Ərdoğanın siyasəti təhlükəlidir

“Prezident nəyin bahasına olursa-olsun, Atatürkdən qalma dünyəvi dövlət quruluşunu dəyişdirmək istəyir”



Türkiyədə parlament respublikası sistemini ləğv etdirməyə çalışan Prezident Rəcəb Tayyib Ərdoğana ən böyük etirazı Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu edib. CHP sədri parlamentdəki çıxışında vurğulayıb ki, "Ölkəyə prezident üsul-idarəsini gətirmək üçün qan tökmək lazımdır. Yoxsa buna heç bir halda icazə verməyəcəyik”.

Türkiyədə siyasi sistemin dəyişməsi ilə bağlı aparılan müzakirələrdən danışan Kılıçdaroğlu deyib ki, konstitusiya müstəqildir, heç bir orqan məhkəməyə əmr və ya təlimat verə bilməz: "Ancaq bunları Prezident sisteminə görə, sadəcə bir adam danışacaq, Türkiyə susacaq. Hakim ona görə qərar verəcək, ona görə millət vəkili siyahıları hazırlanacaq. Belə bir başçılıq sistemini bu ölkədə qan tökmədən reallaşdıra bilməzsiniz”. CHP sədri bildirib ki, hazırda Türkiyə tarixinin ən dərin böhranlarından birini yaşayır. CHP sədrinin bu cür çıxışından sonra Ankara Baş Prokurorluğu istintaq başladıb. Partiya rəhbəri "cinayət törətməyə təhrik” maddəsi ilə ittiham olunur.

"Qan tökmək diktatorların və zalımların işidir”

Türkiyə Prezidenti Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunun "qan tökərik” açıqlamasına cavab verib. Ərdoğan bildirib ki, ana müxalifətdəki şəxsin bunlardan hansına aid olduğunu müəyyən etməyi millətin ixtiyarına buraxır: "Qan ticarətini istəyənlər boşuna həvəslənməsinlər. Qızıl Ayparadan başqa heç bir yerə qan vermərik”.

"Atatürkdən qalma dünyəvi dövlət quruluşunu dəyişdirmək istəyirlər”

Türkiyədəki proseslərlə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Ərdoğan Prezident üsul-idarəsini gətirmək üçün hər şeyi etməyə hazırdır: "Ölkə rəhbəri kimi hər hansı siyasi mənsubiyyəti olmayan Ərdoğan AKP-də "saray çevrilişi” etdi və son dövrlərin "parlayan ulduzu” Davudoğlunu sədrlikdən və Baş nazirlikdən uzaqlaşdırdı. Davudoğlu siyasi elitada barmaqla sayılan və mənşəyi türk olan şəxslərdən biri idi. Amma o, neytrallaşdırıldı və Ərdoğanın ambisiyalarına qurban getdi. Görünür, Prezident nəyin bahasına olursa-olsun, ölkənin siyasi sistemini, yəni Atatürkdən qalma dünyəvi dövlət quruluşunu dəyişdirmək istəyir. Kılıçdaroğlunun sözləri ilə şərikəm. Prezident üsul-idarəsi zamanı məhkəmələr müstəqil olmayacaq, prokurorluq orqanları asılı vəziyyətə düşəcək, polis rəhbərliyə tabe etdiriləcək. Yəni ölkə bir adamın iki dodağı arasında qalacaq. Belə şeylər demokratik dəyərlərin hökm sürdüyü ölkələrdə normal qəbul edilmir”.

"Birrəngli siyasət təhlükəlidir”

Ekspertə görə, hazırda Türkiyə iki cəbhəyə bölünüb. Bir hissə Atatürkün dünyəvilik sistemini qoruyub saxlamağa çalışır, digər tərəf isə ölkəni dini dəyərlərin üstünlük təşkil etdiyi dövlətə çevirmək istəyir: "Onlar məqsədlərinə nail olmaq üçün Avropayla, ümumiyyətlə, bütün Qərb aləmi ilə əlaqələrin üzərindən xətt çəkməyə hazırdırlar. Təsəvvür edin, parlamentin spikeri deyir ki, "biz müsəlman konstitusiyası qəbul etməliyik”. Bəyəm qanunvericiliyin dini, xristianı və ya islamı olur?! Parlamentə sədrlik edən bir şəxsin bu cür fikirləri adamı təəccübləndirir. Üstəlik, son dövrlər siyasi elitada Prezidentin ata yurdu sayılan Qara dəniz bölgəsindən şəxslərin sayı durmadan artır. Belə birrəngli siyasət təhlükəli xarakter daşıyır”.

İsmayıl