mənim nəzərimdə ekstremal şəraitdə jurnalistika daha gözəl və maraqlıdır”. E.Muradlı Azərbaycanda ekstremal jurnalistika sahəsində mitinqlərlə bağlı müəyyən təcrübə olduğunu desə də, onun fikrincə, hansısa fövqəladə hadisə zamanı bir az qarışıqlıq yaranır. İşin yaxşı tərəfi isə odur ki, bütün hallarda jurnalistlər bir-birlərini informasiya ilə təmin edirlər: "Məlumat bir mənbədən yayıldığı üçün yanlışlıq olmur. Amma bir məsələ də var ki, informasiya savaşında belə şeylər qəbul olunmur. Hər kəs özünə işləyir, mən də bunun tərəfdarıyam. Sadəcə peşəkar jurnalistlər az olduğu üçün belə hallarda cəmiyyət çaşqınlıq içində qalır. Bizdə bəzi jurnalistlər informasiyanı şişirtməyə meyiliddir. Sonuncu yanğın olayında da gördük ki, rəsmi xəbərdə 14 nəfərin öldüyü deyilsə də, səhəri gün bəzi media orqanları 17 nəfərin öldüyünü yazdılar. Amma sonradan məlum oldu ki, daha bir nəfər həlak olub və ölənlərin sayı 15 nəfərə çatıb. Yəni deməyim odur ki, kimsə kimdənsə daha irəli düşüb informasiyanı çox oxutmaq naminə belə şişirtmələrə getməməlidir. Bu heç də yaxşı hal deyil və peşəkar jurnalistikanın prinsiplərinə ziddir.

Reytinq naminə insanları təşvişə salmaq olmaz. Ekstremal jurnalistikanın da öz prinsipləri var. Dağın başında da olsa, informasiyanı dəqiqləşdirmək hər bir jurnalistin borcudur”.

E.Muradlının sözlərinə görə, Azərbaycanda ekstremal jurnalistika ənənəsinin formalaşdırılması üçün xüsusi kurslar və təlimlərin keçirilməsinə böyük ehtiyac var: "Mənasız media layihələrindənsə bu sahəyə diqqət göstərmək lazımdır. İldə bir neçə dəfə jurnalistləri yığıb rayonlara aparırlar. Bir-iki seminar, sonra da yeyib-içmək. Adı da o olur ki, filan təşkilat möhtəşəm bir layihə həyata keçirib. Ortada isə həmin layihənin nə bir nəticəsi olur, nə də jurnalistlər üçün faydalı bir şey əhəmiyyət kəsb edir. Sadəcə olaraq, gecə-gündüz iş başında olan jurnalist, heç olmasa, bir neçə gün istirahət edə bilir. O cür layihələrin tək əhəmiyyəti bundan ibarətdir, başqa bir faydası yoxdur. Hesab edirəm ki, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin əməkdaşları necə təlimlər keçirsə, jurnalistlər üçün də o cür təlimlər keçirilməlidir. Real ekstremal şərait yaradıb, canlı göstərmək lazımdır. Bunu elə ali məktəblərdə də eləmək olar”.

Şəymən

(davamı olacaq...)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb