"Ərdoğanın əlində Naxçıvanın təhlükəsizliyinə dair məlumat ola bilər" - ARİF ƏLİYEV




"Ərdoğan diqqətini Türkiyənin təhlükəsizliyinə cəmləşdirsə, daha yaxşı olar”.

Bunu Sherg.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin təhlükəsizliyi ilə bağlı çıxışında Naxçıvandan bəhs etməsinə münasibət bildirərkən "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. 

O bildirib ki, istənilən halda Ərdoğan dövlət başçısıdır və əlində bu barədə məlumat ola bilər: 

"Ona görə, Azərbaycan bu məsələdə daha diqqətli olmalıdır. Dövlətimizin təhlükəsizlik sahəsindəki siyasəti kifayət qədər dayanıqlı olduğundan İŞİD-dən təhlükə törədilməsinə və ya Türkiyədə baş verən hadisələrin sərhəddən aşmasına şərait yaradılmır. Qardaş ölkədə törədilən terror aktlarının Naxçıvan əhalisinə müəyyən təsiri ola bilər. Çünki Naxçıvandan sərhədi keçib, İrana və Türkiyəyə səfər edən əhalinin sayı kifayət qədər çoxdur. Bu səbəbdən, əhalidə təhlükəsizlik baxımından narahatlıq yarana bilər. Hazırda daha ciddi problem Türkiyənin öz təhlükəsizliyindədir. Ərdoğan professionalları məktəbdən, təhsildən və təhlükəsizlik xidmətlərindən kənarlaşdırmaqla bu sahələri zəiflətmiş oldu. İndi baş verən hadisələr tək terror qruplarının aktivləşməsi ilə deyil, Türkiyənin özünün təhlükəsizliyinin zəifləməsi ilə əlaqədardır. Ümumi olaraq, Azərbaycanın təhlükəsizlik sahəsində vəziyyəti isə qənaətbəxşdir”.

Qeyd edək ki, Türkiyə prezidenti R.T. Ərdoğan ötən günlərdə çıxışı zamanı ölkənin təhlükəsizliyinin Türkiyənin sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başladığını deyib. Ölkə prezidentinin bu şəkildə hansı mesajları verməyə çalışdığı isə müzakirə olunur.

Aysel Aslan