“Toylarda müxtəlif təbəqələrin insanları iştirak edir. Baxırsan ki, çoxu narazıdır, amma biri ağzını açıb bir söz demir, irad bildirmir”“Bu gün bizim toy məclislərində yaşananların nə müasirliklə bir bağlantısı var, nə də Avropayla. Sadəcə, öz gözəl adət-ənənələrimiz itir”
"Elimizin toy kimi gözəl adəti var...” "Bəyin oğurlanması”nda işlənir bu fraza. Ümumiyyətlə, adını çəkdiyimiz ekran əsəri Azərbaycan filmləri arasında ən çox sevilən, ən çox baxılanlar sırasında layiqli yerini tutduğu kimi, orada səslənən fikirlər də zərb-məsəl olaraq dillər əzbərinə çevrilib. Mərhum Səməndər Rzayevin "əə, ay camaat, bu toy ki var, çox qəliz məsələdi. Həm qəlizdi, həm də vacib” sözünü necə unutmaq olar?!

Filmi ərsəyə gətirənlər illər sonra Azərbaycan toylarının başına hansı oyunların açılacağını bilirmiş sanki. Arxivlərdə qorunan lentlərdə, filmlərimizdə, tamaşalardakı toylarımız hara, indi düzənlənən toy məclisləri hara! İllərdir ki, toylarda istər qida, istərsə rəqslər, istərsə də müğənnilərlə bağlı əndazələrin aşılmasından danışılır, şadlıq evlərinə standartlar tətbiq ediləcəyi, vergiyə cəlb olunacaqları deyilir, amma heç nə dəyişmir. Yenə sifarişçi şadlıq evi administratorundan asılı vəziyyətdə, üzəri yeyilməsi qeyri-mümkün hər cür qida növləri ilə dolub-daşan masalar, "mələk” geyimli azyaşlı qızların əməyinin istismarı, müğənnilərin vergidən yayınaraq bir gecədə qaz vurub-qazan doldurması, əlləri göyə açılı toy sahibinin borca düşməmək üçün yalvarışları, səs-küydən qulağı tutulan, bəzən də vaxtı ötmüş qidalardan zəhərlənən qonaqların ah-vayı... Bizim toyların mənzərəsi bu! Qəribə burasıdır ki, bunca tənqidlərə, ittihamlara baxmayaraq qaydalar dəyişməz qalır. Toy adətlərinə hələ yeni-yeni "tapıntılar” da əlavə olunur. Bir vaxtlar milli geyimli rəqqasələr yeməklərin şahı plovu məclisə gətirirdi. Sonra plovu oda-atəşə bürüdülər. Yeməyi yana-yana süfrəyə gətirməyə başladılar. Belə izah verdilər ki, bəs "odlar ölkəsiyik”. Bir az sonra rəqqasələr rəqqaslarla əvəzləndi. Plovu oğlanlar oynaya-oynaya təqdim etməyə başladılar. Son günlər isə plovun məclisə gətirilməsinin daha "modern” üsulu tapılıb. Sosial şəbəkələrdə yayılmış videolarda bir toy məclisində plovun əsgər geyimli şəxslər tərəfindən gətirildiyi görüntülənir. Maraqlı burasıdır ki, əsgər geyimli rəqqaslar, nədənsə üzlərinə qara maska taxıblar. Doğrusu, anlamaq olmur, bunlar əsgərdir, yoxsa terrorist, bank soymağa çalışanlar? Qeyd edilir ki, toy məclisi dövlət himnimizin səslənməsi və şəhidlərimizin ruhunun yad edilməsi ilə başlayıb. Nə gözəl! Amma qara maskalıların ortaya çıxması xoş təəssüratların üzərinə kölgə salıb. Yaxşı, himnin səslənməsi, şəhidlərin yad edilməsi nədi, qara maska taxmış adamların məclisə plov gətirib ortaya düşüb oynaması nə?
Məsələyə münasibət bildirən sabiq millət vəkili, əslən Qarabağ bölgəsindən olan Həvva Məmmədova toy şənliklərinin adət-ənənələrimizə zidd şəkil aldığını təəssüflə qeyd etdi:
- Qarabağ bölgəsinin camaatı yaxşı bilir ki, bizim bölgədə necə toy məclisləri keçirilərdi. Böyüyün, kiçiyin yeri bilinərdi. Hörmətli, sevilən xanəndələr toya dəvət edilərdi, ev sahibi qonaqların rahatlığı üçün əlindən gələni əsirgəməzdi. Milli xörəklər bişirilərdi, bir çadırda qonaqlara yemək təqdim edilərdi, digər çadırda isə xanəndələr, aşıqlar əyləşərdi, gözəl ifaları ilə toyu rövnəqləndirərdilər. Qızlar, gəlinlər incə rəqs edərdi, kişilər də kişisayağı. Təəssüf ki, son zamanlar adət-ənənələrimiz unuduldu, toylarda yeni qayda-qanunlar tətbiq edilməyə başlandı. Guya ki, müasirləşirik, avropalaşırıq. Bu gün bizim toy məclislərində yaşananların nə müasirliklə bir bağlantısı var, nə də Avropayla. Sadəcə, öz gözəl adət-ənənələrimiz itir. Hələ mən israfçılıqdan, toy sahibinin çiynini necə ağır yükün altına verdiyindən danışmıram. Toylarda atılıb-düşən qadınlar, qızlar, yarıçılpaq səhnəyə çıxan müğənnilər insanda ikrah hissi oyadır. Hər işin bir ölçüsü, əndazəsi var. Bizim toylarda artıq bütün ölçülər itib, əndazələr aşılıb. Siz dediniz ki, hansısa toyda Azərbaycanın dövlət himni səslənib, şəhidlər yad edilib. Çox gözəldi, bunlar. Amma Azərbaycan əsgəri geyimli rəqqaslar niyə toyda üzü maskalı rəqs etməlidir? Mən bunun
nə anlam verdiyini başa düşə bilmirəm. Görünür, toy sahibləri nəsə bir yenilik, yaddaqalan bir hərəkət etmək istəyib, ancaq çox "irəli” gediblər. Azərbaycan əsgəri 1992-ci ildən bu yana torpağının, Vətəninin keşiyindədir. Son aprel döyüşləri isə sübut etdi ki, Azərbaycan əsgəri qüdrətlidir, düşmənə hər zaman layiqli cavab verməyə hazırdır və qadirdir. Və Azərbaycan ordusunun güclü Ali Baş Komandanı var. Əvvəla, əsgər formasını lazım gəldi-gəlmədi, geyinib hər yerdə nümayiş etdirmək düzgün deyil. Əsgər forması geyinməyin də öz yeri, vaxtı var. Lap tutalım toy sahibinin əsgərlərə böyük rəğbəti var və əsgər geyimli rəqqasların toyda iştirak etməsini istəyib. Daha əsgərin üzünü bağlamaq nəyə lazımdı? Azərbaycan əsgəri niyə üzünü gizlətməlidir? Bizim əsgər hər yerdə həmişə alnı açıq olmalı, başını dik tutmalıdır. Bir də, əsgər nə vaxtdan plov daşıyan olub?! Deməli, lazımsız "improvizələr” yersiz alınır və əks-effekt verir.
H.Məmmədova milli adət-ənənələrimizin qorunması zərurətini xüsusi vurğuladı:
- Dünya ölkələri Azərbaycanın milli adət-ənənələrinə, ailə möhkəmliyinə həsəd aparır. Qonşu dövlətlər bizim milli adət-ənənələrimizə sahiblənməyə cəhd etdikləri bir halda, biz kökümüzdən uzaqlaşmağa çalışırıq. Nə üçün biz gözəl adət-ənənələrimizdən imtina etməliyik?! Toylarda müxtəlif təbəqələrin insanları iştirak edir. Baxırsan ki, çoxu narazıdır, amma biri ağzını açıb bir söz demir, irad bildirmir. Belə fikir yaranır ki, demək, belə toy məclisləri bəyənilir. Əslində isə heç kim bəyənmir və əksəriyyət də narazı qalır. Hesab edirəm ki, adət-ənənələrimiz, xüsusən də toy, yas mərasimləri ilə bağlı geniş ictimai müzakirələr aparılmalıdır. Şadlıq evlərinə də təlimatlar verilməli, qayda-qanuna riayət etmələri tələb olunmalıdır. Şadlıq evlərinin rəhbərliyi adət-ənənələrimizin pozulmasına icazə verməməlidir. Amma görünür, şadlıq evləri yalnız gəlirlərini düşünür, hətta toy sahibi nəyəsə etiraz edəndə də öz daxili qaydalarına riayət olunmasında israr edirlər.
H.Məmmədova iştirak etdiyi toy məclislərində istirahət etmək əvəzinə, yorulduğunu dedi:
- İnsan toya gedir ki, yaxın qohumları ilə, dostları ilə, həmkarları ilə ünsiyyət qursun, istirahət etsin. Ancaq indiki toylarda bu əsla mümkün deyil. Bayağı mahnılar, səviyyəsiz müğənnilər, səs-küy... Məni ən çox narahat edən səsdi. Bir adamla danışa bilmirsən, ağız deyəni qulaq eşitmir. Kondisionerlər insanları xəstə salır. Toyda bircə onu fikirləşirsən ki, nə vaxt buranı tərk edib gedəcəksən. Bizim gələcək nəsillərə ötürməli çox gözəl adət-ənənələrimiz var, onlardan biri də Azərbaycanın milli toy şənlikləri, evlənmə, nişan mərasimləridir. Biz bu ənənələrimizi qoruyub saxlamalıyıq.
Məlahət Rzayeva