Elman Məmmədov: "Moskva Bakının hərbi yola əl atmasını sürətləndirir"





Ermənistan Rusiya üçün bir vilayət, quberniya rolunu oynayır.

Bu sözləri Sherg.az-a Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılmasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov söyləyib. 

Deputat diqqətə çatdırıb ki, bu birləşmə Azərbaycanın mövqeyinə təsir göstərməyəcək: 

"Baxın, Rusiya və Yaponiya arasında mübahisəli ərazilər mövcuddur. Moskva bu əraziləri Yaponiyaya güzəştə gedər, lakin Ermənistanın mövqeyinin zəifləməsinə heç vaxt imkan verməz. Çünki Ermənistanı ermənilər üçün Rusiya yaradıb. Tarixi Çar Rusiyasından indiki Rusiya Federativ Respublikasına qədər əvəz olunan dövlətlərin hamısı Ermənistanın qorunması üçün çalışıb. 

Ermənistan müstəqil dövlət deyil, Rusiyanın əyaləti, quberniyası, vassalı və ya ərazisi kimi mövcuddur. Hazırki şəraitdə Moskva Cənubi Qafqaza, o cümlədən bütün Yaxın Şərq regionuna nəzarət etmək üçün Ermənistanı əlində vasitə edib. Birləşmiş qoşun hissələrinin yaradılması ilə prezident Vladimir Putin növbəti dəfə işğalçı dövlətin tərəfində olduğunu beynəlxalq ictimaiyyətə bəyan etdi və "Ermənistana sözü olan qarşısında məni görər” mesajı verdi. Tarix boyu bu mövqe təkrarlanıb, bu gün də güclənir”.

Parlament üzvünün sözlərinə görə, rəsmi Bakı Moskvanın Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutmasının tərəfdarıdır: 

"Rusiya həmsədr dövlət olaraq beynəlxalq ictimaiyyətdə açıq aşkar mövqeyini ifadə edir. Demək olar ki, hər il Rusiya Ermənistanla təhlükəsizlik haqqında təşəbbüslər göstərir, müqavilə imzalayır. Bu Ermənistana işğalçılıq siyasətini davam etdirməsi üçün stimul verir. Mövcud şəraitdə Ermənistan ordusunun Azərbaycan torpaqlarında olduğunu hər kəs bilir. Bu ilin aprel ayında cəbhə xəttində baş verənlər də bunu təsdiq etdi. 

Bu vəziyyət bizim üçün nə qədər xoşagəlməz olsa da, Rusiyadan qorxub ümidsizliyə qapılmalıyıq. Rusiya ilə bərabər başqa güclü dövlətlər də Ermənistanın təhlükəsizliyini nəzarətə götürsə belə bizə təsiri olmayacaq. Çünki Azərbaycanın məqsədi Ermənistan sərhədlərini pozmaq deyil, sadəcə işğal edilmiş torpaqlarını geri qaytarmaqdır. Rusiyanın Ermənistana bu cür himayəsi bizim hərbi yola əl atmağımızı sürətləndirir”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib.

Ayyət Əhməd