Elçin Şıxlı təqdir etdi:“Atamın kitablarının elektron formada hazırlanması çox sevindiricidir”

“Kitabların Azərbaycan dilində elektron versiyası artıq hazırdır. Lakin başqa dillərə tərcümələrin edilməsi ilə bağlı xəbərim yoxdur”



Azərbaycan ədəbiyyatında əvəzolunmaz xidmətləri olan görkəmli xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri M.F.Axundov adına milli kitabxanada baş tutub.

Kitabxana tərəfindən "İsmayıl Şıxlı” biblioqrafiya kitabı və "İsmayıl Şıxlı-100” adlı elektron məlumat bazası təqdim olunub. Məlumdur ki, müasir dövrdə xüsusilə gənclər kitabın daha çox elektron versiyasına meyllidirlər. Lakin əsas məsələ görkəmli yazıçılarımızı tanımaq və onları sevməkdir. Ona görə də İsmayıl Şıxlı ədəbi irsinin elektron versiyasının yaradılması, xüsusilə müxtəlif dillərə tərcümə olunması istiqamətində görülən işlər alqışlanmalıdır.

Daha ətraflı məlumat əldə etmək üçün mərhum yazıçının oğlu, "Ayna”- "Zekalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı ilə əlaqə saxladıq.

O "Sherg.az”a açıqlamasında elektron məlumat bazasının yaradılması ilə bağlı görülən işlərin təqdirəlayiq olduğunu bildirdi:

"Mərkəzi Elmi Kitabxananın kollektivi artıq 3-4 aydır kı, bu istiqamətdə işlər görür. Ona görə də atamın kitablarının elektron formada təqdim olunması çox sevindiricidir.

Kitabların Azərbaycan dilində elektron versiyası artıq hazırdır. Lakin başqa dillərə tərcümələrin edilməsi ilə bağlı xəbərim yoxdur”.

Yeganə Bayramova