Əla fürsət...

Azərbaycan bu imkandan istifadə edib öz siyasi nüfuzunu bir daha artıracaq




Avropa Oyunları ilə bağlı gənclərimizin düşüncələri maraqlı olduğundan bu dəfə də "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərini öyrəndik.
F.Şahbazlının fikrincə, Bakıda keçiriləcək I Avropa Oyunlarının keçirilməsi Azərbaycanın artan siyasi nüfuzunun göstəricisidir: "Hesab edirəm ki, bu oyunlar dünyanın idman tarixinə idman bayramı kimi düşəcək.

O bayram ki, xalqları, ölkələri idman dəyərləri ətrafında bir araya gətirəcək. Ümumiyyətlə, idmanın və Olimpiya hərəkatının dəstəklənməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu mənada Avropanın idman və mədəniyyət dünyası üçün tarixi bir hadisə olaraq qəbul edilən I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq və Avropa Olimpiya hərəkatına sadiqliyinə, idman və mədəniyyət sahəsində reallaşdırdığı fəaliyyətə və əldə edilmiş uğurlara verilən yüksək dəyərdir. Avropa Oyunları Azərbaycanın öz ənənələrini, mədəniyyətini və tarixi köklərini daha çox tanıtması üçün mühüm bir fürsətdir”.

F.Şahbazlı əmindir ki, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm idman tədbirinə hazırlıq işləri ən yüksək səviyyədə davam etdirilir və həyata keçiriləcək: "Azərbaycanın hər ötən gün dünyada nüfuzunun yüksəlməsi və cərəyan edən proseslərə təsir gücünün artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir. Bu qüvvələr ölkəmizin müstəqil xarici siyasət yürütməsini həzm edə bilmir və belə subyektiv mülahizələrə əsaslanan qətnamələrlə Azərbaycana təzyiq etmək istəyirlər. Ölkəmizdə qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Belə uydurma hesabatlarla Azərbaycana təzyiq etmək, onun müstəqil siyasət həyata keçirməkdən çəkindirmək cəhdləri yenilik deyil. Ancaq bu qurumlar anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız Avropa olacaq. Çünki bütün dünya, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda sürətlə reallaşdırılan siyasi-iqtisadi islahatları görür və təqdir edirlər. Azərbaycana düşmən mövqedə olan xarici QHT-lərin təxribatçı əməllərinə dəstək verən ölkəmizdəki bəzi kiçik qruplar anlamalıdırlar ki, onların bu fəaliyyəti birbaşa dövlətimizə və xalqımıza qarşı yönəlib. Avropa Oyunları öncəsi ölkəmizdə düşmən mövqedə olan xarici dairələrin və onların yerli havadarlarının Azərbaycana təzyiq cəhdləri, boykot çağırışları heç bir nəticə verməyəcək”.

Vüqar Şahinoğlu