Əməkdaşlıqdan gözləntilərimiz var...

Avropa İttifaqı bu regionda Azərbaycansız bir şey əldə edə bilməz
Avropa İttifaqı Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir və onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Son siyasi prosesləri şərh edən əksər ekspertlərin gəldiyi nəticə belədir. Onların fikrincə, artıq Avropa İttifaqı Azərbaycanın gücünü etiraf edir və onunla təzyiq, təhdid vasitələri ilə davranmağın heç bir nəticə verməyəcəyini başa düşür.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib ki, Azərbaycan Avropa İttifaqının xarici siyasətində həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərdə mühüm yer tutur. Deputatın sözlərinə görə, Avropa İttifaqı bu regionda Azərbaycansız bir şey əldə edə bilməz: 
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan ölkədir. Aİ rəhbəri Donald Tuskun səfəri də sübut etdi ki, Avropa İttifaqı Qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir”.
M.Qasımlı onu da vurğulayıb ki, Avropa İttifaqı ilə əməkdaşlıqda Azərbaycanın bir sıra gözləntiləri var: "Bunlar Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, milli maraqların qorunmasıdır. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əməkdaşlığı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Eyni zamanda, Azərbaycanın region ölkələri ilə yaxşı münasibətləri Avropa İttifaqının əleyhinə deyil. Ona görə də hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanın maraqlarını nəzərə almalıdır”. Millət vəkilinin sözlərinə görə, əgər həmin maraqlar nəzərə alınmasa, Avropa İttifaqı bundan qazanmaz.
Millət vəkili Eldar İbrahimov da bildirib ki, avroatlantik məkana inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da həmin məkanla, beynəlxalq qurumlarla əməkdaşlıq üçün bir o qədər lazımlı və əhəmiyyətlidir: 
"Bu fikri artıq neçə illərdir, həm ölkə rəhbərliyi, həm parlamentarilər, həm də siyasilər səviyyəsində dəfələrlə açıq şəkildə bəyan etmişik, prinsipial mövqeyimizi dönmədən ortaya qoymuşuq. Çox qısa zaman kəsiyində sürətli və dinamik inkişaf yolu keçən Azərbaycan regionun və dünyanın lider, aparıcı, söz və nüfuz sahibinə çevrilən dövlətlərindən biri olmaqla, Avropanın və dünyanın enerji təhlükəsizliyində, sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir. Azərbaycan müstəqil xarici və daxili siyasət kursu yeridən, heç kimin dirijor çubuğu ilə idarə olunmayan bir dövlət olaraq, beynəlxalq birlikdən, beynəlxalq təşkilatlardan, Avropa qurumlarından da onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını istəyir və tələb edir. Bu, bizim haqqımızdır və heç zaman da dəyişməyəcək birmənalı mövqeyimizdir”.
Deputat hesab edir ki, Azərbaycan artıq onunla zor, təhdid, şantaj, təzyiq, diktə dilində danışılmasını qəbul etmir və bundan sonra da qəbul etməyəcək: "Dəfələrlə demişik, bəyan etmişik ki, Azərbaycanla artıq heç kim, heç bir qüvvə, heç bir dövlət zor və təhdid dilində danışa bilməz və əgər kimlərsə də buna cəhd edərlərsə, edəcəklərsə, sərt təpki ilə üzləşəcək, qarşılığını lazımınca alacaqlar. Çünki müstəqil Azərbaycan Avropaya da, dünyaya da açıq, şəffaf bir dövlətdir. Bizim hansısa məsələdə gizlədiləcək bir şeyimiz, kimdənsə, nədənsə qorxacağımız, ehtiyat edəcəyimiz bir məqam yoxdur. Biz nə istəyirik, sadəcə və sadəcə, Azərbaycana qarşı ədalətli mövqe sərgilənməsini, haqqın-ədalətin ortaya qoyulmasını, Azərbaycanın illərdən bəri məruz qaldığı, üzləşdiyi işğal faktının etiraf olunmasını və aradan qaldırılmasına əməldə köməklik göstərilməsini istəyirik. Burada qəbahətli nəsə var ki? Ancaq bunun əvəzində Azərbaycana qarşı ikili standartları, ədalətsiz və haqsız yanaşmaları, təcavüzkarın şirnikləndirilməsi cəhdlərini görürük və buna da haqlı olaraq öz sərt, barışmaz mövqeyimizi ortaya qoyuruq. Azərbaycan bütün beynəlxalq qurumlarla bərabərhüquqlu əsaslar üzərində qurulan əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdır, o cümlədən, Avropa İttifaqı ilə də”. Millət vəkili bəyan edib ki, konkret olaraq Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, bu qurum Azərbaycanla əməkdaşlıqda maraqlıdır və az qala onlar tərəfindən yandırılmış körpünü bərpa etmək niyyətindədir: "Onların nə dərəcədə səmimi olub-olmadığını gələcək zaman göstərəcək. Ancaq elə bilirəm ki, bu, Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən digər beynəlxalq qurumlara da bir ibrət, bir dərs olmalıdır. Onlar da artıq Azərbaycanla təhdid, təzyiq dilində danışılmasının qeyri-mümkün olduğunu anlamalı, dərk etməli və bir an öz yanlış addımlarından geri çəkilməlidirlər. Bundan yalnız onlar özləri qazana bilərlər, bunun yalnız onların özünə xeyri olar. Bir sözlə, Azərbaycan hələ uzun illər çoxlarına lazım olacaq, bizə hələ çox ehtiyac duyulacaq”.
İsmayıl