Əlikram Hümbətov talış adından sui-istifadə edir

Eldəniz Quliyev: “Bunun bircə adı var - satqınlıq”
İlham İsmayıl: “Ə.Hümbətovun düşmənlə eyni mövqedə olması iki məqsədə xidmət edir. Birincisi, Qarabağın işğalına haqq qazandırmaq, ikincisi isə, talış separatizmini gücləndirmək”



1993-cü ildə Azərbaycanın cənub zonasında "Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan separatçı Əlikram Hümbətov dünya ermənilərinə qondarma soyqırımla bağlı başsağlığı verib.

Separatçı erməni-talış dostluğundan da danışıb və "yaşasın böyük Ermənistan!” deyib. İctimaiyyət nümayəndələrinə görə, bu adam özbaşına və öz hesabına hərəkət etmir. Onun sərsəm bəyanatlarında erməni xüsusi xidmət orqanlarının rolu şübhəsizdir. Təbii olaraq, separatçı Ə.Hümbətovun sərsəm sözləri ölkə daxilində kəskin etirazla qarşılanıb. İlk olaraq etiraz edənlər də elə sözügedən etnik qrupun tanınmış nümayəndələri olub.

Milliyyətcə talış olan millət vəkili Hadı Rəcəbli deyib ki, Ə.Hümbətovun talışların adından danışmağa haqqı yoxdur: "Bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Ə.Hümbətovu qəbul etmir. Belə adamlar bizim üçün xəyanətkardır”.

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də Ə.Hümbətovun qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına kəskin cavab verib. E.Quliyev bu cür münasibəti satqınlıq kimi dəyərləndirib: "Mən bəzi talış "vətənpərvərlərinin” qurama erməni genosidinə guya "obyektiv” münasibət bildirməsini və bu haqda müxtəlif bəyanatlar vermələrini, mənasız diskusiyalar açmalarını, ən azından, nadanlıq sayıram. Belələri anlamırlar ki, sərgilədikləri psevdo-humanist mövqe və yalançı insanpərvərliklə öz xalqını zərbə altında qoyurlar. Bunun bircə adı var - satqınlıq. Özü də, bu, öz xalqına və doğma ana südünün halallığına qarşı edilmiş satqınlıqdır.

MTN-in istefada olan zabiti İlham İsmayıl da bildirib ki, Ə.Hümbətov bir neçə xarici kəşfiyyat orqanlarına casusluq edir: "Bir adamın bir neçə dövlətə casusluq etməsi yeni məsələ deyil. Hər dövlət öz maraqlarını həyata keçirir. Ə.Hümbətov o dövlətlər üçün maraqlı fiqur deyil, sadəcə, yeri gələndə bir alət kimi istifadə olunur. Bu adam Avropada sığınacaq almasına, orda yaşamasına baxmayaraq tapşırıqları, o cümlədən Ermənistana səfər etmək barədə göstərişləri Rusiya xüsusi xidmət orqanlarından alır. Avropadan isə qrant alıb özünü "sülh, barış nümayəndəsi” kimi göstərir. Aldığı qrant pullarına görə də bəzi addımlar atır. Ə.Hümbətovun düşmənlə eyni mövqedə olması iki məqsədə xidmət edir. Birincisi, Qarabağın işğalına haqq qazandırmaq, ikincisi isə, talış separatizmini gücləndirmək. Bu adamın əməllərini gündəmdə saxlamaq, onu populyar etmək məqsədəuyğun deyil. Azərbaycan üçün Əlikram təhlükəsi yoxdur”.

İsmayıl