"Nəqliyyat vasitələrində sərnişinlər arasında davranış pozuntusu baş verdikdə zərər verənə müəyyən cəzalar tətbiq olunmalıdır”
Bu sözləri "Sherg.az”a ötənlərdə "Xaliq Faiqoğlu” şirkətinə məxsus 65 nömrəli avtobusda sərnişinlər arasında baş verən xoşagəlməz hadisəyə münasibət bildirərkən Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirib.
Onun qənaətincə, avtobus, metro kimi nəqiliyyat vasitələrində sıxlıq yaşandıqda sərnişinlər arasında baş verən xoşagəlməz hərəkətlər artıb:

"Bu inzibati davranış pozuntusu altında kiçik xuliqanlıq hərəkəti kimi qəbul olunmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının cinayət məcəlləsində müvafiq qanunvericilik var. Qanun bazasında xətalar haqqında məcəllə mövcuddur. Eyni zamanda cinayət məcəlləsində kiçik xuliqanlıqla bağlı olan maddələr yer alıb. Peşəkar nəqiliyyatçılar kimi yanaşsaq, müşahidə edərik ki, bunu nəqliyyat əməkdaşlarının məsuliyətsizliyi kimi dəyərləndirmək doğru olmaz. Sadəcə, nəzarət mexanizmi olmalıdır.
Nəqliyyatdan istifadə edərkən bir vətəndaşla digər vətəndaş arasında qeyri-etik davranış baş verərsə və ya hər hansısa bir sərnişin fiziki zorakılığa məruz qalarsa, bu zaman zərər çəkən müvafiq dövlət orqanlarına şikayət edə bilər. Nəticə etibarı ilə qarşı tərəflə zərərçəkən arasında məhkəmə çəkişməsi olmalıdır.
Bununla bağlı zərər verən şəxs məsuliyət daşımalıdır. Nəqliyyat agentliklərində işləyən məmurlar və ya nəzarətçi polislər belə hadisələrə şahid olduqda, həmin şəxsi müəyənləşdirib, ona cəzalar tətbiq etməlidir. Bu sırf davranış, tərbiyə məsələsidir. Əgər bəzi hallarda kiçik zorakılıq xarakterli hadisə və ya bədənə hər hansısa bir xəsarət yetirilibsə, burada artıq cinayət məcəlləsinin müxtəlif tələbləri tətbiq olunmaqla ona cəzalar verilməlidir.
Kiçik xuliqanlıq və xoşagəlməz hallar baş verərsə, bununla bağlı inzibati xətalar məcəlləsinin müəyən müddətli həbs cəzaları var. Zərər verən şəxsi 15-20 sutqa azadlıqdan məhrum etmək cəzası tətbiq oluna bilinər”.
Qeyd edək ki, 65 nömrəli müntəzəm marşrut xəttində sərnişinlər arasında insident baş verib. Qarşıdurma nəticəsində kişi sərnişin qadın sərnişini döyüb.
Kənan Eynuroğlu