“Ola bilsin ki, bu işdə daha yüksək vəzifəli şəxslərin barmağı var”
İradə Cavadova: “Nağızadənin təkbaşına fəaliyyət göstərməsi mümkün deyil. Yəqin ki, o bu işləri bir qrup şəxslə həyata keçirib”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin sabiq rəhbəri Elnur Nağızadənin qohumları mətbuat konfransı keçirməyə hazırlaşır. Bu barədə E.Nağızadənin əmisi Tahir Nağıyev bildirib. Onun sözlərinə görə, ailəsi mətbuat konfransında Elnura ünvanlanan ittihamlarla bağlı bir sıra məlumatlar açıqlayacaq: "Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. İki aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik. İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb. Elnurun həyatı təhlükədədir, ölüm təhdidləri alıb”. T.Nağıyev TQDK sədri Məleykə Abbaszadənin ünvanına bir sıra kəskin ittihamlar səsləndirib və mətbuat konfransında bütün dediklərini əsaslandıracaqlarını söyləyib.
Məlumat üçün bildirək ki, hüquq-mühafizə orqanları E.Nağızadəni axtarışa verib. Baş Prokurorluğun mətbuat xidmətindən deyilib ki, sabiq mətbuat katibi ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma,
hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Məsələni dəyərləndirən hüquq müdafiəçisi İradə Cavadova "Şərq”ə açıqlamasında vurğulayıb ki, onun kim tərəfindən gizlədilməsi hələ ki bilinmir: "Biz bunu tam dəqiq bilmirik. Fakt üzrə cinayət işi açılıb. Ola bilsin ki, bu işdə daha yüksək vəzifəli şəxslərin barmağı var. Amma yenə deyirəm ki, yanıla da bilərik. Yalnız ehtimallarımızı paylaşırıq. Ona görə də, cinayət tam açılmasa, konkret söz demək olmaz. Problemin tam çözülməsi üçün cinayət işi yekunlaşmalıdır. Onun ölkədən çıxıb-çıxmaması ilə bağlı məlumat əldə etmək Daxili İşlər Nazirliyi üçün o qədər də çətinlik törətmir. Onun telefonları olub. Rabitə dairəsini müəyyən etmək mümkündür ki, sonuncu dəfə kimlərlə danışıb. Bu işləri aparmaq DİN istintaq orqanının vəzifəsidir. Digər yandan onun ölkədən giriş-çıxışı araşdırılmalıdır”.
İ.Cavadova diqqətə çatdırıb ki, E.Nağızadənin təkbaşına fəaliyyət göstərməsi mümkün deyil: "Yəqin ki, o bu işləri bir qrup şəxslə həyata keçirib. Təbii ki, yalnız özü bunun açıqlamasını verə bilər. Başqa şəxslər onu gizlətmək məqsədilə yoxa çıxarıblarsa, onlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar”.
Ayyət Əhməd