Əflatun Amaşov: “Belə hallarda jurnalist məlumatları şişirtməkdən çəkinməli, vətəndaş mövqeyindən çıxış etməlidir”Bəxtiyar Məmmədli: “Jurnalist təşkilatları mütəmadi olaraq ekstremal jurnalistika ilə bağlı treninqlər təşkil etməlidir”
Vüqar Zifəroğlu: "Tədris zamanı biz öz tələbələrimizə bu barədə mühazirələr oxuyur, lazımınca məlumatlar veririk. Bununla belə bir şeyi də nəzərə almalıyıq ki, jurnalistikaya gələnlərin əksəriyyəti ali təhsilli jurnalist deyillər”
Arif Əliyev: "Belə vəziyyətlərdə daha çox təcrübəli jurnalistlərin yönləndirilməsi lazımdır”
(... Əvvəli ötən sayımızda)
Kütləvi informasiya vasitələri müasir cəmiyyət həyatında kifayət qədər əhəmiyyətli rol oynamaqda, bəzən hadisələrin inkişaf istiqamətini yönləndirən əsas tərəflərdən biri kimi çıxış etməkdədir. İlk növbədə ona görə ki, insanların psixologiyasına, onların həyat tərzinin inkişafına bu gün media qədər təsir göstərən ikinci bir vasitə tapmaq çətindir.
Bu mənada heç bir şübhə yoxdur ki, böhranlı, ekstremal vəziyyətlərdə jurnalistikanın kütləvi şüura təsiri daha böyük interferensiya gücünə malik olur. Çünki belə vəziyyətlərdə insanlar daha çox informasiya əldə etməyə can atır, vaxt və imkan məhdudiyyəti olduğundan isə onların bu informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirməsi arxa plana keçir.
Deməli, ekstremal hallarda səhih məlumatların çatdırılması, obyektiv, qərəzsiz, ucuz sensasiyadan uzaq informasiyaların cəmiyyətə verilməsində jürnalistin məsuliyyəti, belə demək mümkünsə, birə beş artır. Bu mənada o da təsadüfi deyil ki, son illərdə ekstremal jurnalistikaya, onun öyrənilməsinə diqqət daim artan xətt üzrə inkişaf edib.
Ötən həftə Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın zamanı hüquq-mühafizə orqanları ilə yanaşı, jurnalistlər də gərgin işləsələr də, medianın işi bir çoxları tərəfindən tənqid olundu. Baş verən faciənin işıqlandırılmasında medianın kifayət qədər yanlışlıqlara yol verdiyinə dair fikirlər səsləndirildi.
Səbəb də faciə ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılması ilə əlaqədar olub. Bu da baş verən faciə fonunda "jurnalistlər ekstremal şəraitdə nə etməli” sualını gündəmə gətirib.
Bəs, jurnalistlər gerçək hadisələr barədə ictimaiyyəti operativ qaydada necə məlumatlandırmalıdır? Media hadisə yerindən verdiyi informasiyalarla yanaşı, cəmiyyətdə yüksək həddə çatan təşvişin, gərginliyin qarşısını almaq üçün hər hansı maarifçilik işini görə bilərmi?
Media ekspertləri və jurnalistlər Azərbaycan reportyorlarının ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu deyirlər. Bəzi ekspertlər hesab edirlər ki, ekstremal şərait üçün jurnalistlər xüsusi olaraq yetişdirilməli və təlimlərdən keçməlidirlər. Amma bunun əksini söyləyənlər də var. Onların fikrincə, jurnalist iğtişaşlı meydanlarda iştirak edə-edə vəziyyətdən çıxmağın yolunu öyrənməlidir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da hesab edir ki, ekstremal şəraitdə çalışan jurnalist hər şeydən əvvəl operativ və obyektivliyi əsas prinsip seçməlidir. Amma onun fikrincə, hadisə yerindən insanları vahimələndirən informasiyalar yaymaq münasib sayılmır: "Təbii fəlakət zonasından məlumat toplayan jurnalist daha çox özünü fəlakətdən əzab çəkmiş yerində təsəvvür etməli və özünü vəziyyətdən çıxış yolu axtaran kimi aparmalıdır. Belə hallarda jurnalist elə bir metod seçməlidir ki, insanları vahiməyə salmadan ölkə ictimaiyyətini obyektiv şəkildə məlumatlandıra bilsin. Jurnalist bu tip məsələlərdə məlumatları şişirtməkdən çəkinməli, vətəndaş mövqeyindən çıxış etməlidir”.
Şura sədri bildirib ki, ekstremal şəraitdə jurnalist cavabdeh qurumlarla əlaqəli şəkildə işləməlidir. Hətta belə şəraitdə jurnalistlərin hadisə yerində çox olmasına lüzum da yoxdur. Onun sözlərinə görə, hansı şəraitdə işləməsindən asılı olmayaraq, milli jurnalistika vətəndaş mövqeyindən çıxış etməlidir: "Belə məqamlarda jurnalistin məqsədi təkcə informasiya toplayıb onu yaymaq yox, həm də insanları qorxuya sala biləcək xəbərlərdən qaçmaq olmalıdır”.
Azərbaycanda mətbuatın azad, sərbəst və maneəsiz fəaliyyət göstərməsi üçün bütün hüquqi imkanların yarandığını deyən Əflatun Amaşov ictimai mühitin də buna imkan verdiyi qənaətindədir. Onun fikrincə, istər "Kütləvi informasiya vasitələri haqqında”, istərsə də "İnformasiya əldə etmək haqqında” qanunlar mətbuat azadlığı və jurnalistlərin təhlükəsiz şəraitdə işləməsi üçün bütün hüquqi imkanları özündə birləşdirir: "Yetər ki, jurnalistlərin hamısı öz fəaliyyətlərində peşə davranış qaydalarına lazımınca əməl etsin. Təbii ki, məmurlar və digər informasiya sahibləri də jurnalistlərin, o cümlədən ekstremal şəraitdə informasiya hazırlayan media mənsublarının sorğularının cavablandırılmasına həssas yanaşmalıdır”.
Əvvəllər o treninqlərdə iştirak edən jurnalistlərin isə bir çoxu ya jurnalistikadan gedib, ya redaktor işləyir
Jurnalist Bəxtiyar Məmmədli isə deyib ki, Azərbaycanda ekstremal jurnalistika sahəsi ilə bağlı bir vaxtlar çox yaxşı treninqlər, seminarlar olub. Amma bununla bağlı son illərdə demək olar ki, heç bir iş görülməyib: "Əvvəllər o treninqlərdə iştirak edən jurnalistlərin indi bir çoxu ya jurnalistikadan gedib, ya redaktor işləyir. Gənc müxbirlər də belə kurslara, treninqlərə cəlb edilmir, çünki jurnalist təşkilatları hesab olunan QHT-lərin özlərinin fəaliyyəti belə göz önündə yoxdur. Qeyd edim ki, son olaraq, ekstremal vəziyyətlər-müharibədə, münaqişə zonasında, kütləvi aksiyalar, təbii fəlakətlər zamanı və digər fövqəladə vəziyyətlərlə bağlı Jurnalist Həmkarları İttifaqının təşkil etdiyi treninqlərdə olmuşam. Və demək olar ki, universitet dövründə öyrəndiklərimi yenidən təzələmişəm. Lakin bu heç də o demək deyil ki, bütün jurnalistlər ekstremal şəraitdə çalışmaq imkanına malikdir. Xüsusilə, son hadisələr, həm ötən ilin avqustunda cəbhə xəttinin Tərtər istiqamətində gedən döyüşlər zamanı və son olaraq Binəqədi rayonunda binada baş verənlərlə bağlı jurnalistlərin işi, yumşaq şəkildə desək, çox aşağı idi. Elə bil jurnalistlər qəsdən xaos, ajiotaj yaratmaq üçün yarışa girmişdilər. Bu sahənin ekspertləri əminəm ki, bu fikirlərimlə razılaşarlar. Halbuki, Azərbaycan müharibə şəraitində, Bakı daxil olmaqla bir çox ərazilər zəlzələyə həssas zonalara daxildir və digər təbii fəlakətlər istisna da deyil. Belə olan jurnalist təşkilatları mütəmadi olaraq ekstremal jurnalistika ilə bağlı treninqlər təşkil etməlidir. Hərdən şahidi olursan ki, bir sıra təşkilatlar uzun müddətdir fəaliyyət göstərir, amma hələ də hansısa ölkəyə təcrübə mübadiləsinə gedir. Eləcə də redaksiyalar bu sahə ilə bağlı öz reportyorlarını yetişdirməyə maraqlı olmalıdır ki, hər hansı hadisə zamanı onlar düzgün informasiyanı çatdıra bilsinlər. Hesab edirəm ki, hansısa operativlik naminə jurnalist peşəkarlığını, dəyərlərini qurban vermək olmaz”.
Biz öz tələbələrimizə bu barədə mühazirələr oxuyuruq
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Beynəlxalq Jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycanda ekstremal jurnalistika sahəsində vəziyyət bir o qədər də arzuolunan səviyyədə deyil: "Bu, ilk növbədə onunla əlaqədardır ki, jurnalistlərimiz bu sahədə məlumatlı deyillər. Düzdür, tədris zamanı biz öz tələbələrimizə bu barədə mühazirələr oxuyur, lazımınca məlumatlar veririk, amma təbii ki, bu kifayət etmir. Bununla belə bir şeyi də nəzərə almalıyıq ki, jurnalistikaya gələnlərin əksəriyyəti ali təhsilli jurnalist deyillər. Belə olan halda isə vəziyyətin nə dərəcədə mürəkkəb olması göz önündə canlana bilər. Halbuki təcavüzə məruz qalan bir ölkə olaraq jurnalistlərimiz üçün bu cür təlimlər keçirilməli və bu, son dərəcə əhəmiyyətlidir. Ekstremal şəraitdə jurnalistin iş rejimi, informasiyadan istifadə prosesi, təhlükəsizlik qaydalarını bilməsi önəmlidir”.
Azərbaycanda baş verən hansısa fövqəladə hadisə və ya aksiyalar zamanı jurnalistlərimizin şəraitə uyğun öz vəzifələrinin öhdəsindən nə dərəcədə gəldiklərinə toxunan V.Zifəroğlunun sözlərinə görə, jurnalistlərimiz müəyyən qədər öz missiyalarını yerinə yetirirlər, amma, təbii ki, bu, nisbi anlam daşıyır: "Keçən ilin avqust ayında cəbhə xəttində baş verən hadisələr bir daha sübut etdi ki, jurnalistlərimiz ekstremal durumlara bir o qədər də hazır deyillər. Bu həm peşəkar, həm də psixoloji aspektlərlə əlaqədardır”.
Bizim imkanlarımız o qədər geniş deyil ki, xüsusi istiqamətlərdə ixtisaslaşmış jurnalist dəstəsi hazırlayaq
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, ekstremal şəraitdə işləmək üçün jurnalistlərin xüsusi iş prinsipləri var və bununla bağlı treninqlər keçirilir: "Təbii ki, belə vəziyyətlərdə daha çox təcrübəli jurnalistlərin yönləndirilməsi lazımdır. Amma məsələ
orasındadır ki, təcrübəsi olmayan jurnalistlər də nə vaxtsa təcrübə toplamalıdır. Bizim imkanlarımız o qədər geniş deyil ki, xüsusi istiqamətlərdə ixtisaslaşmış jurnalist dəstəsi hazırlayaq. Bir şey də var ki, bu cür tədbirləri işıqlandıran jurnalist, ən ciddi müdafiə tədbirlərinə baxmayaraq, həyatını risk altına qoyur. Ona görə də ən yaxşı üsul-redaksiyanın harasa göndərdiyi əməkdaşını sığortalamasıdır. İkinci yol da ondan ibarətdir ki, redaksiya jurnalistlərlə bağlı bütün problemləri üzərinə götürsün. Yəni onun müalicəsinə və ailəsinə maddi yardım göstərsin. Amma hamı yaxşı bilir ki, redaksiyalarımızın belə imkanları yoxdur. Ona görə də ən azı çalışmaq lazımdır ki, jurnalistlərin həyatı sığortalansın. Bunun xərci elə də böyük deyil”. A.Əliyev vurğulayır ki, jurnalistlərin ekstremal şəraitdə işləməyə hazırlanması üçün xüsusi proqramlar, kurslar olmalıdır: "Bir müddət öncə biz "Yeni Nəsil” olaraq bu cür kursları BDU-ya və digər ali təhsil ocaqlarına təklif etmişdik. Onların içində olduqca maraqlı treninqlər, proqramlar var idi. Təəssüf ki, o zaman anlaşma olmadı. Düşünürəm ki, jurnalistlərin xüsusi reabilitasiyası prosesi də hazırlanmalı, Avropa təcrübəsindən istifadə edərək prosedur bizə də tətbiq edilməlidir”.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb