Ərdoğan Putinlə görüşündə Qarabağı gündəmə gətirəcək

Ekspertlər hesab edir ki, liderlər bu həssas dönəmdə mövzunu müzakirə edəcəklər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyi tarix bəlli olub. Rəsmi məlumata görə, Ərdoğan mart ayının 9-10 tarixlərində Moskvaya səfər edəcək. Türkiyə rəhbəri səfər çərçivəsində həmkarı Vladimir Putinlə görüşəcək. Ehtimallara görə, iki ölkə arasında əsasən iqtisadi məsələləri və xüsusən Suriya münaqişəsini müzakirə edəcək.

Lakin ekspertlər Ərdoğan-Putin görüşündə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə mövzusu olacağını iddia ediblər. Onların fikrincə, son günlər cəbhə xəttində müşahidə olunan gərginlik fonunda Ərdoğan Putin qarşısında münaqişənin həlli məsələsini yenidən gündəmə daşıyacaq. 

Gözlənilən görüşlə bağlı "Şərq”ə danışan politiloq Natiq Miri deyib ki, hər iki tərəfin həm təhlükəsizlik, həm də iqtisadi məsələlərlə bağlı öz maraqları var. Ekspertə görə, əsas müzakirə mövzusu ikitərəfli əməkdaşlıq olacaq: 

"Rusiya-Türkiyə arasında iqtisadi və ticari əlaqələrin inkişafı xüsusi önəm daşıyır. Bilirsiz ki, iki ölkə arasında münasibətlər gərgin olan dövrdə tərəflər biri-birinə sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar tam aradan götürülməyib. İqtisadi mövzularla yanaşı, şübhəsiz ki, Suriya böhranı da gündəmə daşınacaq. Rusiya tərəfi Suriyadakı ən önəmli güclərdən biridir və bölgənin taleyini dəyişən proseslərdə mühüm rola malikdir. İndiki dövrdə Rusiyanı heçə sayaraq, Suriyada var olmaq və hansısa münaqişəni həll etmək mümkünsüzdür”. 

Siyasi ekspertin sözlərinə görə, Dağlıq Qarabağ məsələsi liderlər arasında ciddi müzakirə mövzusu olacaq: 

"Ancaq nəticənin nə olacağını bəri başdan söyləmək çətindir. Çünki Rusiya rəhbərliyi etibarlı müttəfiq və tərəfdaş deyil. Moskva istənilən zaman geosiyasi maraqları naminə öz müttəfiqini sata bilər. Cəbhə bölgəsindəki son insident hədəf kimi Rusiyanı göstərir. Hiss olunur ki, Qarabağdakı gərginliyin siyasi sifarişi Kremldən verilib. Məhz Moskvanın diktəsi ilə hərbi əməliyyatlar başlayıb. Sarkisyan anlayır ki, seçki öncəsi hərbi əməliyyatların geniş vüsət alması onun üçün bir növ "siyasi intihar” deməkdir. Çünki özü də, onun müdafiə naziri də Azərbaycan ordusunun gücünə yaxşı bələddir. Ancaq Azərbaycanın müstəqil siyasət yürütməsi və Avropa Birliyi ilə yaxınlaşması Rusiyanın siyasi dairələrində qıcıq yaradır. Nəticədə Ermənistan vasitəsi ilə ölkəmizə təzyiq edilməyə çalışılır. Lakin nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağda yeni savaşın yaranması mütləq mənada Türkiyəni prosesin içinə çəkəcək”.

İsmayıl