Əlvida “Şanxay”...

Bakının məşhur məhəlləsi tam söküləcək




Evləri sökülən sakinlər üçün ya alternativ evlər ayrılmalı, ya da onların istədiyi
məbləğdə kompensasiya verilməlidir

Yaxın günlərdə Keşlədəki "Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq.

Bu barədə virtualaz.org saytına "Şanxay” sakinlərinin özləri məlumat veriblər.

"Şanxay”lıların sözlərinə görə, ötən həftədən evlərin qeydiyyata alınmasına başlanılıb. Qeydiyyata alınan evlərin ümumi yaşayış sahəsi ölçülür. Sentyabrdan evlərin sökülməsinə başlanılacağı bildirilib.
Qəsəbə sakinlərinin iddiasına görə, evləri qeydiyyata alanlar söküləcək evlərə görə ödəniləcək məbləği açıqlamır, bu isə sakinlərin narahatlığına səbəb olub. Suallarına cavab ala bilməyən sakinlərə heç kim kvadrat metrə görə nə qədər ödəniləcəyini demir. Bəziləri 1000, bəziləri isə 1200 manatdan ödəniləcəyini söyləyir. Bundan əlavə, həyət, qeyri-yaşayış sahələrinin nəzərə alınıb-alınmayacağını da öyrənə bilmirlər.

Nizami Rayon İcra Hakimiyyətindən deyiblər ki, "Şanxay” qəsəbəsində evlər dəmiryolu xəttinin üstündə yerləşdiyindən söküntü işlərinə də Dövlət Dəmir Yolu İdarəsi QSC baxacaq.
Qeyd edək ki, "Şanxay”da - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. "Şanxay”dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mertdir.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova evlərin sökülməsinin çox incə bir məqam olduğunu deyib. Onun sözlərinə görə, əhalinin narazığı yarana bilər ki, qətiyyən buna yol vermək lazım deyil. Evləri sökülən sakinlər üçün ya alternativ evlər ayrılmalı, ya da onların istədiyi məbləğdə kompensasiya verilməlidir: 

"Evləri sökülən sakinlərə hər kvadrat metrə görə 2000 manat verilməlidir. Bunu mən elə-belə demirəm. Bu barədə Prezidentin qərarı var. Sakinlər bu qərar əsasında öz haqlarını tələb etməlidir. Bələdiyyələr və "JEK”lərdən pullarını qəpiyinə qədər tələb etsinlər. Çünki aidiyyəti qurumlar hər kvadrat metrinə görə dövlətdən 2000 manat alıb 1000 manatla sakinlərin başlarını qatırlar.

 Qalan 1000 manatı da ciblərinə qoyurlar. 1500 manatdan aşağı pul versələr, sakinlər razılaşmasınlar. "Sovetski” sakinlərinin başına nə oyun gətirdilər?! Elə sakin oldu ki, hər kvadrat metrinə görə 800 manat verdilər. Kim ki, haqqını tələb elədi, etiraz səsini ucaltdı, həmin sakinlərə gizlindən artıq pul verdilər ki, digərlərini də "oyatmasın”. "Şanxay” sakinləri evlə yanaşı, yardımçı tikililərin, həyətin də pulunu tələb etsinlər”.

Şəymən