Təhsil müəssisələrinin ətrafındakı yollara nəzarət gücləndirilir - BİRGƏ MƏLUMAT

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir.

Sherg.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.

Məlumata görə, yeni tədris ilinin başlanmasına sayılı günlər qaldıqca paytaxtın küçə və prospektlərində, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, DYP və AYNA əməkdaşları tərəfindən təhsil müəssisələrinin ətrafındakı yol şəraitinə nəzarət gücləndirilir.

Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti diqqətlə araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir, aşkar olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılır.

Eyni zamanda, məktəblərin qarşısında piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir. Məqsəd şagirdlərin məktəbə gediş-gəlişi zamanı onların təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsidir.