"Elə alınma sözlər var ki, onlar xalq dilinə yaxınlaşdırılmalıdır" - Müsahibə

Bilal İsmayılov:"Məsələn, türk dilinə fransız dilindən keçən sözlərdə də dəyişiklik edilir. Xalq bu sözləri necə tələffüz edirsə, ona uyğun da yazılış qaydaları müəyyənləşdirilir"
"Belə məsələlərdə vahid prinsip yoxdur. Heç kim deyə bilməz ki, sözlərin tək bir xüsusiyyəti, məsələn orfoqrafiyası nəzərə alınmalıdır. Ümumi qaydalar müəyyənləşərkən bunların hamısı ölçülür"





Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ictimaiyyətə təqdim olunub. Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.
Layihənin bəzi maddələri və yeni dəyişikliklər sosial şəbəkələrdə, mətbuatda geniş müzakirələrə səbəb oldu. İctimaiyyət nümayəndələri, jurnalistlər və sosial şəbəkə istifadəçiləri dəyişikliklərin bəzilərini birmənalı qarşılamadı.

Tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor Bilal İsmayılov bütün bu müzakirələrlə bağlı "Sherg.az”a danışıb.

Müsahibəni təqdim edirik:

-Orfoqrafiya qaydalarını müəyyənləşdirərkən və alınma sözləri dilimizə uyğunlaşdırarkən nələrə diqqət etmək lazımdır?

Başqa dildən söz alanda həmin sözün tələffüzü də saxlanmalı və yazılışını da nəzərə almalıyıq. Sözün Azərbaycan dilinə uyğunlaşdırılması qeyri-adi heç nə yoxdur. Məsələn, türk dilinə fransız dilindən keçən sözlərdə də dəyişiklik edilir. Xalq bu sözləri necə tələffüz edirsə, ona uyğun da yazılış qaydaları müəyyənləşdirilir. Amma yazılış normaları da nəzərə alınır. Belə məsələlərdə vahid prinsip yoxdur. Heç kim deyə bilməz ki, sözlərin tək bir xüsusiyyəti, məsələn orfoqrafiyası nəzərə alınmalıdır. Ümumi qaydalar müəyyənləşərkən bunların hamısı ölçülür.

Lüğətimiz rus sözləri ilə doludur. Xüsusilə, elmlə əlaqədar olan terminlər, yeni ifadələr dilimizdə yer alıb. Bu sözləri də dilimizə daxil olarkən müəyyən qaydalara uyğunlaşdırmışıq. "Kalxoz”, "radiyator” deyə tələffüz olunan sözlər yazılışda "kolxoz” və "radiator”dur. Həmin sözlərin yazılışı əsas götürülüb. "Musiqi” sözü fransızca "la musique” yazılır [la müziq] kimi sələnir, rusca "muzıka”, azərbaycanca isə "musiqi”dir. Sözün mənşəyində, səs tərkibində "ı” saiti yoxdur, amma onu elə qəbul edirlər. Görünür, belə sözlər vasitəçi dilin köməyi ilə rus dilinə və digər dillərə keçib. Nəticədə zamanla sözün ifadəsində fərqlər yaranıb, hərf və səs tərkibi dəyişib.

Elə alınma sözlər var, ləhcə olmamaq şərti ilə xalq dilinə yaxınlaşdırılmalıdır. Türk dilində "Başkənt” deyə tələffüz olunur, "başkent” yazılır. Amma əslində sözün sonundakı səs "d”dır. Türklərin dilində sözün "t” hərfi ilə yazılması savadsızlıq əlaməti deyil. Sadəcə türk dilçilər tələffüz prinsipini əsas götürüb.

-Əvvəl mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan sözlər deyildiyi kimi yazılırdı. İndi isə ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır. Bu dəyişikliyin səbəbi nədir?

Alüminium, bülleten, büro, jüri, karbürator, kompüter kimi sözlər dilimizə rus dili vasitəsilə keçirilib. Rus dilində isə "ü” səsi və hərfi yoxdur. Ona görə, həmin səs [yu] kimi tələffüz edilirdi. Amma bizim dilimizdə "ü” səsi, "ü” hərfi var. Ona görə, həmin alınma sözləri dilimizə uyğunlaşdırmaq, dilin öz qaydasının qüvvəyə minməsi vacibdir.

-Dilimizdə "ı” səsi və hərfi də var, amma ilk səsi [ı] ilə deyilən milli sözlər "i” ilə yazılır. Belə yazılış ahəng qanunun da pozulmasına səbəb olur. Düzgündürmü?

Belə sözlər çox azdır, ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq və s. Orfoqrafiya lüğətlərində "ı” hərfi ilə sözlər başlamır. Görünür, bu qaydanın müəyyənləşməsində də xalq dilinin rolu var. Əgər orfoqrafiya lüğətinin tərtib edilməsində bütünlükdə bir prinsipə əsaslana biləriksə, bu hər kəs üçün daha rahat olar. Zənnimcə, qaydaları müəyyənləşdirərkən bir prinsipə əsaslanmaq daha düzgündür. Amma təbii ki, istisnalar hər zaman olur.

Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şə¬kil¬çisi olan sözlər qoşa yy samiti ilə yazılıb. Hazırda həmin sözlər bir [y] ilə tə¬ləf¬füz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılmasını məqsədəuyğun hesab edirlər. Məsələn, cərrahiyyə - cər¬ra¬hiyə, döv¬riy¬yə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üs¬lu¬biy¬yat – üslubiyat və s. Digər dəyişikliyə görə, mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari.

-Əgər qaydalar tək prinsipə əsaslanarsa, mübahisələrə son qoymaq olarmı?

Belə hal əsas götürüləcəyi təqdirdə, köklü islahatlar etmək lazım olacaq. Tək-tük qaydaları dəyişməklə mübahisələrə son qoymaq mümkün deyil.

-Ümumi olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutunun bu fəaliyyətini necə qiymətləndirirsiniz?

Yeni qaydalar hazırlanarkən ictimaiyyətdə tənqidlərin qarşısını nisbətən almaq olardı. Əvvəldən geniş konfranslar təşkil edilib, məsləhətləşmələr aparılmalı idi. Bu məsələlər bir şəxsin sözü ilə həll edilə bilməz. Azərbaycanda savadlı dilçilər çoxdur. Onların rəylərini, təkliflərini dinləmək, irəli sürdükləri ideyalardan uyğun formada istifadə etmək lazımdır.

Aysel Aslan