Elon Maskın qlobal internet layihəsinə rəsmi icazə verildi





Elon Maskın "SpaceX” şirkəti "Starlink” peyk interneti şəbəkəsi yaratmaq üçün ABŞ-ın rabitə üzrə Federal Komissiyasından rəsmi icazə alıb.

İKT.lent.az-ın xəbərinə görə, "SpaceX” qlobal internet layihəsi üçün 12 min peyk buraxmağı planlaşdırır, lakin Komissiya hələlik 4424 peykin buraxılmasına razılıq verib. Qalan peyklər üçün ilkin öhdəliyin yerinə yetirilməsi lazımdır. Bundan başqa, dövlət qurumu tələb edib ki, peyklərin yarısı 2024-cü ilə qədər orbitə göndərilməlidir.

"”SpaceX” qeyd olunan stansiyaların maksimal sayının 50 faizinin buraxılışını həyata keçirməlidir. Bu stansiyaların idarə edilməsi 2024-cü il martın 29-dan gec olmayaraq başlamalıdır”, - deyə qərarda bildirilir.

"SpaceX”in əməliyyat direktoru Qvinn Şotvell dövlət qurumuna təşəkkür edib: "Hələ xeyli iş görməli olduğumuza baxmayaraq, bu qərar yeni nəsil peyk şəbəkəsi yaradılması yolunda vacib addımdır. Bu qlobal şəbəkə bütün Yer kürəsi üzrə əlçatan və etibarlı genişzolaqlı rabitənin təmin olunmasına imkan verəcək. Xüsusən bu, hələ də internetin olmadığı regionlara aiddir”.


Qeyd edək ki, fevralın sonunda "SpaceX” orbitə sınaq məqsədilə 2 peyk göndərib.