“Azərpaşa mənim müəllimim olub. O da məndən inciyir ki, ölümün üstündən keç, ancaq mətbuat konfransı eləmə”
Əməkdar artist “od püskürdü”
Əli Nur: “50 ilin aktyoruyam, siçan yuvasında yaşayıram”
“Azərpaşa mənim müəllimim olub. O da məndən inciyir ki, ölümün üstündən keç, ancaq mətbuat konfransı eləmə”
“Azərpaşa mənim müəllimim olub. O da məndən inciyir ki, ölümün üstündən keç, ancaq mətbuat konfransı eləmə”
Akademik Milli Dram Teatrın aktyoru, Əməkdar artist Əli Nur yenə od püskürdü. Sənətçi ona qarşı olan haqsızlıqlardan danışıb. Aktyor bildirib ki, onu nə nazir, nə də kimsə susdura bilməz. "Şərq”ə danışan Əməkdar artist mədəniyyət nazirliyini ədalətsizlikdə suçladı. Ötən həftə mətbuat konfransı keçirmək istədiyini bildirən aktyor tədbirin təxirə salınmasını məşqlərin olması ilə izah etdi:
"Bəli, mənim mətbuat konfransımı eşidən kimi dərhal məşq saldılar, həmin axşam da teatrda tamaşa salındı ki, mən mətbuat konfransını keçirə bilməyim. Amma mən fikrimdən dönən deyiləm. Artıq Mədəniyyət Nazirliyi tamam ağ edir. Axı mənim nazirliklə münasibətimi jurnalistlər bilmir. 20 ildir mənim başıma oyun açırlar. 10 ildi mədəniyyət naziri Əbülfəz Qarayev mənə hansı vədləri verməyib? Həm də kimlərin yanında? Fatma xanım Abdullazadənin, yazıçı Anarın yanında. Mən bunların mövqeyini başa düşə bilmirəm. İldə 2-3 dəfə nazir məni yanına çağırır, yalvarır, vəd edir ki, bu günlərdə məsələ həllini tapacaq. Ədalət Vəliyev keçən ay iki dəfə mənim telefonuma zəng edib. Sonra da sanki heç nə olmamış kimi özlərini aparırlar. Mənimlə bunların qərəzi nədir, bilmirəm. 1983-cü ildə Sumqayıt teatrından adım Əməkdar artist olmaq üçün təqdim olunub. İllər sonra bu ada layiq görülmüşəm. Mən 50 ilin aktyoruyam. Hər il uşaq başı kimi məni aldadırlar ki, adın təqdimata verilib. Mən məcbur qalıb Prezidentə müraciət edəcəm. 50 ilin aktyoruyam, siçan yuvasında yaşayıram. Məni Sumqayıt Teatrında o vaxt Bakıya təyin edəndə nazir müavini dedi ki, bunun qiymətini verin. O zaman nazir müavini dedi ki, Əli Nur Həsənağa Salayev kimi böyük istedadı olan aktyordu. Hətta dedi ki, 6 aya Əməkdar, 8 aya Xalq artisti olmalıdır. Mən 30 yaşında Sumqayıtda teatr direktoru olmuşam. SSRİ mədəniyyət naziri mənə təşəkkür elan etdi. Mən başa düşmürəm ki, mən illərimi vermişəm teatra, niyə mənim dəyərimi verən yoxdu. Məni bu teatra gətirəndə o vaxt nazir müavini Əli İsmayılov dedi ki, bu aktyora dəyər, qiymət verin. Mənim tamaşalarımı izləyən rus yazarları, rejissorları, teatr biliciləri barəmdə risenziyalar, yazılar yazıblar. Tofiq Kazımov mənim ata şeirimi dinləyəndə uşaq kimi ağlayırdı. Mənim kimi aktyora niyə dəyər verilmir? Tatarıstanın mədəniyyət naziri mənə dedi ki, kaş sən teatr aktyoru olaydın. Əbülfəz Qarayev dəfələrlə böyük insanların, şəxsiyyətlərin yanında mənə söz verib ki, sənin ad məsələn bu dəfə həll olunacaq. Hanı? Fatma xanım Abdullazadə məndən xahiş etdi ki, Qabilin yubileyində mərsiyə söyləyim. Bir gecəyə o mərsiyəni əzbərlədim. Halbuki, neçə aktyora müraciət edilib, bir gecəyə onu hazırlaya bilməyiblər. Cənab Prezident Heydər Əliyev o vaxt bu mərasimdə iştirak edib, məni alqışlayıb. Nə Əminə Yusifqızı, nə də Mikayıl Mirzə buna razı olmadılar ki, bir gecəyə əzbərləyə bilmərik. Bunları Əbülfəz Qarayev bilmir ki? Mən belə yüzlərlə fakt deyərəm. Məni uşaq yerinə qoyublar. Mən dünənin uşağı deyiləm e. Mənim tələbələrim Əməkdar artistlər olub, Xalq artistləri olub, mən isə oyuncaq kimi kiminsə əlində qalmalıyam? Ayıbdı? Bu nə ədalətsizlikdi? Teatra kimlər nəzarət edir? Teatrda bir rejissor sənəti yoxdu. Teatrlarımızı iflic gününə qoydular. Əbülfəz Qarayev verdiyi sözünə niyə hörmət etmir? İndi Azərpaşa Nemətovu teatra göndərib. Teatrı məhv edəndən sonra onu teatra göndərirsən. Azərpaşanı 20 il əvvəl teatra göndərməli idin. Tanımırdın onu? Məni Azərpaşa Nemətovla da üz-üzə qoydular. Azərpaşa mənim müəllimim olub. O da məndən inciyir ki, ölümün üstündən keç, ancaq mətbuat konfransı eləmə. Mən neçəsinin ölüsünün üstündən keçim ki? Deyir ki, mən sənin əlindən başımı götürüb hara gedim? Mən də deyirəm ki, mən quldurluq etmirəm ki? Haqqımı tələb edirəm. Mən 50 ildir səhnədəyəm. Ulu öndər mənə dəyər verirdi. Mehdi Məmmədov, Məlik Dadaşov mənə dəyər verirdi. Mənə dünən universiteti qurtaran tələbələrim qədər hörmət qoymurlar. Bu ədalətdi? Mən nə qədər susum? Bu gün Azərbaycan teatrlarında mənim qədər güclü aktyor var? Bir-iki nəfər qalmışıq da. Mənim 50 illik teatr həyatımı niyə görmürlər? Ağzı söz tutmayan, səhnədə titrəyib, ayağı büdrəyən aktyorlara Xalq artisti adını verirsiz. Aktyordular onlar? Mənim oxuduğum kitabları oxumağa Əbülfəzin nə savadı, nə də ömrü çatar. Sən, Əbülfəz Qarayev, mənə onlarla insanın, sənətkarların, ziyalıların yanında deyirsən ki, sən Aleksandryevski kitabxanasan. Bəs niyə qiymətimi vermirlər? Sən Əbülfəz Qarayev məni görəndə qucaqlayıb deyirsən ki, mənim dostumsan, canımsan. İnsan düşməninə belə ədalətsizlik etməz, sən necə dostsan bəs? Mənə əslində bundan sonra o ad verilsə də, maraqlı deyil, heç dəyəri də olmayacaq. Amma mən haqqımı almaq üçün onları Allahın qapısına qədər qovacam. Siyavuş Aslanla mən nazirin əmri ilə o vaxt teatra gəlmişəm. Axı məni şərtlə bura gətiriblər. Doğrudanmı mənim kimi aktyor 35 ildə heç inkişaf etmədi?! Axı mən 50 ilimi teatra həsr etmişəm. Mən niyə komada, siçan yuvasında yaşamalıyam ki? Mənə axı il ərzində neçə dəfə söz verilib ki, bu dəfə ad veriləcək. Bunlar mənə birinci kurs uşağı qədər qiymət vermirlər? Mən niyə bunlara hörmət etməliyəm? Mənə 500 manatlıq mükafat da vermirsən, Prezident mükafatı da almıram, Xalq artistinə də layiq deyiləm. Bəs mənə nə zaman qiymət vermək vaxtı çatacaq? Ziyafət Əsgərov mənə görə Ədalətə, Əbülfəz Qarayevə nələr dedi. Dedi ki, Əbülfəz, Əli Nur klassik aktyordu. İndi belə aktyor yoxdu. Onun dəyərini bilin. İndi mənim üçün nazir olublar. 10 ildə 50 dəfə Əbülfəz Qarayev mənə söz verib, amma hər dəfə də yerinə yetirməyib. Sənin ad verdiyin hansı sənətçidən zəifəm? Bunun cavabını mənə verə bilərsən. Mənə deyirlər müxalif mövqeyim var. Mən haqqımı tələb edirəmsə, müxalif sayılıram. Haqqı tələb etmək nə vaxtdan günah sayılıb? Nə qədər sənətkarın haqqını yeyib onun zəhmətini dəyərsiz etmək niyyətiniz var? Onlar elə bilir ki, məni sıxmaqla yolumdan döndərə bilərlər? Mən haqq yolumdan dönən deyiləm. Mətbuat konfransını da keçirib hələ demədiyim çox sözləri deyəcəm”.
Tahirə