Ənənəvi KİV-lərdə uşaqları zərərli informasiyalardan qorumaq üçün mexanizmlər var

Onlayn mediada və sosial şəbəkələrdə bunun qarşısını almaq çətindir
Problemin qarşısını almaq üçün parlamentdə qəbul olunan qanun layihəsi təqdir edilir



(Əvvəli ötən sayda)

Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual məsələlərindən olub və xüsusi diqqət tələb edib. Bu baxımdan azyaşlılarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olduğunu tövsiyə edən kifayət qədər etik qaydalar formalaşıb. Buna baxmayaraq, uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar müşahidə edilməkdədir. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, cinayət və başqa durumlarda zərərçəkmiş və ya təqsirli qismində azyaşlıları topluma təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər.

Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən azyaşlıların kimliyi, görüntüləri efirə verilir. Problemin digər tərəfi isə müasir dövrdə azyaşlıların internetə çıxışının çox asan olması, mövcud məhdudlaşdırıcı metodların effektiv nəticə verməməsidir. Məhz bu problemlərdən dolayı Milli Məclisdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi tez-tez müzakirə mövzusuna çevrilir. Sözügedən qanun layihəsi parlamentin sonuncu iclasında yenidən müzakirəyə çıxarılıb. Qanun haqqında parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib. Bildirib ki, sənəddə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. 

Qanun layihəsinin 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcəyi deyilib. Müzakirə zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Lakin deputat qanun layihəsinə "dini xurafat” anlayışının əlavə edilməsini təklif edib: "Bəzi ailələrdə uşaqlara dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir. Məktəblərdə "Həyat bilgisi” dərsliyinin keçirilməsi müsbət haldır. Sözügedən dərslikdə islam dini haqqında düzgün məlumatlar aşılanır. Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi, dini xurafatçılığa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”. 

Daha sonra müzakirəyə qoşulan deputat Sevinc Fətəliyeva isə vurğulayıb ki, əsas təhlükələrdən biri odur ki, hər kəs internetdə istənilən informasiyanı dərc edə bilər: "Muasir dövrdə zərərli informasiyaya rast gəlmək çox asan məsələdir. Əgər yaxın keçmişdə biz məişət zorakılığı, fiziki cəzalar, cinsi zorakılıq, uşaq psixikasına mənfi təsir göstərən səbəbləri, intiharları araşdırıb onlarla mübarizə aparırdıqsa, bu gün kiber mühit və internet bütün təhlükəli amilləri özündə birləşdirib və böyük bir riskə çevrilib”. Millət vəkili internetə daha çox diqqət yetirməyinin səbəbini bu cür açıqlayıb: "Bu gün internet həm TV, həm də radionu tam əvəz edir və hər bir insanın, xüsusən uşaqların həyatının ayrılmaz hissəsinə çevrilir. Hətta çox vaxt həyat tərzimizi dəyişir. Uşaqların davranışını, ünsiyyət formasını redaktə edir. 

Nəzərə alsaq ki, Azərbaycanda internet istifadəcilərinin sayı getdikcə artır, düşünürəm ki, təqdim olunan qanun layihəsində uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı”. Xanım millət vəkili əlavə edib ki, internet böyük imkanlar verir, amma təqdim olunan məlumatların böyük hissəsi etibarlı və faydalı sayıla bilməz: "Materialların dəqiqliyini qiymətləndirmək üçün, şəbəkə istifadəçiləri tənqidi düşünməlidir. Çünkü əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu, xususilə uşaqlara aiddir, çünki uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, deməli, doğrudur. Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub-olmamasını yoxlamır. Bu şəraitdə belə bir qanun layihəsinin qəbul olunmasına böyük zərurət var. 

Ümumiyyətlə, uşaqların informasiya təhlükəsizliyi qanunvericilik bazasının yaradılması həm uşaqların, həm də valideynlərin rəqəmsal bilik və bacarıqlarının formalaşması kimi bir neçə amildən ibarətdir. 1-ci amilə biz artıq nail olmuşuq. Müzakirə olunan qanun layihəsi uşaq hüquqlarını müdafiə edən, onların təhlükəsizliyini təmin edən bir platformadır. Növbəti mərhələ isə ondan ibarət olmalıdır ki, qəbul etdiyimiz qanunun müddəaları əhaliyə geniş çatdırılsın, uşaqlar informasiya əldə olunmasında öz hüquqlarını bilsin. 2-ci amilə nail olmaq üçün həm uşaqları, həm də valideynləri digər istiqamətdə maarifləndirmək lazımdır: internetdən, sosial şəbəkələrdən istifadə olunması, onlayn oyunların oynanma qaydaları və bir sıra digər fəaliyyət qaydaları haqqında bilmək, onlara riayət etməkdir. Düşünürəm ki, bunun üçün həm parlament, həm müvafiq qurumlar, həm də QHT-lərin birgə fəaliyyət göstərmələri çox faydalı olardı”. Məlumat üçün bəyan edək ki, 5 fəsil, 19 maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan məlumatlar, həmçinin xəbər məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir. Layihədə bildirilir ki, "18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir.

Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, uşaqların zərərli informasiyadan qorunması vacib qanunlardan biridir: 

"Qanunun ilkin layihəsi hazırlanıb və çox yaxşı haldır ki, sənədin ilkin müzakirəsi parlamentdə keçirilib. İlk müzakirəyə uşaqlara aidiyyəti olan QHT-lərin, dövlət qurumlarının və media nümayəndələrinin dəvət olunması da düşünülmüş addım idi. Qanunun birinci müzakirəsində iştirak edən hər bir kəs müddəalara müsbət rəyini bildirdi. Bu yaxınlarda isə qanunun ikinci müzakirəsi baş tutdu. Məsələ ondadır ki, ənənəvi KİV-lərdə uşaqları zərərli informasiyalardan qorumaq üçün mexanizmlər var. Həm KİV haqqında qanunvericilik, həm də jurnalistlərin etik kodeksi bu məsələləri nəzərdə tutur və əhatə edir. Problem ondadır ki, müasir dövrdə internet sürətlə inkişaf edir və virtual aləm üzərindən fəaliyyət göstərən onlayn mediada və sosial şəbəkələrdə çox ciddi şəkildə uşaqlara zərər yetirəcək informasiyalar yayılmaqdadır. Artıq zərurət yaranıb ki, uşaqları bu cür hallardan qoruyaq. Bəs qanunda nəzərdə tutulan nələrdir? Adətən, filmlərdə tətbiq olunan xüsusi işarələr görürük. Məsələn, hansısa film nümayiş olunarkən ekranın yuxarı küncündə "7+”, "18+” kimi işarələr qoyulur. Amma bu məsələ təkcə filmlərə aid edilməməlidir. Eyni zamanda materialların və informasiyaların məzmununa şamil olunmalıdır. Hazırlanan qanun şərt qoyur ki, mətbuat orqanları azyaşlılar üçün zərərli olan material, informasiya yayarkən mütləq zəruri xəbərdarlıq işarələrindən istifadə etməlidir. Burada söhbət təkcə pornoqrafik materiallardan getmir. Ümumilikdə informasiya yayılarkən orada mövcud olan istənilən zərərli məqamlar uşaqları çaşdıra, yayındıra bilər. Əsas prinsiplərdən biri də odur ki, burada yaş hədləri müxtəlif kateqoriyaları əhatə edir. Məsələn, televiziyalarda 6, 10, 12 və 18 yaşdan yuxarı olan izləyicilər üçün müəyyən edilmiş kateqoriyalar və işarələr mövcuddur”.

M.Ələsgərli bu cür məsələləri nizama qoyan bir Şuranın yaradılmasından söz açıb: "Bu, yeni məsələdir və qanunvericilikdə öz əksini tapıb. Şuranın səlahiyyəti olacaq ki, müxtəlif KİV-lər arasında məsələ ilə bağlı monitorinq aparsın və rəy versin. Zənnimcə, bu kimi metodlarla mövcud problemlərin qarşısını almaq mümkün olar. Qanun layihəsində bir sıra yeniliklər var və hesab edirik ki, sözügedən qanunun qəbul olunması zəruri haldır”.

"Kaspi” qəzetinin baş reaktoru İlham Quliyev də "Şərq”ə açıqlamasında bildirib ki, son vaxtlar internet, yeni texnologiyalar özümüzdən asılı olmayaraq həyatımızın bir parçasına çevrilib: 

"Artıq real həyatdakı işlərimizin böyük bir hissəsini internet üzərindən reallaşdırırıq. Kompüterlər, planşetlər, telefonlar daimi sirdaşımıza çevrilib. Bu hallar bəzilərimizi real həyatdan alıb virtual dünyaya aparır, sosiallığımızı azaldır, ətrafımızdakı yaxın insanları yadlaşdırır, ailələrimizi uzaq salır. Böyüklər üzləşdikləri bu problemi bu və ya digər formada həll etmək imkanına malikdirlər. Amma bu dalğanın axarına düşən uşaqlar çox ciddi problemlərlə üzləşirlər. Artıq bütün dünyada uşaqların zəzərli informasiyalardan qorunması məsələsi ciddi problem kimi nəzərdən keçirilir. Məsələ burasındadır ki, valideynlər çox erkən yaşlarından uşaqları texnologiyalarla tanış edirlər. Azyaşlı uşaqlar erkən yaşlarından valideynlərinin mobil telefonlarından cizgi filmlərinə baxmaq, oyunlar oynamaq üçün istifadə edirlər. Bir az böyüyəndən sonra valideynlər uşaqlarına smartfonlar və planşetlər hədiyyə edirlər. Uşaqlar zaman keçdikcə həmin texnoloji vasitələrin aludəçisinə çevrilirlər. Əgər bu cihazlar internetə bağlantılı olursa, problem daha da ciddiləşir. Saatlarla həmin cihazlar vasitəsilə virtual dünyada olur, dərslərdən uzaq düşür, valideynlərinin nəzarətindən çıxırlar. Sanki real həyatdakı hər şey onlar üçün maraqsızlaşır. Valideyn ayılıb hansısa addım atmaq istəyəndə isə artıq gec olur. Dünyada bütün bunları hətta "rəqəmsal heroin" də adlandırırlar. Bir sözlə, problem kifayət qədər aktualdır və bu işdə cəmiyyətə, valideynlərə dövlət dəstəyinin göstərilməsinə böyük ehtiyac var. Bu baxımdan, "Uşaqların zərərəli informasiyalardan qorunması haqqında" qanunun qəbul edilməsi son dərəcə zəruri bir addımdır. Amma problemin qanunun qəbulu ilə həll olunacağını düşünmək də sadəlövhlük olardı. Qanun sadəcə olaraq bu işin hüquqi əsaslarını yaradır”.

Sosioloq-jurnalist Lalə Mehralı

"Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbulunu əhəmiyyətli məsələ hesab edir. Onun fikrincə, uşaqların nə izlədiyi, hansı informasiya əhatəsində böyüdüyü, nəyə qulaq asdığı, nəyə baxdığı olduqca mühümdür, bu bir növ genefond məsələsidir. Çünki informasiya uşaqlar üçün xeyirdən çox zərərdir:

"Əvvəla, dövrün uşaqlarının yaşına görə informasiya qəbulu miqdarı həddindən artıqdır, beyin çox yüklənir. İkincisi, informasiyanın çeşidi boldur, uşaqlar çoxçeşidli informasiya qəbulundan zərər görürlər, beyin və düşüncə haçalanır, analiz qabiliyyəti hissələrə bölünür. Üçüncü və ən vacib məsələ, informasiyanın təhlükəliliyidir. Hamımız bilirik ki, əksər valideyn uşağı üçün azad internet imkanı yaradıb, hər uşağın əlində bir smartfon, istədiyi informasiyanı əldə edə bilir. Qətl, zorakılıq, oğurluq, dələduzluq - nə desən oxuya, izləyə bilir. Bəzən valideynlər iddia edir ki, uşağına güvənir və zərərli informasiyaları oxumayacağını bilir. Səhv düşüncədir. Bizim övladımız nəyin səhv, nəyin düz olduğunu bilsəydi, böyük olardı, uşaq yox. Onlar informasiya terroruna məruz qalırlar, valideynləri isə bunu normal qarşılayır. Xüsusilə efirdəki cinayət proqramları uşaqlar üçün təhlükəlidir”.

Lalə xanımın sözlərinə görə, bizim ölkədə çox gözəl qanunlar var, yazılanların hamısı olduqca lazımlı və vacibdir. Lakin o qanunların işləmə mexanizmindəki boşluqlar narahatedicidir:

"Məsələn, qanun uşaq yaşlı tamaşaçı üçün qadağan olunmuş saatda proqram yayımlamağı qanunsuz sayır, amma cinayət verilişlərini uşaqların oyaq olduğu vaxtda yayımlayırlar. Sözsüz ki, tamaşaçısı var, amma böyüklər. Uşaqların oyaq olduğu saatda yayımlanması düzgün deyil. Qanun bu kimi xırdalıqları nəzərə alsa yaxşı olar”.

(Davamı var)
İsmayıl Qocayev