Nuray Könül Kərimovadan güclü ifaçı olacaq
“Mən də bibisi olaraq sonuna qədər onun arxasındayam”
İstedadlar diqqətdən qaçmır. Yetər ki, düzgün zaman və məkanda bir dəfə o qığılcım özünü göstərsin. Bu günlərdə 12 yaşlı Nurayın da istedadı diqqətdən qaçmadı. Bir çox tanımışların övladları, yaxınları səhnəyə gəlməyə maraqlı olurlar. Bəzilərinin istedadı var deyə səhnəyə gəlir, bəzilərinə sadəcə tanınmışların yaxını olduqları üçün səhnəyə gəlmək asan görünür. Amma istənilən halda istedad özünü göstərə bilir.
Bu günlərdə məşhur müğənni Könül Kərimovanın qızının toyunda məşhur türk müğənnisi Linetin "Şeytan diyor ki” mahnısını ifa edən Nurayın ifası diqqətimizdən qaçmadı. Yeri gəlmişkən, söhbət müğənni Könül Kərimovanın qardaşı qızı Nuraydan gedir. Müğənninin qızının toyunda səhnəyə çıxan Nurayın ifası, səs tembri eşidənləri təsirləndirdi.
Könül Kərimovanın qardaşı qızı barədə bilgiləri elə müğənninin özündən aldıq. Könül Kərimova qardaşı qızı haqqında "Şərq”ə danışdı:
"Ailəmizdə musiqiyə sevgi genetikdir. Demək olar ailəmizdə hamının musiqi duyumu, səsi var. Atam, anam, qardaşlarım musiqini sevən, musiqiyə dəyər verən insanlardı. Əslində qarabağlıların xəmiri musiqiylə yoğrulub, bizim ruhumuz muğamla bəslənib deyə hər birimizdə musiqi duyumunu hiss etmək olar. Sadəcə bir də var Allahın verdiyi istedad. Nuray istedadlı uşaqdı. İnanın, onun yaşında mən heç vaxt bu qədər cəsarət edib o repertuarlara müraciət etməzdim. Biz uşaq mahnıları ifa edərdik o yaşda. 4-cü sinifdə oxuyur, amma ifa etdiyi musiqilərə mən bu gün də müraciət etməyə cəsarət etmərəm ki, birdən yaxşı alınmaz. Türk mahnıları var ki, onları ifa etmək üçün səs lazımdı, həmin musiqinin texnikasını bilmək lazımdı.
Nuray imperator İbrahim Tatlısəsin ən çətin ifa olunan mahnılarını o qədər mükəmməl ifa edir ki, mən onun cəsarətinə heyran qalıram. Nurayın iddiaları böyükdü, hədəfi, məqsədi var. İnşallah, musiqi təhsili alacaq, Bakı Musiqi Akademiyasına hazırlaşır. İnanın, əgər onun istedadına əmin olmasaydım, bu barədə bu qədər ürəklə danışmazdım. Qardaşım qızı olduğu üçün də onu tərifləmirəm, istedadı var deyə rahat danışa bilirəm.
Mənim qızımın da səsi olub, oğlumun da səsi var, oxuyur. Ancaq onların səhnəyə gəlməsinə imkan verməzdim. Çünki onlarda bu qədər istedad, bu qədər iddia görmürdüm. Nuray Könül Kərimovadan da güclü ifaçı olacaq. Mən bunu əminliklə deyə bilirəm. Əgər ən azı mənim qədər səhnəni sevməsəydi, istedadı olmasaydı, imkan verməzdim ki, səhnəyə gəlsin. Amma Nuray fitri istedada sahibdi.
Mən də bibisi olaraq onun sonuna qədər arxasındayam. Əslində belə istedadı olanlara dəstək lazımdı ki, səhnədə təsadüflərə yer olmasın. Səs tembri yaşına görə çox güclüdür, müraciət etdiyi repertuarlar o yaş üçün ağırdı. Nurayın səhnəyə gəlişi inanın ki, böyük səs-küyə, marağa səbəb olacaq. O, Könül Kərimovanın bu günə qədər edə bilmədiyi, utanaraq, özünə qadağa qoyduğu sədləri dağıda biləcək, mənim arzulayıb həyata keçirmədiyim bütün böyük layihələrə imza atacaq. Nurayın gələcəyi parlaqdı, çünki kifayət qədər iddialı və cəsarətlidir”.
Tahirə