Kanadada oğurlanan avtomobillərin Rusiyaya aparılması ilə bağlı genişmiqyaslı beynəlxalq şəbəkə aşkarlanıb.
Sherg.az xəbər verir ki, “The New York Times”ın araşdırmasına görə, İnterpol 2024-cü ilin fevralından 2026-cı ilin iyuluna qədər Kanadada oğurlanmış 4 798 avtomobilin Rusiyada olduğu barədə məlumat alıb. Kanada rəsmiləri isə real rəqəmin daha yüksək ola biləcəyini bildiriblər.
Məlumata görə, Ukrayna müharibəsindən sonra Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkədə xarici avtomobillərin tədarükünü çətinləşdirib. Nəticədə Kanada və digər ölkələrdən oğurlanan avtomobillərin Yaxın Şərq üzərindən Rusiyaya daşındığı qanunsuz bazar formalaşıb.

Kanada polisi oğurlanmış avtomobillərin əsasən BƏƏ vasitəsilə Rusiyaya göndərildiyini müəyyən edib. Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Litvadan keçən marşrutlar da aşkarlanıb.
Kanadalı sərhəd əməkdaşlarının sözlərinə görə, oğurlanmış avtomobil biznesi cinayətkarlar üçün “aşağı riskli, yüksək gəlirli” sahəyə çevrilib. Montreal limanında aparılan yoxlamalar zamanı bir konteynerdə dəyəri təxminən 125 min dollar olan lüks SUV da aşkarlanıb. Onun Rusiyada təxminən ikiqat qiymətə satılacağı ehtimal edilib.

İndiyədək Kanada və Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində Rusiyadan 200 oğurlanmış avtomobil Kanadaya qaytarılıb. Bununla belə, Rusiyada “dost olmayan ölkələrdən” oğurlanan avtomobillərin qeydiyyata alınmasına imkan verəcək yeni qaydaların müzakirə edildiyi bildirilir.
Kanada isə avtomobil oğurluğuna görə cəzanı 14 ilədək artırıb.