"Əmrinizi gözləyirik, Ali Baş Komandan"

Dünyanın hər yerindən Prezident İlham Əliyevə müraciətlər gəlir
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan minlərlə Azərbaycan vətəndaşları, eləcə də dünyanın bir çox xarici ölkələrində yaşayan soydaşlarımız, həmçinin ölkəmizi sevən əcnəbi şəxslər Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlayaraq silahlı qüvvələrimizin qələbəsini təbrik ediblər. Yüzlərlə insan cənab Prezident İlham Əliyevə müraciət edərək Qarabağın azadlığı uğrunda savaşmaq arzusunda olduqlarını, Ali Baş Komadandan döyüş əmri gözlədiklərini bəyan ediblər. Ölkə başçısının ətrafında sıx birləşdiklərini vurğulayan şəxslər Prezidentin apardığı uğurlu siyasəti dəstəklədiklərini diqqətə çatdırıblar. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə qürurverici müraciətlərdən bir neçəsini təqdim edirik.
Almaniyanın Köln şəhərində yaşayan Menderes Çağlayan Azərbaycan Prezidentinə müraciətində yazıb: 
"Cənab Ali Baş Komandan. Mən Almaniyada yaşayan türkəm. Ermənilərlə döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinin yeri mütləq cənnətdədir. Qardaş Azərbaycan xalqının başı sağ olsun. Azərbaycan Ordusuna yeni qələbələr arzu edirəm. Qardaş ölkənin torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil. Bunu Siz edəcəksiniz. Sizə uğurlar olsun. Sizi çox sevirik”.
Türkiyənin onlarla vətəndaşı da Prezident İlham Əliyevə cəbhə xəttində baş verənlərlə bağlı dəstək məktubu ünvanlayıblar. Türkiyənin Konya şəhərinin sakini Faruk Aydın müraciətində yazıb:
"Qardaş Azərbaycan ordusunun son günlərdə düşmən üzərində qələbəsi bizi çox sevindirir. Vətənin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmaq şərəfdir. Şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, Sizə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, canlarını Vətən uğrunda qurban verənlərin yaxınlarına səbir diləyirəm. Türkiyə vətəndaşı olaraq qardaş Azərbaycana maddi və mənəvi dəstəyimizin əbədi olduğunu bildirmək istəyirəm”.
Füzuli rayonundan olan Qəhrəman Həsənov da Ali Baş Komandanın apardığı siyasəti dəstəklədiyini qeyd edib: "Ön cəbhəyə döyüşlərə getmək üçün Sizin əmrinizi gözləyirik. Bu qətiyyətlə, bu inamla biz qalib gələcəyik".
Rusiya Federasiyasının Novokuznetsk şəhərindən yazmış Anar Əzimov da Ali Baş Komandanı bəzi kəndlərimizin işğaldan azad olunması münasibətilə təbrik edib: " Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbr diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir. Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm".
Ehtiyatda olan döyüşçü, Ağdam rayon sakini Eldar Bəhramov da prezidentə minnətdarlığını bildirib: " Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürək açan uğuruna sevinirəm və ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı kimi döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də tam hazıram. Vətən uğrunda döyüşməyə və Vətən yolunda canımdan keçməyə hazıram.
Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiz. İnsallah Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var. Bir daha Sizə təşəkkürümü bildirirəm, şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin, yaralılara da Allahdan şəfa diləyirəm".
Ehtiyatda olan hərbçi, Şahbuz rayon sakini Ədalət Rüstəm də Ali Baş Komandandan əmr gözlədiyini qeyd edib: "Qarabağ münaqişəsinin iştirakçısıyam. Azərbaycan Tibb Universitetinin auditoriyasından cəbhəyə getdim, bir ilə qədər döyüş bölgələrində könüllü xidmət etdim, gənc cərrah kimi yaralı əsgərlərimizin sağlamlığının keşiyində durdum. 22 ildir ki, Milli Ordumuzun, şanlı Silahlı Qüvvələrimizin qüvvətlənməsi, nizamlı, qüdrətli strukturlara, ən yeni hərbi-texnoloji silah-sursatlara, modern hərbi vasitələrə malik olacağını arzulamış və gözləmişəm. Həmin gün artıq yetişmişdir. Ən əsası nizamlı Milli Ordumuz Sizin birbaşa və məqsədyönlü siyasətiniz hesabına həmin səviyyəyə çatmış, inkişaf etmiş və aparıcı ölkələrin silahlı qüvvələri ilə yanaşı durmaq qüdrətinə yüksəlmişdir. Sülhməramlı qüvvələrin, antiterror koalisiyaların tərkibində Ordumuzun ayrı-ayrı hissələrinin uğurlu iştirakı, Qarabağ cəbhəsində düşmənə sarsıdıcı zərbələri sübutlarıdır. Belə Ordunun tərkibində, heç olmasa yanında olmağı, cərrahi təcrübəmi hərbi hospitallarda tətbiq etmək üçün Baş Komandanımızın əmrini gözləyirəm".
Türkiyənin Əskişəhər şəhərindən yazan Yakup Çalıkda da dəstəyini ifadə edib:
"Hörmətli cənab Prezident. Qardaş Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən təmizləmək istiqamətində son günlərdə uğurla keçirilən əməliyyatlar məni çox sevindirir. Mən də Azərbaycan Silahlı Qüvvələrinin tərkibində düşmənə qarşı vuruşmaq istəyirəm. Odur ki, məni də əsgər almağınızı xahiş edirəm. Qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında olmaq istəyirəm”. İstanbuldan müraciət ünvanlayan Günay Aytan da döyüşlərdə iştirak etmək istədiyini vurğulayıb: "Hörmətli cənab Prezident. Mən Azərbaycan əsilliyəm. Adım Günay Aytandır. İğdırlıyam, lakin hazırda İstanbulda yaşayıram. Ermənistan ilə müharibədə qardaşlarımın yanında olmaq, onlarla birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Azərbaycan ordusunun son günlərdə düşmən üzərində qələbəsi məni çox sevindirdi. Mən də Sizin Ali Baş Komandanlığınız altında ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmək istəyirəm”.
Qardaş ölkənin digər bir vətəndaşı Ferdi Yıldırım da öz dəstəyini ifadə edib:
"Hörmətli cənab Prezident İlham Əliyev! Allah Sizin və soydaşlarımızın yardımçısı olsun. Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan ordusunun cəbhədə uğurları bizi çox sevindirir. Mən doğma qardaşlarım azərbaycanlılarla birlikdə cəbhədə düşmənə qarşı döyüşməyə hər an hazıram. Canımız Qarabağa fəda olsun. Biz türklər canımızdan keçər, ancaq əcdadlarımızın yadigarı olan Vətənimizin bir qarışını düşmənə vermərik. Əmin ola bilərsiniz ki, Türkiyədə mənim kimi düşünən milyonlarla soydaşınız var”.
Almaniyanın Lauingen şəhərindən həmyerlimiz Fərrux Zeynalov da Ali Baş Komandana məktub göndərib:
"Mən Almaniyada yaşayıram və ölkədə gedən prosesləri izləyirəm. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, əgər lazım olarsa Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Xahiş edirəm, bizə imkan verin alını açıq, başı yuxarı gəzək. Qarabağsız bunu etmək olmur. Allah Sizi gorusun. Sizin bir əmriniz yetər gənclərin silaha sarılması üçün”.
Gəncədən İlham Məmmədov belə yazıb: "Hörmətli cənab Prezident, Ali Baş Komandan. Sizə uzun ömür cansağlığı arzulayiram. Sizin rəhbərliyinizlə Ordumuz böyük igidlik göstərib mənfur erməniləri pis vəziyyətə saldı. Siz Azərbaycan xalqının layiqli Prezidentisiniz. Mənim 50 yaşım olmasına baxmayaraq, Sizin əmrinizi gözləyirəm, hər an cəbhə bölgəsində döyüşməyə hazıram. Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyirəm. Allah Sizi qorusun Ali Baş Komandan”.
Litvadan Mahir Həmzəyev də ölkə başçısına müraciət ünvanlayıb: "Zati-aliləri cənab Prezident İlham Əliyev! Litva Azərbaycanlıları Cəmiyyəti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Ordusunun atdığı bütün addımları birmənalı dəstəkləyir və Ordumuzun irəliləməsini alqışlayır. Ordumuza uğurlar arzulayır və bildiririk ki, istər döyüş əməliyyatlarında iştirak etməyə, istərsə də təbliğat və informasiya qovğasında Ordumuza Baltik ölkələrində hər cür dəstək verməyə, xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni etməyə həmişə hazır olduğumuz kimi indi də hazırıq. Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri bu məsuliyyətli və həlledici tarixi mərhələdə Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməyə, Ordu və onun Ali Baş Komandanı İlham Əliyev ətrafında sıx birləşməyə çağırırıq”.
Rusiyanın paytaxtı Moskvadan Elvira Cəfərova və digər soydaşlarımız yazır: "Möhtərəm cənab Prezident. Moskvada və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəkləyir. Qısa müddətdə həyata keçirilən surətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinirik. Döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və ümumiyyətlə xaricdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində səylərinizi dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur. Bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanımızın əmrini gözləyir”.
Böyük Britaniyadan, Edinburqdan Cavid Məmmədli də Prezidentə müraciət ünvanlayıb: "Sizi və bütün Azərbaycan xalqını əldə etdiyimiz qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Mən də bir Azərbaycanlı kimi, ata yurdu işğal altında olan bir şəxs kimi müqəddəs missiyamızı yerinə yetirməyə hazıram və Sizin əmrinizi gözləyirəm. Allah Sizi hifz etsin və bütün şəhidlərimizə rəhmət eləsin”.
Paytaxt sakini Cavanşir Qurbanov da Ali Baş Komandana göndərdiyi müraciətdə həddindən artıq sevincli və qürurlu olduğunu dilə gətirib: "Son günlər cəbhə bölgəsində hərbi qulluqçularımızın düşmən təxribatına layiqli cavabları bizi bir Azərbaycan vətəndaşı kimi çox sevindirir. Bu ilk qələbə Sizin apardığınız məqsədyönlü siyasətin və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əvəzsiz səylərinizin nəticəsidir. İnanırıq ki, qələbə yaxındadır. Biz "Cavanşir” İdman Sağlamlıq Klubunun əməkdaşları torpaqlarımızın yağı düşməndən azad edilməsi üçün bir əsgər kimi səfərbər olmağa hazırıq və Sizin əmrinizi gözləyirik”.
Rusiyadan daha bir həmyerlimiz Emil Cabbarov yazır:
"Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təcavüzlə əlaqədar məni, Rusiya Federasiyasının vətəndaşı Cabbarov Emil Bəyoğlanoviçi hərbi xidmətə çağırmağın mümkünlüyü məsələsinə baxmağınızı xahiş edirəm. Mənim buna haqqım var, çünki Azərbaycan mənim və valideynlərimin tarixi Vətənidir”
Ukraynanın Xarkov şəhərində ali təhsil alan Elmir Misirzadə də Ali Baş Komandana müraciət edib: "Ukraynanın Xarkov şəhərində təhsil alan tələbələr olaraq son günlər cəbhədə düşmən təxribatlarının qarşısının Ordumuz tərəfindən qətiyyətlə alınmasından qürurlandıq. Biz tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq. İnanırıq ki, Sizin diqqət və qayğınız sayəsində qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq və cəbhədəki qələbələrimiz davamlı olacaq”. Türkiyənin Konya şəhərindən Mustafa Toklu da Ali Baş Komandanımıza müraciət edib: "Hörmətli cənab Prezident, mən Sizə Türkiyənin Konya şəhərindən yazıram. Bir türk olaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına verdiyi tutarlı cavabdan qürurlanır. Qardaş Azərbaycan tək deyil. Biz daim Sizin yanınızdayıq. Möhtərəm Prezident, mən özümə güvənən adamam, silahla davranmağı və təbiət şərtlərinə uyğunlaşmağı bacarıram. Əgər əmriniz olarsa, qardaşlarımızla çiyin-çiyinə vuruşmağı özümə şərəf bilərəm. Allah Sizi və Azərbaycan xalqını qorusun”.
Neftçala rayonundan olan Elgün Haqverdiyev də hazırda cəbhə xəttində gedən qızğın döyüşlərdə könüllü olaraq iştirak etməyə hazır olduğunu yazıb: " Yetər ki, Vətən sağ olsun, yetər ki, millətimiz sağ olsun".
Yardımlı rayonundan olan İlqar Həsənov da Ali Baş Komandandan əmr gözlədiyini bildirib: "Sizdən xahiş edirəm ölkəmizin, Vətənimizin bu günündə biz gəncləri könüllü olaraq öz istəyimizlə ordu sıralarına cəlb edəsiniz. Cəbhədə gedən döyüşlərdə vuruşan əsgər qardaşlarımızla bərabər döyüşmək, müqəddəs Vətənə olan borcumuzu yerinə yetirmək istəyirik. Əmrinizi gözləyirəm".
Türkiyənin İstanbul şəhərindən olan Barbaros Erduran isə Azərbaycanın dövlət başçısına "Hörmətli Prezidentimiz" deyə müraciəıt edib: "Müzəffər Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə qarşı apardığı əməliyyatlarda qazandığı zəfərin qürurunu və sevincini bizə yaşatdığınız üçün Sizə minnətdaram. Qıldığım hər namazdan sonra azərbaycanlı qardaşlarıma və şanlı Ordunuza dua edirəm. Qəlbim sizinlədir. Azərbaycan Ordusunun yeni qələbələrinin xəbərlərini eşitmək arzusundayam. Allahdan arzum budur ki, Azərbaycan Silahlı Qüvvələri tezliklə düşməni darmadağın edərək işğal altındakı torpaqları geri qaytarsın.
Möhtərəm Prezident, ehtiyac yaranarsa, Azərbaycan Ordusunun əsgəri kimi, ortaq Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm".
Prezident İlham Əliyevə məktub yazanlar, Ali Baş Komandandan döyüş əmri gözləyənlər arasında Azərbaycan qadınları da var. Beyləqən rayonunda yaşayan Vəfa Əliyeva yazıb: "Cənab Ali Baş Komandan! Biz Sizi daim dəstəkləyir, apardığınız siyasətinizi bəyənirik. Qarabağ uğrunda gedən döyüşlərdə Ali Baş Komandanımıza uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək. Biz Azərbaycan vətəndaşları olaraq hər an Vətənimizin keşiyində durmağa, onu qorumağa hazırıq".
"Ordumuzun bu uğurunu çoxdan gözləyirdik. Buna görə Ali Baş Komandan, Sizə təşəkkürümüzü bildiririk. Qələbələrimizin ardı-arası kəsilməsin! Cavanlarımızın ruh yüksəkliyi, döyüş əzmkarlığı, qələbə arzusu bizi sevindirir. Şəhidlərimizə görə kədərlənsək də, şəhidsiz Vətən olmaz. Mən də anayam. Yoldaşım da Qarabağ veteranı və ehtiyatda olan zabitdir. Gözümüzün ağı-qarası bircə oğlumuz var. Bu vətən uğrunda ailəlikcə vuruşa hazırıq. Hər zaman yanınızdayıq cənab Ali Baş Komandan. Sizə yalnız QƏLƏBƏ yaraşır". Bunu isə Bakıdan olan Məryam Fəhradova yazıb.
İsmayıl