"Dünyanın qabaqcıl ölkələrində belə alkoqolsuz enerji içkilərinə aksiz vergisi tətbiq olunmur"
"Qidalanma ilə bağlı maarifləndirmə işləri daha çox fayda verər, nəinki qiyməti bu şəkildə tənzimləmək"
Azərbaycanda enerji içkiləri bahalaşıb. Bazarda çox yayılmış "Hell Energy” içkisi 2018-ci ildə bir manata satıldığı halda, hazırda marketlərdə qiyməti iki manata qaldırılıb. "Redbull” və "Bizon”un qiymətində də 50 faiz və bəzən daha çox artım müşahidə edilir. Xatırladaq ki, 2019-cu il 1 yanvar tarixindən idxal olunan alkoqollu enerji içkilərinin hər litri üçün iki manat, alkoqolsuz enerji içkiləri üçün üç manat, hər siqar üçün bir manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.
İctimaiyyət üzvlərinin fikrincə, insan orqanizmi üçün zərərli olan bu məhsula qarşı ən yaxşı mübarizə üsuludur. Bu mənada aksiz vergisinin tətbiqini müsbət dəyərləndirən ekspertlərin fikrincə, energetik içkilərin qiymətlərinin süni şəkildə bahalaşması bu içkiləri əsas istehlakçı kütləsi olan gənclər üçün əlçatmaz edəcək.
İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, enerji içkilərinə aksiz vergisinin tətbiqi ilə qiymətin bahalaşdırılması vəziyyətdən çıxış yolu deyil:
"Dünyanın qabaqcıl ölkələrində belə alkoqolsuz enerji içkilərinə aksiz vergisi tətbiq olunmur. Gördüyümüz qədərilə, bazarda enerji içkilərinə kifayət qədər tələbat var. Onlardan onsuz da əlavə dəyər vergisi alınır. Aksiz vergisinin əmtəələr üzrə tətbiqi fərqlidir. Qidalanma ilə bağlı maarifləndirmə işləri daha çox fayda verər, nəinki qiyməti bu şəkildə tənzimləmək. Konkret məhsulun adını çəkərək haqqında antireklam aparılması qanunvericiliklə qadağandır. Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin tərkibində zərərli maddə aşkarlamayıbsa və satışa çıxarılmasına icazə veribsə, o deməkdir ki, həmin məhsullar istifadə oluna bilər. Satış qeyri-qanuni deyil və məhdudlaşdırıla bilməz. Onsuz da istənilən qidanın tərkibində müəyyən problemlər var. Siqaret qutularının da üzərinə sağlamlıq üçün zərərlidir yazılır, ancaq satışına icazə verilir. Siqaretlə paralel götürsək, satışın qarşısı alına bilməz”.
Enerji içkilərinin insanın mədə-bağırsağına mənfi təsir göstərdiyini vurğulayan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı deyib ki, mədəsində qastrit və turşuluq olan şəxslərin bu kimi içkilərdən istifadə etməsi məsləhət deyil:
"Enerji içkiləri mədə-bağırsaq sistemində bağırsaq pozğunluğu yaradır. Ümumiyyətlə, biz həkimlər insanlara ev şəraitində təbii meyvələrdən hazırlanmış kompotlar və ona oxşar istehlak məhsullarından istifadəni tövsiyə edirik. Gənclər gün boyunca içdiyi enerji içkilərinin hazırlanmasından, onun ziyanlarından xəbərsizdi deyə bu kimi zərərli vasitələri istehlak edirlər. Hətta enerji içkilərinin saxlandığı qablar içərisindəki içki ilə reaksiyaya girə bilir. Məncə, bunun sağlamlığımız üçün ziyanlı bir vasitə olduğunu təxmin etmək çətin deyil. Belə içkilərin tərkibində karbonhidrat, saxaroza kimi kimyəvi maddələr var ki, bunlar da şirin olduğu üçün insanı tez cəlb edir. Amma karbonhidratlar gələcəkdə insanda şəkərin yaranmasına, mədəaltı vəzin qıcıqlanmasına yol açır. Yəni enerji içkilərinin ziyanlı cəhətləri çoxdur. Eyni zamanda enerji içkiləri insanlarda siqaret kimi asılılıq yaradır. Beləliklə də, orqanizm tələb etdiyi üçün insanlar onu istehlak etməyə məcbur qalır. Bir həkim kimi insanlara enerji içkilərini tövsiyə etmirəm".
Şəymən