Elmar Məmmədyarov: “Ən qısa yol vasitəsi ilə Əfqanıstanla Avropanı birləşdirməliyik”





"Ən qısa yol vasitəsi ilə Əfqanıstanla Avropanı birləşdirməliyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki yeni Ələt dəniz limanı və Bakı-Tiflis-Qars dəmir yolu xətti bu baxımdan, eləcə də tarixi İpək Yolunun bərpası baxımından çox önəmlidir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu NATO ölkələrinin xarici işlər nazirlərinin Antalyada keçirilən toplantısında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Əfqanıstan hökumətinə islahatlar gündəliyinin reallaşmasında kömək edilməsinin vacibliyini önə çəkən nazir qeyd edib ki, bu gündəliyin ən mühüm tərkib hissəsi nəqliyyat infrastrukturudur. E. Məmmədyarov bildirib ki, Azərbaycanda ADA Universiteti NATO təlim kurslarından başqa, Əfqanıstandan olan rəsmilər üçün illik idarəçilik təlimləri keçirir, Minalardan Təmizləmə Agentliyi isə minalar üzrə maarifləndirici layihələr icra edir. "Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Əfqanıstan vətəndaşlarının 4 illik təhsil almalarını təmin edəcək memorandum imzalanma ərəfəsindədir. Bizim tərəfimizdən Əfqanıstanda məktəb tikintisi həyata keçirilir. Bütün xərclər Azərbaycan tərəfindən ödənilir”, - deyə o vurğulayıb. Nazir çıxışı zamanı qeyd edib ki, Azərbaycan qoşunlar, çox təyinatlı tranzit imkanları, təlim və maliyyə yardımı ilə nəzərəçarpacaq dərəcədə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək” missiyasına töhfə verir. Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycan Əfqanıstan ordusunun etimad fonduna 1 milyon avro verib, 2017-ci ilin sonunadək isə əlavə 2 milyon avro verəcək. "Amma əvvəlki illərin təcrübəsi göstərir ki, yalnız hərbi yardım Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün kifayət deyil. Ona görə də ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarına cəlb olunmaqdan daha genişdir. Təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq, Əfqanıstanın özünə güvənini dəstəkləyirik. Əfqanıstanın gələcəyi böyük ölçüdə qonşu dövlətlərdən asılıdır və biz bunun uğurlu alınması prosesində birlikdə yardımçı olmalıyıq”, - deyə nazir bildirib.