Əməliyyat olundu

“Bəlkə də Şahbazı döyüb o günə salıblar. Ödünü partladıblar”




Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə əməliyyat olunub. Bu barədə "Kavkazski uzel” portalı xəbər yayıb. Məlumata görə, Xankəndindəki xəstəxanaya yerləşdirilən soydaşımıza baş çəkən Dağlıq Qarabağdakı "Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da məsələyə münasibət bildirib. O söyləyib ki, təmsil olunduğu komitə girovlarımıza baş çəkir, onların sağlamlıq durumu ilə maraqlanır, amma bu barədə ictimaiyyətə açıqlama vermir”.

Qurum sözçüsü Ş.Quliyev və Dilqəm Əsgərovun saxlanma şəraiti barədə də informasiyanın ictimaiyyətə açıqlanmadığını vurğulayıb.

Məsələnin hüquqi tərəfinə aydınlıq gətirən İnsan Hüquqları üzrə Maarifçilik İctimai Birliyinin rəhbəri İradə Cavadova "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, ən ağrılı yerimizdir. Çünki onlar barədə heç bir doğru-dürüst məlumat ala bilmirik. Hüquq müdafiəçisinin sözlərinə görə, girovlarımızın ətrafında qurulan saxta məhkəmə və onların saxlanılmasının heç bir hüquqi əsası yoxdur: "Bilirik ki, hazırda girovlarımız təzyiq altındadırlar. Döyülürlər. Bunu ekspertizasız da görmək olur. Düzdür, məlumat verilir ki, o, öd kisəsində yaranmış problemlə əlaqədar əməliyyat olunub. Amma xəstəliyinin səbəbini bilmirik. Bəlkə də Şahbazı döyüb o günə salıblar. Ödünü partladıblar. Girovlarımızın əvvəlki və indiki şəkillərini yan-yana qoyanda hər şey məlum olur. Ümumiyyətlə heç özlərinə oxşamırlar. Hər ikisinin gözlərinin altını döyüb qaraltmışdılar. Dişləri yox idi. Bu, açıq şəkildə görünürdü. Bunlar işgəncə faktorlarıdır. Onları hər gün öldürüb, dirildirlər. Beynəlxalq qurumların buna heç bir reaksiya verməməsi təəssüf doğurur”.

BQXK-nin fəaliyyətinə diqqət çəkən müsahibimiz söyləyib ki, onlar girovlarla bağlı heç vaxt məlumat vermirlər: "Belə məsələləri məxfi saxlayırlar. Heç vaxt açıqlamırlar. Amma onların hesabatları var. Hesabata uyğun məxfi tədbirlər görürlər. Onlar ictimaiyyətə açıqlama verə bilməzlər. Amma düşünürəm ki, bu, dövlət səviyyəsində həll olunan məsələdir. Əminəm ki, rəsmilərimiz də bu məsələ ilə məşğuldurlar. Ola bilsin ki, onlara hansısa məlumat ötürülüb. Məlumatlar məxfi saxlanıldığından adıçəkilən komitə heç nə deyə bilməz”.

Beynəlxalq təşkilatların xidmətinə toxunan İ.Cavadova vurğulayıb ki, onlar girovlarımızın başına gətirilənlərə göz yumurlar: "BMT və digər qurumlar reaksiya verməlidirlər. Çünki burada söhbət insan haqlarının pozulmasından gedir. Lakin separatçı ölkəyə heç bir irad bildirilmir. Bu bizi çox sarsıdır”.

Ayyət Əhməd