“Ən aktual problemlərdən biri rayonda olan xanımların şəhərə axınıdır”
Sona Vəliyeva: “Mən jurnalistlərə müraciət edirəm ki, qoyulacaq mövzular televiziyalardakı kimi, şou xarakteri daşımasın”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edib. Müsabiqə ilə əlaqədar jurnalistləri məlumatlandırmaq məqsədi ilə dünən mətbuat konfransı da keçirilib. Müsabiqənin keçirilməsi və şərtləri barədə qısaca açıqlama verən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın sözlərinə görə, müntəzəm olaraq Komitə tərəfindən keçirilən bu müsabiqələr jurnalistlərin stimullaşdırılmasına və cəmiyyətin diqqətini qadınlarla bağlı problemlərin müzakirəsinə çəkməkdən ibarətdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova isə çıxışı zamanı jurnalistlərin plagiat və "copy-past” yazılara üstünlük verməsindən gileylənib. Ötənilki müsabiqəyə təqdim edilən məqalələrdə internetdəki materiallardan istifadə olunduğunu vurğulayan sədr müavani bildirib ki, müsabiqənin ilk mərhələsində kifayət qədər jurnalist fəallığı müşahidə olunmayıb. O, jurnalistləri konkret faktlar əsasında yazılar hazırlamağa çağırıb: "Bu dəfə isə müsabiqəni elan edərkən mətbuat nümayəndələri ilə görüşüb, mövzunu ətraflı izah etmək istədik ki, daha uğurlu nəticələr əldə edək. Qadın böyük qüvvədir və onlarla bağlı yazılan yazılar da ürəkdən gəlməlidir. Qadın problemləri həm də aktual məsələdir. Bir şeyi də unutmayaq ki, "qadın cəmiyyətin, dövlətin dayağıdır” deyəndə təkcə üzdə olan, hər kəs tərəfindən tanınan qadınlar nəzərdə tutulmur. Yaxşı olar ki, gənc jurnalistlərimiz müsabiqəyə
yazı təqdim edərkən daha çox adi bir kənd qadınının həyatını, onun taleyini qələmə almaqla qadının gücünü ortaya çıxarsın. Həmçinin də həyatında bir çox səhvlərə yol vermiş bir qadın haqqında yazıb, cəmiyyətə mesaj kimi təqdim etsinlər”.
"Kaspi” qəzetinin təsisçisi, "Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva isə bildirib ki, müsabiqənin 35 yaşına qədər olan gənc jurnalistlər arasında keçirilməsi təqdirəlayiq haldır: "Artıq müsabiqə vasitəsilə gənc jurnalistlərin mövzuya münasibəti və qadınlarla bağlı düşüncələri bizə məlum olacaq. Gənc yaşda olan qadın jurnalistlərin bu müsabiqədə iştirak etməsini həm də ona görə əhəmiyyətli hesab edirəm ki, onlar bilavasitə bu problemlərə həssas səpkidən yanaşacaqlar. Bu gün ölkədə yaşanan ən aktual problemlərdən biri rayonlarda olan xanımların şəhərə axın məsələsidir. Burada isə ən böyük məsuliyyət televiziyaların üzərinə düşür. Bu gün televiziyalarda şou proqramlarına üz tutaraq, əlacsızlıq ucbatından orada ağlayan, sızlayan, bəzən də Bakı eşqi ilə durub gəlib ailəsini də biabır edən qadınlar var. Bu cür faktlar mənim üçün ürəkağrıdıcıdır. Sanki Bakıda ev, mal, pul paylanırmış və rayondakıların isə heç nəyi yoxmuş? Şou proqramlarda pənah axtaran qadınlar hesab edirlər ki, televiziyada yayımlanan proqramlara çıxan kimi onlar da həmin o dəyərlərlə təmin olunacaqlar. Hesab edirəm ki, bu məsələnin kökündə mənəvi kasadlıq dayanır. Onlara diqqətlə fikir versəniz heç yaşları da çox deyil, 30-dək ola-olmaya... Mən jurnalistlərə müraciət edirəm ki, həmin mənəvi kasadlığı, mənəvi kasıblığı aşkaranə şəkildə göstərə və onların həlli yollarını qoya biləcəkləri yazılarla müsabiqəyə qatılsınlar. Qoyulacaq mövzular televiziyalardakı kimi, şou xarakteri daşımasın. Mən həm də, Milli Televiziya və Radio Şurasının üzvü kimi müraciət edirəm. İnan ki, biz artıq Şurada şou proqramların təhlilindən bezmişik. Bu mənada sizin təqdim edəcəyiniz yazılarda problemin həlli yolunun da göstərilməsini zəruri hesab edirəm”.
S.Vəliyevanın sözlərinə görə, müsabiqəyə təqdim olunacaq yazılarda qadınlarımızın müdrikliyi ortaya qoyulmalı və Azərbaycan qadınının mərdliyi cəmiyyətə çatdırılmalıdır: "İstənilən halda ailənin bütün yükü qadının üzərinə düşür. Odur ki, ailəsinin ağırlığını çiynində aparmaq iqtidarında olan qadınları ortaya çıxarıb, onların tövsiyələrini cəmiyyətə çatdırmaq lazımdır. Bəyəm elə hamının evində hər şey əla gedir? Bütün ailələrdə münasibətlər əladır? Əlbəttə ki, yox. Mən həmişə qızlara deyirəm ki, əgər ailə quracağınız oğlan sizi 20-25 faiz qane edirsə, onunla ailə qurun. Bir az da özün fədakar ol və çalış ki, onun xarakterinə uyğunlaşasan və əl-ələ verib, örnək bir ailə formalaşdıra biləsiniz”.
Millət vəkili Qənirə Paşayevanın fikrincə isə savadlı cəmiyyətə gedən yol savadlı qadın və anadan keçir: "Qızlarımız oxumalı, peşə, iş sahibi olmalıdır. Çünki cəmiyyətimizin savadlı qadınlara ehtiyacı var. Yaxşı peşə sahibi olan qadın çətin anlarda belə övladlarının məsuliyyətini öz üzərlərinə götürə bilirlər. Mən demirəm ki, təhsili olmayan xanım yaxşı ailə başçısı ola bilməz. Elə götürək, kənd yerlərimizdə nə qədər sanballı xanımlarımız var, nə qədər savadlı müəllimələrimiz var. Əlbəttə ki, jurnalistlər yazıları təqdim edərkən heç də həmişə baş qəhrəman kimi, yüksək rütbəli bir xanımı seçməməlidirlər. Çünki bölgələrimizdə elə qadınlar var ki, onlar bizdən də çox işlər görüb. Onlar bütöv ailəni formalaşdırıb, övlad tərbiyə edir. Reallıq ondan ibarətdir ki, bir müddət də bu missiya qadın yazarlarımızın üzərində olacaq. Təəssüf ki, bu gün şou tipli mövzulara üstünlük verilir. Lakin ümid edirəm ki, bir dönəmdə olan aydınlarımız kimi, bu mübarizədə biz də geri çəkilməyəcəyik”.
Qadının cəmiyyətdəki rolundan danışan millət vəkili Flora Qasımova isə deyib ki, bütün dönəmlərdə müharibəni kişilər başlayıb, onu sülhə aparan isə qadınlar olub: "Çünki qadınlar mənəvi cəhətdən tox olur. Azərbaycan cəmiyyətində gənclərə örnək qadınlarımız çox olub və hələ də yetişməkdədir. Amma hesab edirəm ki, jurnalistlər müsabiqəyə təqdim etdikləri yazılarında öz analarından, qonşudakı qadından başlasınlar. Biz istəyirik ki, oxucuların içini göynədən yazılar görək. Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə çıxışında qadınların savadlanmasının, özlərini cəmiyyətə düzgün təqdim etmələrinin tərəfdarı olduğunu söyləyib. Qeyd edək ki, tədbirdə "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər media nümayəndələri iştirak də ediblər.