"Elə ki hansısa nazir işdən azad edildi..." - Yıxılana balta






"Vəzifəsini itirən səlahiyyətli şəxslərin arxasınca tənqidi fikirlər səsləndirilməsi, dırnaqarası araşdırmaların mətbuatda yayılması Sovet dövründən qalan "ənənə”dir”.

Bu barədə "Sherg.az”a vəzifəli şəxslərin, nazirlərin vəzifəsindən uzaqlaşdırılmasından sonra sosial şəbəkələrdə və mətbuatda onların fəaliyyəti barədə mənfi məlumatların yayılmasından danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib. O qeyd edib ki, sovet dövründə də belə hallar mövcud idi:

"Həmin vaxt vəzifədə olan şəxsin haqqında yazmaq, tənqidi fikir bildirmək mümkün olmurdu. Elə ki, hansısa nazir, səlahiyyətli şəxs vəzifəsindən azad edildi, mətbuat, ictimaiyyət onun mənfi əməllərini qabardırdı. Bu bolşevik təfəkkürü cəmiyyətimizdə hələ də qalır. "Yıxılana balta vuran çox olar”. Əsaslı tənqid edən şəxs elə həmin səlahiyyətli vəzifədə olanda da məlumatları yayımlayır. Vəzifədən çıxarılan şəxsin arxasınca danışmağın nə mənası var?”

Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra yenidən ölkə başçısı seçilən prezident İlham Əliyev öz komandasını formalaşdırmaq məqsədilə kadr islahatlarına start verib. Bunun nəticəsində vəzifədən uzaqlaşdırılan bəzi nazirlər və komitə sədrləri haqqında sosial şəbəkələrdə tənqidlər səsləndirilib. Hətta bir sıra mətbu orqanlar da prosesə qoşularaq, işdən çıxarılan məmurlar haqqında qərəzli araşdırmalar aparıb, tənqidi yazılar dərc ediblər.

Aysel Aslan