Tanrıverdi Mustafayev: “Hər kəs bilməlidir ki, məlumatı olmayan şəxsin cərəyanla oynamağı olduqca təhlükəlidir”
Adil Qeybulla: “Zərərçəkən insan dərhal cərəyan olan yerdən uzaqlaşdırılmalıdır. Daha sonra isə həmin şəxsi sərin bir yerə keçirmək və ona ürək masajı tətbiq etmək əsasdır”
Paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində ölüm hadisəsi qeydə alınıb. Həmin qəsəbədə yarımtikililərdən birində fəhlə çalışan Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vüsal Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.
Demək olar ki, hər gün insanların əksəriyyəti diqqətsizlik və ehtiyatsızlıq ucbatından müəyyən təhlükələrlə üzləşirlər. Bəs təhlükələrin baş verməməsi üçün nələrə diqqət yetirmək lazımdır? Ümumiyyətlə, elektrik mühəndisi olmayan adi şəxslərin hansısa bir işə girişməsi nə dərəcədə düzgün hesab olunur?
"Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı "Şərq”ə danışıb. Qurum rəsmisinin sözlərinə görə, hər kəs bilməlidir ki, elektrik naqillərindən məlumatı olmayan şəxsin cərəyanla oynamağı olduqca təhlükəlidir.
T.Mustafayev qeyd edib ki, bu cür hallarda bütün insanlar yetərincə məsuliyyətli olmalı, nəinki özlərinin, həmçinin kənar şəxslərin də həyatı üçün problemlər yaratmamalıdır: "Hər yerdə elektrik xətlərinə toxunmağın təhlükəli olması ilə bağlı maarifləndirmə işləri aparılır. Hətta şəhərin küçələrində bu barədə elanlar da var. Bizim işimiz mütəmadi olaraq vətəndaşlarımızı məlumatlandırmaqdır. İnsanlara elektrik cərəyanı ilə bağlı işlərin görülməsində məsləhət görərdik ki, onlar lisenziyası olan şirkətlərə müraciət etsinlər və həmin şirkətlər bu işi görmək üçün mütəxəssis göndərsinlər. İnsanların bilib-bilmədən elektrik enerjisindən istifadə etməsi birbaşa olaraq yolverilməz olmalıdır”.
Cərəyan vurması zamanı zərərçəkən şəxsə ilkin tibbi yardımın göstərilməsinin də böyük əhəmiyyəti var.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, elektrik cərəyanının öldürücü olmasına səbəb cərəyanın yüksək gərginlik halıdır. Əgər insan naqil, yəni keçirici rolunu oynayırsa, bu zaman sinirlə tənzimlənən sistemlər böyük zərər görür:
"Bu sistemlərdən ən mühümü ürəkdir. Ürəyin fəaliyyəti məhz sinir impulslarının sayəsində mümkündür. O impulslar dayanan kimi ürək də avtomatik olaraq dayanır. Əgər elektrik cərəyanı ürəkdən keçirsə, o dərhal stimulyasiya yarada bilər. Elektrik cərəyanı keçən yerlərdə mübadilə proseslərinin pozulması, hüceyrələrin şişməsi və s. kimi ciddi dəyişikliklər baş verir. Əsas budur ki, əgər ürək elektrik keçiriciliyində iştirak edirsə, yəni ürəyə yüksək formada gərginlik keçirsə, bu dərhal ölümə gətirib çıxarır. Elektrik bədəndən çıxdıqdan sonra isə dərinin çox ciddi zədələnmələri olur. Əgər insan naqil rolunu oynamırsa, yüksək gərginlik olmaya bilər. Naqil rolunu oynayan insanlarda isə beynin iflic olması və ürəyin dayanması təhlükələri baş verir”.
İlkin tibbi yardımın göstərilməsinə gəlincə professor qeyd edib ki, zərərçəkən insan dərhal cərəyan olan yerdən uzaqlaşdırılmalıdır. Daha sonra isə həmin şəxsi sərin bir yerə keçirmək və ona ürək masajı tətbiq etmək əsasdır:
"Çox vaxt insanlar panikaya düşürlər. Yaxşı olar ki, onlar tok vurmuş şəxsə izolyasiyalı kömək eləsinlər, yəni özləri də o naqilin davamçısı olmasınlar. Görürsüz ki, belə hallarda ölüm halları baş verə bilir. Yaxşı olar ki, elektrik cərəyanı vuran adamı ya ələ əlcək geyib, ya da digər bir paltarla tutmaq lazımdır ki, yardım edən şəxsə elektrik keçməsin. İlk yardım effektli olandan sonra dərhal həkim təqibi aparılmalıdır və xəstə yaxınlıqdakı tibb məntəqəsinə çatdırılmalıdır. Amma istənilən təxirəsalınmaz yardımda süni tənəffüs, ürək masajı aparılmalıdır ki, ən azı xəstənin həyatını xilas eləmək şanslarından maksimum istifadə eləmək mümkün olsun”.
"Azərişıq” ASC-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası İdarəsinin rəisi Ramiz Əliyev isə bildirib ki, əvvəllər elm o qədər də inkişaf eləməmişdi və elektrik cərəyanı vurmuş insana yardım üçün onu quma salırdılar:
"Əslində isə bu addım heç də düzgün deyil. Bəzən zərərçəkən şəxsə kömək etməyə qorxurlar, əksinə, həmin şəxsi hərəkət etdirmək və ona lazım olduqda süni nəfəs verilməlidir”.
Yeganə Bayramova