Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan oğlu Nikolozun ABŞ-da universitetə qəbul olunması ilə bağlı paylaşım edib.
Sherg.az xəbər verir ki, Saakaşvili özünün “Facebook” səhifəsində oğlunun ABŞ-ın yaxşı universitetlərindən birində təhsil almağa başladığını bildirib. Onun sözlərinə görə, universitet Nikolozun təhsil haqqını özü qarşılayır və bu amil ali məktəbin seçimində həlledici olub.
Keçmiş prezident qeyd edib ki, Tbilisidə məktəbi bitirdikdən sonra oğlu iki illik fasilə götürüb. Bu müddət ərzində Nikoloz əvvəlcə Tbilisidə altı ay “Bolt” şirkətində kuryer kimi çalışıb, velosipedlə Vake, Saburtalo və Mtatsminda ərazilərində sifarişlər çatdırıb.
Daha sonra dostu ilə birlikdə iki ay ərzində bütün Gürcüstanı səyahət edən Nikoloz yolun böyük hissəsini piyada qət edib. Saakaşvilinin sözlərinə görə, səfərin təxminən 80 faizi piyada, 20 faizi isə yoldan keçən avtomobillərlə həyata keçirilib.
Bundan sonra Nikoloz məktəb illərində öyrəndiyi yapon dilini təkmilləşdirmək məqsədilə Yaponiyanın səfirliyinin dəstəyi ilə Tokioya gedib.
Saakaşvili oğlunun son bir ilini isə Hindistanda keçirdiyini yazıb. Onun sözlərinə görə, Nikoloz beynəlxalq humanitar missiya çərçivəsində yerli kəndlilərə torpağın becərilməsində kömək edib və hindi dilini öyrənib.
Keçmiş prezident oğlunun Tibetə səfəri zamanı yaşanan narahatlığı da xatırladıb. O bildirib ki, Nepal-Tibet bölgəsində baş verən fəlakət zamanı Nikoloz məhz Tibetdə olub və müəyyən müddət ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.
Saakaşvili qeyd edib ki, Nikoloz xarici görünüşü, davranışları və temperamenti baxımından övladları arasında ona ən çox oxşayanıdır. Onun sözlərinə görə, oğlu siyasətə olan böyük marağını da ondan miras alıb.
“Halbuki siyasətin ailəmizə gətirdiyi bütün bədbəxtliklərə baxmayaraq”, - deyə Saakaşvili vurğulayıb.
Telefonla oğlu ilə danışmasının qadağan edildiyini bildirən keçmiş prezident paylaşımının sonunda Nikoloza müraciət edib.
“Niküş, mən də, Eduard da Amerikada çox yaxşı oxumuşuq. Sən nəinki bizdən geri qalmamalı, hətta bizi geridə qoymalı, uğur qazanmalı və sonra isə səni gözləyən Gürcüstana qayıdaraq onun xalqına xidmət etməlisən”, -Saakaşvili yazıb.
Keçmiş prezident paylaşımını oğluna uğurlar arzulamaqla yekunlaşdırıb:
“Sənə uğurlar arzulayıram, oğlum! Bizi qürurlandır!”