“Əlikram Hümbətov öz xalqına, millətinə xəyanət etmiş insandır”

Oqtay Əsədov: “Satqının, separatçının dediyini müzakirə etmək də düz deyil”“Bir çox beynəlxalq təşkilatlar belə xəyanətkarları axtarırlar”
"Müsavat Partiyası başqanı Tofiq Yaqublunun qızı, bildiyimiz kimi, bu günlərdə dünyasını dəyişib. Hakimiyyət də humanist addım ataraq onu 7 gün azadlığa buraxdı. Bu həm də ölkə rəhbərliyinin siyasi iradəsinin ifadə edən bir addım idi. Mən cənab Prezidentə T.Yaqublunun əfv edilməsi ilə bağlı müraciət edirəm. Həqiqətən də ailə faciəsi yaşanıb. İki il, dörd ay həbsdə yatıb. Hazırda iki ili qalır. Bu əfv cəmiyyətdə siyasi qüvvələr arasında kin-küdurətin aradan qalxmasına, səmimi münasibətlərin formalaşmasına da faydalı olar”.
Bu sözlər Milli Məclisin dünənki iclasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa tərəfindən səsləndirilib. Millət vəkili bildirib ki, Müsavat səlahiyyətlisinin əfv edilməsi siyasi cəhətdən hökumət üçün mütərəqqi addım olar.
Bununla yanaşı, millət vəkili Avropa Şurası Parlament Assambleyasında ermənilərin "soyqırımı” ilə bağlı 171 deputatın imzasını toplamasına da diqqət çəkib: "Məlumdur ki, onlara dəstək verən qüvvələr var. Təklif edirəm ki, Xarici İşlər Nazirliyində bununla bağlı bank yaradılsın. Qondarma soyqırıma dəstək verənlərin Azərbaycana gəlib-getməyinə məhdudiyyət qoyulsun”.
Spiker Oqtay Əsədov isə deyib ki, AŞ PA-da ermənilər imza toplasa da, hər hansı qərar qəbul olunmayıb: "Bu, AŞ PA-nın qərarı deyil. Ermənilər imza toplasalar belə, məkrli istəklərinə nail ola bilmədilər”.
"Səviyyəsiz bir insandır”
Deputat İqbal Məmmədov bu yaxınlarda separatçı Əlikram Hümbətovun qondarma erməni soyqırımı ilə bağlı ermənilərə başsağlığı verməsinə etirazını bildirib. O bildirib ki, Ə.Hümbətov heç zaman talış xalqının adından danışa bilməz: "Ona heç kim belə bir səlahiyyət verməyib. O adamın siması həm Azərbaycana, həm də talış xalqına məlumdur”.
"Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də həmkarının fikirlərini təsdiqləyərək deyib ki, Əlikram Hümbətov Azərbaycan xalqına xəyanət edib: "Hazırda bu yöndə də fəaliyyətini davam etdirir. Bu məsələni Xarici İşlər Nazirliyi diqqətdə saxlamalı və lazımi addımlar atmalıdır”. İ.Ağazadə həmçinin Fazil Mustafanı da dəstəkləyərək deyib ki, Tofiq Yaqublunun əfv edilməsi mütərəqqi addım olardı.
Spiker Oqtay Əsədov isə millət vəkillərinin Ə.Hümbətovla bağlı məsələni gündəmə gətirmələrinə reaksiya verib: "Mən Ə.Hümbətova bu qədər diqqət göstərilməsini yersiz sayıram. Təbiidir ki, bir çox beynəlxalq təşkilatlar belə xəyanətkarları axtarırlar. Bir xəyanətkar, separatçıya görə dövlət niyə mövqe bildirməlidir? Kimdir ki, o? O, səviyyəsi olmayan bir insandır. Öz xalqına, millətinə xəyanət etmiş bir insandır. Biz gedib ona qarşı kampaniya yaratmamalıyıq? Məncə, buna heç bir ehtiyac yoxdur. Ümumiyyətlə, Ə.Hümbətov kimi səviyyəsizin, satqının, separatçının dediyini müzakirə etmək də düz deyil”.
Sabir Rüstəmxanlı həmkarlarından inciyib
"Aprel ayının 18-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) 13-cü qurultayını keçirdik. Yüksək səviyyədə keçən qurultayda Türkiyə və İraqdan millət vəkilləri iştirak edirdi. Türkiyənin 20-yə yaxın televiziyası qurultayın gedişini dünyaya çatdırdı”. Bu ifadələri DAK sədri, deputat Sabir Rüstəmxanlı vurğulayıb. Millət vəkili DAK-ın qurultayına laqeyd münasibət göstərdiklərinə görə deputat həmkarlarından incidiyini bildirib: "Yaşımdan, parlamentdə olan stajımdan istifadə edib bir incikliyimi və fikrimi çatdırmaq istəyirəm. DAK-ın qurultayına Qazaxıstandan başlamış Avstraliyadan, Amerikadan və bir çox ölkələrdən millət vəkilləri gəlmişdilər. Azərbaycandakı həmkarlarıma dəvətnamə vermişdim. Amma buna baxmayaraq, heç kim qurultaya gəlmədi. DAK İrana qarşı yaradılan təşkilat deyil. Bu, diaspor təşkilatıdır, müstəqildir. Nə müxalifət, nə də iqtidardır. Yalnız milli birliyə xidmət edən bir təşkilatdır. Təəssüflər olsun ki, dəvətnamə verdiyim həmkarlarımın heç olmasa biri bir cümlə ilə də olsa, qurultaya görə təbrik səsləndirmədilər. Vaxtilə mərhum prezident Heydər Əliyev DAK-ın Vaşinqtonda keçirilən qurultayına 60-a yaxın adam göndərmişdi. Başa düşə bilmirəm, indi bu nə laqeydlikdir? Bizim aramızda yoldaşlıq var. Biri-birimizin xeyir-şərində iştirak edirik, çox gözəl. Amma bu da bir milli hərəkatdır, milli işdir. Sözün açığı, həmkarlarımdan çox incidim”.
"...şübhələnəndə, Aqil Abbası da saxlaya bilsin”
Yazıçı, deputat Aqil Abbas isə ölkədə bıçaqlanma hadisələrinin çoxalmasından gileylənib. Millət vəkili qeyd edib ki, artıq Azərbaycanda bıçaqlanma hadisələri milli adət-ənənəyə çevrilib: "Elə gün yoxdur ki, bıçaqlanma hadisəsi baş verməsin. Düşünürəm ki, belə hadisələrin baş verməsinin qarşısının alınması üçün Cinayət Məcəlləsindəki soyuq silah gəzdirmə maddəsində qaydalar sərtləşdirilməlidir. Biz tələbə vaxtı da görürdük ki, bıçaq gəzdirmək olmaz. Belə bıçaqlanma halları o zaman çox az hallarda baş verirdi. Əvvəllər 4 santimetrdən uzun bıçağa görə məsuliyyət nəzərdə tutulurdu. Mən təklif edirəm ki, bu məsələ diqqətdə saxlanılsın və polisin səlahiyyətləri artırılsın. Polisə şübhələndiyi adamın üzərinə baxış keçirmək icazəsi verilsin. Kiminsə üzərində soyuq silah varsa, onu polis müəyyən etsin. Polisə xüsusi icazə verilməlidir ki, şübhələnəndə Aqil Abbası da saxlaya bilsin. Baş verən bədbəxt hadisələr sabah bizim də başımıza gələ bilər. Bu xalq bizimdir. Hesab edirəm ki, millətimizi qorumaq üçün qərarlar qəbul etməliyik”.
"Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil”
"Televiziyalarda hər gün kriminal xəbərlər gedir, insan insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər”. Bunu isə hakim Yeni Azərbaycan (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Deputat təklif edib ki, bu kimi halların qarşısını almaq üçün sosial reklamlar olmalıdır: "Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cərəyanların qızışdırma amilləri və s. də var. Amma Azərbaycanda tarixən tolerantlıq olub və bundan sonra da olacaq”.
S.Novruzov eyni zamanda bildirib ki, Azərbaycanda milli ayrıseçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq: "Odur ki, Əlikram Hümbətov kimi satqın, xəyanətkar şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.
"... yeyib özümüzü öldürməyək”
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə ölkəyə gətirilən GMO məhsullarından narahat olduğunu səsləndirib. Deputat deyib ki, məhsulların geninin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də uzun müddət qalır: "Əlbəttə, bu lazımdır, amma baxır hansı ölkəyə. Afrikada milyonlarla insan acından ölür və GMO məhsullar onlara lazımdır. Azərbaycana GMO gətirilməsinə nə gərək var? İndi bu məhsulları gətirənlər 3-5 min manat, ikinci variantda 4-6 min manat cərimə və 3 il müddətinə qədər azadlıqdan mərhum etməyə qədər cəzalandırılır. Cərimələrin miqdarı 9 min manata qədərdir. Mən də hesab edirəm ki, kodu dəyişdirilən məhsullar cəmiyyətdə aqressiya, həm də müxtəlif xəstəliklər yaradır. Biz bir müddət əvvəl Norveçə getmişdik. Soruşduq ki, niyə gənclər özlərini dənizə atırlar? Dedilər məhsulun tərkibindən ola bilər. Bizdə də görürsünüz ki, insan insanı öldürür, kişi arvadını qətlə yetirir. Əlbəttə, burada kodu dəyişdirilən məhsulların təsiri ola bilər. Bilmək lazımdır ki, bütün məhsullar eyni ölçüdə və formada ola bilməz. Heç insanların da boyu eyni deyil, biri uzun, biri qısadır. Əlacımız qalıb özümüzə. Çalışmalıyıq ki, Quba alması, Xaçmaz pomidoru və başqa təbii məhsullar yeyək. GMO məhsullardan yeyib özümüzü öldürməyək”.
"Hər ailədə 2-3 maşın var”
"Bir neçə gün öncə ciddi avtomobil qəzası keçirəcəkdim. İnanın ki, Allah saxladı”. Bu sözləri isə Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, avtobus sürücüləri yollarda normal maşın sürmürlər. Onun sözlərinə görə, bazar günü iki avtobus onun olduğu maşını araya alıb, sıxaraq ciddi bir qəza vəziyyəti yaradıblar: "Sözün əsl mənasında Allah bizi qurtardı. Yaxınlaşıb polisə deyirəm ki, bu marşrut sürücüsü barəsində tədbir görsünlər. Amma polis deyir ki, heç nə edə bilmərəm, onları himayə edənlər elə adamlardır ki, onlara gücümüz çatmır. Axı kimdir bunlar? Hansı imtiyaz verilib ki, adi sürücüyə də söz deyə bilmirlər?”. F.Ağamalı avtomobillərin evakuator vasitəsi ilə cərimə meydanına aparılmasına da etiraz edib: "Bəzi qurumların əməkdaşları orta məktəblərin qarşısında pusquda dayanırlar: "Valideynlər maşını saxlayan kimi gəlib cərimə meydançasına aparırlar. Düşünürəm ki, məktəblərin qarşısında xüsusi yerlər yaradılmalıdır. Orada maşınların 5-10 dəqiqəlik saxlanılmasına icazə verilməlidir ki, uşaqlarını dərsə aparan, dərsdən gətirən valideynlər, çıxanda maşınlarını yerində tapsınlar”.
Spiker O.Əsədov isə təklifə narazılığını bildirib: "Bakıda yüzlərlə məktəb, hər ailədə də 2-3 maşın var. Hər valideyn gedib saxlasa, görün nə qədər maşın olar. Xarici ölkələrdə də belə şey yoxdur. Orada hər kəs uşağını avtobusla aparır.
Anar Bayramoğlu