“Evi sökülür, bəzən heç kompensasiya da ala bilmir”
Elə adamlar var, sürüşmə zonasında ev tikir
“Bu tikintilərə göz yuman, şəxsi mənfəət güdən məmurlar var. Amma sonra olan vətəndaşa olur”
“Evi sökülür, bəzən heç kompensasiya da ala bilmir”
“Evi sökülür, bəzən heç kompensasiya da ala bilmir”
Sənədsiz tikililərin sökülməsi yenə insidentlə yadda qaldı.
Abşeron rayonunun Novxanı qəsəbəsində Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyiblər. E.Novruzovun atası, Sumqayıt şəhər sakini, Eldar Novruzov isə buna etiraz edib. Həm də "özünəməxsus” şəkildə. Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Eldar Novruzov əvvəllər məhkum olunub və odlu silahı varmış. İcra nümayəndələrinin tikilini sökmək istədiklərini görən E.Novruzov tapançadan havaya 3 dəfə atəş açıb.
Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov” markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.
Faktla əlaqədar hazırda cinayət işi başlanılıb.
Təəssüf ki, oxşar hadisələr vaxtaşırı təkrarlanır. İcra hakimiyyəti nümayəndələri, məhkəmə icraçıları hansısa tikilini sökməyə gəlir, sakinlərsə etiraz edir, bəzən tərəflər arasında hətta münaqişə də yaranır.
Məsələnin kriminal tərəfini hüquq-mühafizə orqanlarının öhdəsinə buraxaq. Bəs sosial tərəfi? Yaranmış problemin - ağrısız, heç olmasa, az ağrısız həlli üçün hansı addımlar atılmalıdır?
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bütün məsələlərin hüquqi çərçivədə həll edilməli olduğunu dedi:
- Birincisi, qanunsuz - sənədsiz tikintiyə icazə verilməməlidir. İndiyədək nə qədər belə hadisələrin şahidi olmuşuq ki, vətəndaşlar icazəsiz tikinti işi aparıb, tikinti aparılması qadağan olunan ərazilərdə fərdi evlər tikiblər. Elə adamlar var, sürüşmə zonasında ev tikir. Bilə-bilə ki, bu ərazi təhlükəlidir. Bəli, bu tikintilərə göz yuman, şəxsi mənfəət güdən məmurlar var. Amma sonra olan vətəndaşa olur. Evi sökülür, bəzən heç kompensasiya da ala bilmir. Vətəndaş ilk növbədə sağlam özül üzərində ev tikməlidir. Sözün bütün mənalarında. Həm hüquqi, həm də hərfi mənada - ev tikdiyi ərazinin möhkəmliyinə arxayın olmalıdır. Amma hamımız bilirik ki, bəzən hüquqi çərçivələr də aşılır, yerli icra nümayəndəlikləri, qəsəbə, kənd sovetliyi, bələdiyyələr, sahə müvəkkillərinin "xeyir-duası” ilə qanunsuz tikililər aparılır. Tikilinin qeyri-qanuniliyi ortaya çıxanda isə vətəndaş problemi ilə baş-başına qalır. Vətəndaş bunu düşünüb, doğru-düzgün addım atmalıdır. Bir çox hallarda biz fərdi yaşayış evlərinin yaxınlığında, ya da ona bitişik yerdə əlavə tikililərin şahidi oluruq. Əlavə tikili varsa, onun da sənədi olmalıdır. Göstərilməlidir ki, filan ərazi vətəndaşa yardımçı sahə kimi, yaxud yaşayış sahəsinin genişləndirilməsi məqsədilə, bəlkə qaraj məqsədilə verilib. Vətəndaş da buna görə rüsum ödəməlidir. Amma bir çox hallarda işin özülü qanunsuzluq üzərində qurulduğundan belə problemlər ortaya çıxır. Hətta Novxanı qəsəbəsində olduğu kimi odlu silah da "işə qarışır”.
Hər bir tikinti və söküntü işi üçün mütləq ya icra hakimiyyətinin sərəncamı, ya də məhkəmə qərarı olmalıdır. İcra nümayəndələri də, məhkəmə icraçıları da vətəndaşın qapısını əldə sənədlə, qərarla, sərəncamla döyməli və onu qanuna riayətə dəvət etməlidirlər. Əgər vətəndaş müqavimət göstərərsə, bu zaman hüquq-mühafizə orqanları dəvət olunmalıdır. Amma əgər vətəndaşa söküntü işi ilə bağlı heç bir sənəd təqdim olunmursa, vətəndaş söküntüyə qarşı çıxmaqda haqlıdır. Yəqin ki, baş vermiş bu hadisə də araşdırılacaq, vətəndaşın müqavimətinin qanuni olub-olmaması yoxlanacaq.
V.Tofiqli tikinti və söküntü işlərinin bəzən ağrılı şəkil almasında məmur özbaşınalığı, məmur səhlənkarlığı və səriştəsizliyinin də rol oynadığını bildirdi:
- Ümumiyyətlə, aparılan hər hansı təmir-tikinti, abadlaşdırma, yenidənqurma, eləcə də köçürülmə ilə bağlı rəsmi qaydada çox ciddi göstərişlər olur. Lakin bu vəzifəni icra etməli olanlar işinin öhdəsindən gələ bilmir. Hansısa ərazidə söküntü aparılacaqsa, sakinlər köçürüləcəksə, orada əvvəlcədən geniş izahat işi aparılmalıdır, sakinlərə köçürülmənin niyə zəruri olduğu başa salınmalıdır, işin mahiyyəti anladılmalıdır və ödəniləcək kompensasiya məbləği də razılaşdırılmalıdır. Bunu iş icraçıları, söküntü, tikinti işinin həvalə edildiyi təşkilat, idarə, müəssisə etməlidir.
Yəni, dövlətlə vətəndaş arasında bağlılıq yaradılmalıdır, vətəndaşın mülkiyyət hüququ əsas götürülərək onun gələcəkdə normal yaşayışını təmin edəcək kompensasiya müəyyənləşməlidir və o da vətəndaşa ödənməlidir. Bu işlər görülmür, üstəlik, kompensasiyaların ödənməsi üçün ayrılan vəsait də vətəndaşa çatmır. Sahibkarlar sövdələşməyə başlayır, bacardıqca az pul ödəməyə, vətəndaşı az məbləğlə "yola verməyə” çalışırlar. Halbuki kompensasiyaların ödənməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Təbii, əgər söküntü işləri dövlət ehtiyacları üçün aparılırsa. Əgər hansısa özəl şirkət tərəfindən təklif varsa, burada da yenə qanunlara riayət olunmalıdır. Mülki Məcəllədə mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı çox aydın normalar var.
Şəxsi mülkiyyət nə zaman özgəninkiləşdirilə bilər? Kommunikasiya xətlərinə mane olursa, təhlükəsizlik baxımından zərurət yaranıbsa, dövlət ehtiyacları üçün tələb olunursa və s. Bu zaman da Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır və orada köçürülmə və kompensasiya şərtləri də aydın qeyd olunmalıdır. Köçürülmə və tikinti özəl şirkətə aiddirsə, tərəflərin qarşılıqlı razılığı olmalıdır. Heç bir halda məcburi köçürülmə olmamalıdır. Təəssüf ki, biz söküntü və köçürülmə prosesində NK-nın hər hansı qərarını görmürük. Bəlkə də belə bir qərar olur, ancaq ictimaiyyət ondan xəbərsiz qalır. Və belə fikir formalaşır ki, qanunsuz söküntü aparılır, sakinlər qeyri-qanuni şəkildə evlərindən çıxarılır, kompensasiya ödənmir. İstər tikinti, istərsə də söküntü və ya köçürülmə prosesini çox asan, rahat icra etmək mümkündü. Sadəcə, rəsmi qərar açıqlanmalı və əhali bundan xəbərdar edilməli, kompensasiyaların miqdarı elan edilməlidir, kompensasiya ödənilən şəxslərin siyahısı tərtib edilməlidir, söküntü, köçürülmə aparılan ərazidə divarlara vurulmalıdır. Qoy vətəndaşlar məlumatlı olsun, hansı prosesin getdiyini bilsin.
Məlahət Rzayeva