“Hər iki dövlət Avropadan və ABŞ-dan yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər”
“İndi növbəti addımı Putin atmalıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. Məktubda Ərdoğan Rusiyanı və rus xalqını bu ölkənin milli bayramı münaisbətilə təbrik edib.
Bundan başqa Türkiyə lideri təbrikində, həmçinin uzun müddətdir gənginlikdə olan Rusiya-Türkiyə münasibətlərinin yaxın vaxtlarda layiqli səviyyəyə çatmasını da arzuladığını bildirib. Kreml isə bu günlərdə həmin məktuba cavab verib. Rəsmi cavabda deyilir ki, Moskva Türkiyə ilə münasibətləri yenidən bərpa etmək istəyir. Amma öncə Ankaranın lazımlı addımlar atması gərəkdir. Maraqlıdır, görəsən, Avropa və Amerikanın təzyiqinə məruz qalan bu ölkələr məlum məktublaşmadan sonra konsensus əldə edə biləcəklərmi? Sualımızı cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə bildirib ki, Ərdoğan Putinə təbrik məktubu göndərməklə barışıq üçün topu yenə Kremlə atıb: "Düşünürəm ki, Kremlin nəzarətindəki media qurumları bunu Ankaranın geri addımı, iqtisadiyyatdan və turizmdən itirdiklərindən duyduqları narahatlıq kimi ilə izah edəcəklər. Ancaq bu, önəmli deyil, əsas odur ki, Ərdoğan yenə Putinə əlini uzatdı. İndi Putin və onun mediası ya Türkiyəya qarşı informasiya savaşına davam edəcək, ya da vəziyyətdən çıxış yolu ilə bağlı Ərdoğanın "ortaq komissiya qurulsun” təklifinə müsbət cavab verəcək. Avropa İttifaqı həm Rusiyaya qarşı sanksiyalara davam qərarı verib, həm də Türkiyəyə yenidən qapını göstərib. Yəni hər iki dövlət Avropadan və ABŞ-dan yanıqlıdırlar və bu amil Kremllə Ankaranı yenidən yaxınlaşdıra bilər. İndi növbəti addımı Putin atmalıdır. Rusiya Prezidenti də türkiyəli həmkarına oktyabrın 29-da məktub göndərərək Ərdoğanı Cumhuriyyət Günü münasibətilə təbrik etməlidir. Göndərib-göndərməyəcəyini isə zaman göstərəcək”.
Politoloq Fərhad Mehdiyev isə qeyd edib ki, V.Putin Ankaranın üzr istəməsi, kompensasiya ödəməsi və günahkarların cəzalandırılması kimi şərtlər irəli sürüb: "Putin şərtlərin 2-dən imtina etsə, Ankaranın üzr istəməsi şərtindən imtina etməyəcək. Ya Türkiyə R.T.Ərdoğanın, ya da xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi qaydada Rusiyadan üzr istəməsi gözlənilir. Bununla yanaşı, düşünürəm ki, Ərdoğan buna getməz. Amma belə variant da var ki, Ankara kompensasiya ödəsə, yəni 1 təyyarənin pulunu ödəsə və dünyasını dəyişmiş pilotun ailəsinə təzminat versə, onda bəlkə rəsmi üzr istəmədən də münasibətlər düzələ bilər. Amma onu da deyim ki, kompensasiyanın ödənilməsi Türkiyənin de-fakto haqsız olduğunu qəbul etməsi anlamına gəlir”.
Ayyət Əhməd