Əlvida, komandir!

Rayonda hamı onu tanıyırdı“Tərtərin bir qarış torpağı düşməndə deyilsə, bu Sərdarın igidliyidir”
Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı və rayonun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib. Sərdar Həmidov müharibə illərində çoxlu güllə və qəlpə yarası alıb. Uzun müddət səhhətində problem olub. Mərhum yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan və diabetdən əziyyət çəkirdi.
Ötən gün səhər saatlarında qəfil halı pisləşən keçmiş döyüşçü 1 saylı Klinik Xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qəhrəman döyüşçü qoruduğu Tərtər rayonunda dəfn edilib. Onun dəfnində silahdaşları da iştirak edib. Məlumat üçün bildirək ki, S.Həmidov sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı idi. 1992-1994-cü illərdə Tərtər rayonu ərazisini tam şəkildə müdafiə edən yeganə bölgə olub. S.Həmidov həmçinin, Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasında müstəsna xidmətlər göstərib. Xidmətlərindən dolayı Azərbaycanın ozamankı prezidenti Əbülfəz Elçibəy tərəfindən ona Fəxri Fərman verilib. Mərhum döyüşçü ilə bağlı fikirlərini bölüşən sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib ki, Sərdar Həmidov Tərtər ətrafında gedən döyüşlərdə həm icra başçısı, həm də vətənpərvər kişi kimi əlindən gələni edib: "O, Vətən yolunda canla-başla xidmət göstərib. Döyüşən qeyrətli kişilərə havadarlıq edib. Ağdərə alınandan sonra həmin ərazilərdə, əkin sahələrində böyük işlər görüb. İndiki bir çox icra başçılarından fərqli olaraq Qarabağ qazilərinə, şəhid ailələrinə hər zaman yardım edib. Qarabağ qazilərinə böyük hörmətim var. Mən o dövrdə döyüş bölgəsində olan bütün rayonların icra başçılarının rütbəsini bir pillə artırmışdım. Sərdar Həmidov da ehtiyatda olan kapitan idi, ona ehtiyatda olan mayor rütbəsi vermişdim”. "Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca "Şərq”ə açıqlamasında Sərdar Həmidovla dost və silahdaş olduqlarını deyib: "Sərdar Həmidov icra başçısı olsa da, öz ailəsini bir gün də olsun Tərtərdən çıxartmayıb. Əgər tərtərlilər düşmənə bir qarış da torpaq verməyibsə, bu, Sərdarın igidliyinin nəticəsidir. O, daim səngərdə idi və bütün rayon əhalisi də ona baxıb səngərlərə axışmışdı. Tərtəri elə bir rayona çevirmişdi ki, orada hər şey cəbhə üçün işləyirdi. Əsl igid idi. Təəssüf ki, həbsxanaya düşdü”. Tərtərli jurnalist, "Yeni Müsavat " qəzetinin əməkdaşı Kənan Rövşənoğlu da mərhum komandirlə bağlı xatirələrindən danışıb: "Sərdar Həmidov əsl komandir, əsl icra başçısı kimi yadda qaldı. Bu gün hər bir tərtərlidə bir Sərdar Həmidov ehtiramı var. İnsanlar onu rayonun qoruyucusu hesab edirdi. Bunu rayonda istədiyiniz adamdan soruşsanız, eyni cavabı alarsınız. Onu Tərtərdə uşaqdan böyüyə hamı tanıyır. Savaş bizim yeniyetmə dövrümüzə düşdü, amma olanları izləyirdik. Hər insanın qiyməti onun əməlləri ilə ölçülür. Sərdar bəy vətənə, torpağa xidmət etdi, onun qorunması üçün əsl mübarizə apardı. Bu səbəbdən də o, Qarabağ şəhididir. Allah rəhmət eləsin!”.
İsmayıl