Ərdoğanın ABŞ səfərindən GÖZLƏNTİLƏR...

Tofiq Abbasov: "Amerikanın birbaşa və dolayı yolla Türkiyə torpaqlarında Kürd dövlətini yaratması, onu dəstəkləməsi Ankaranın ciddi və əsaslı narazılığına səbəb olur"


"Türkiyə və Amerika arasında hələ Barak Obama dövründən indiyə qədər problemlər yaşanır”.

Bunu Sherg.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 16-da baş tutacaq Amerika səfərinin nəticələri ilə bağlı danışarkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, Türkiyə-Amerika münasibətlərinin tənzimlənməsi hazırda ən vacib məsələlərdəndir:

"İki ölkə arasındakı münasibətləri gərginləşdirən bir problem də kürd məsələsidir. Suriya, Yaxın Şərq meydanında ABŞ məqsədli şəkildə kürd qüvvələrinə köməklik göstərir. Bu, siyasi, həm də hərbi dəstəkdir. Amerikanın birbaşa və dolayı yolla Türkiyə torpaqlarında Kürd dövlətini yaratması, onu  dəstəkləməsi Ankaranın ciddi və əsaslı narazılığına səbəb olur. Hesab edirəm ki, iki dövlət arasında NATO çərçivəsində də problemlər yaşanır. Türkiyənin Avropa İttifaqına daxil olması problemi də böyük çaxnaşma yaradır. Ona görə də, Qərb və Türkiyə münasibətlərində həm narahatlıq, həm də böyük qarşılıqlı iddialar var. Bu baxımdan Türkiyə çalışır ki. danışıqlar yolu ilə bu proseslərin hamısını tənzimləsin. Ancaq inanmıram ki, R.T.Ərdoğanın bu səfəri bütün məsələlər aydınlıq gətirilməsi ilə nəticələnsin. Çünki sözügedən ağırlıqlar, problemlər geosiyasi mahiyyət daşıyır”.

T.Abbasovun fikrincə,  ABŞ bilir ki, Yaxın Şərqdə yalnız İsraillə müttəfiqlik edərək, bu kimi məsələlərin həllini təmin etmək mümkün deyil:

"İkinci müttəfiq dövlətə böyük ehtiyac var. Bu dövlətin kim olması ilə bağlı hər il müzakirələr aparılır. Hazırda Tramp Administrasiyası müttəfiq dövlətin türk dövləti olması ilə bağlı qərarlıdır. Təbii ki, Türkiyə də bunu daha yaxşı anlayır.

Türkiyə çalışır ki, türk birliyi dağılmasın. Həmçinin regionda Kürd dövlətinin yaradılması həm də regionda kürdlərin məskunlaşdığı ölkələr üçün bir çağırışdır. Hesab edirəm ki, Türkiyə prezidenti R.T.Ərdoğanın ABŞ-a səfəri vacib hadisə olacaq”.

Qeyd edək ki, AĞ evin məlumatına görə liderlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Aysel Aslan