Əmək münasibətlərində ən ciddi cəza işdən qovulmaqdır

İspan futbolçulara görə hava limanının 7 əməkdaşının işdən çıxarılması adekvat cəza deyil



"Atletiko Madrid” klubunun Bakı səfəri ilə bağlı maraqlı məlumat yayılıb. Məlumata görə, ispanların Bakı səfərindən sonra 7 azərbaycanlı işini itirib. Madrid təmsilçisini Bakıya AZAL-a aid "Qarabağ” təyyarəsi gətirib. Heydər Əliyev Hava Limanına eniş edəndən sonra bütün xarici vətəndaşlar kimi onlar üçün ayrılan zolağa daxil olub qeydiyyatdan keçiblər.

Bu zaman hava limanında olan həmyerlilərimiz ispan futbolçulara yaxınlaşıb həm avtoqraf alıblar, həm də şəkil çəkdiriblər. Bu mənzərə isə qonaqların ürəyincə olmayıb və hava limanının rəhbərliyinə şikayət ediblər ki, sizin vətəndaşlar bizi yorur. Çünki onlar tez zamanda qeydiyyatdan keçib otelə getmək istəyirdi. Məhz bu səbəbdən hava limanının rəhbərliyi belə qərara gəlib ki, "Atletiko” futbolçuları İspaniyaya qayıdanda onları arxa qapıdan keçirib təyyarəyə yola salsınılar. Bu zaman isə hava limanında çalışan əməkdaşlar ispanlarla şəkil çəkdirmək üçün müraciət edib.

Onların sayı 7 nəfər olub. Bakıda xal itirdikləri üçün onsuz da əsəbi olan Madrid futbolçuları bu durumdan qəzəblənərək yenidən hava limanının rəhbərliyinə şikayət ediblər. İspanların növbəti şikayətindən sonra isə rəhbərliyin qərarı ilə hava limanının ispanlarla şəkil çəkdirən 7 əməkdaşı işdən azad olunub. 

Beləliklə, "Atletiko”nun Bakı səfəri 7 azərbaycanlının işini itirməsi ilə nəticələnib.

Həmyerlilərimizin işdən çıxarılmasına münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov verilən qərarın adekvat olmadığını düşünür. 

Onun sözlərinə görə, futbolçular avtoqrafı pulla verir, ümumiyyətlə buna bir reklam işi kimi baxırlar və avtoqraf verməkdən imtina etmək onların haqqıdır:

 "Onlar təhlükəsizlik tədbirlərinin görülməməsi ilə bağlı narazılıqlarını bildirə bilərlər, amma bunu cəza kimi qeyd eləmək düzgün deyil. Əmək münasibətlərində ən ciddi cəza işdən çıxartmaqdır. Əgər belə qərar verilibsə, əlbəttə, bu cəza adekvat deyil. Həmin işçilərə xəbərdarlıq eləmək, töhmət vermək olardı. Burda cəza tətbiqinə ədalətli baxardım, bir şərtlə ki, o cəza adekvat olsun. Bu halda cəzanı düzgün hesab eləmirəm. Ola bilsin qaydaları pozub, qonaqlara münasibətdə artıq hərəkətlərə yol veriblər, lakin bu, vətəndaşların qonaqlara olan yaxşı münasibətinin nəticəsidir”.

Yeganə Bayramova