Ərdoğanla Putin bacardı

Türkiyə və Rusiya razılaşmaları böyük oyunçuları oyundan kənar vəziyyətə saldı
Bu ittifaq ABŞ başda olmaqla Qərb koalisiyasının Yaxın Şərq regionunu yalnız öz maraqlarına uyğun şəkildə dizayn etmək planlarının üstündən xətt çəkdi

Ötən gün Rusiyaya işgüzar səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə bir sıra mövzular ətrafında fikir mübadiləsi aparıb. Danışıqlar zamanı əsasən İdlib əyalətində və Suriyanın şimalındakı vəziyyət müzakirə olunub. Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. Ərdoğan bəyan edib ki, İdlibdə terrorçulara qarşı birgə müzakirə aparılacaq. Putin isə Suriya probleminin diplomatik yolla həllinə tərəfdar olduğunu diqqətə çatdırıb. Rusiya prezidenti, həmçinin vurğulayıb ki, ölkəsi terrorçuluğa qarşı mübarizədə Türkiyə ilə yeni mövqeyə malikdir. Məlumat üçün bildirək ki, Ərdoğanı Rusiya səfərində Türkiyənin daxili işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının başçısı və bir sıra digər idarələrin rəhbərləri müşayiət ediblər. Ekspertlərin fikrincə, liderlər arasında aparılan müzakirələr Rusiya-Türkiyə münasibətlərinin mehriban qonşuluq şəraitində inkişafına kömək edəcək.

Görüşün əhəmiyyəti ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, danışıqlarda əsas mövzu iqtisadi məsələlər yox, geosiyasi problem olan Suriya idi

"Türkiyə və Rusiyanın Suriya ilə bağlı baxışları bir qədər fərqlidir. Açığı deyim ki, Türkiyə başda olmaqla Qərb ölkələrinin Əsədi devirmək planı baş tutmadı. Belə olan halda Suriyada yeni konstitusiyanın hazırlanması gündəmdə olan məsələdir. Eyni zamanda Türkiyənin milli maraqları bu konstitusiyada İraq konstitusiyasından fərqli olaraq federativ Suriyanın deyil, unitar quruluşlu və kürdlərin muxtariyyət almayacağı bir konstitusiyanı tələb edir. Görüş zamanı İdlib, Menbiç və Fəratın şərqi ilə bağlı məsələlər də müzakirə olunub. Putin mətbuat konfransı zamanı Türkiyənin İdlibdə verdiyi sözə tam olaraq əməl edə bilmədiyini, lakin, bundan əvvəl əldə olunmuş anlaşmaya əsasən oradakı terror qruplaşmalarına qarşı daha effektiv mübarizə aparmağın lazım olduğunu dilə gətirdi. Buna cavab olaraq Ərdoğan İdlibdə terrora qarşı mübarizənin davam edəcəyini dedi. Maraqlısı budur kı, tərəflərdən heç biri mətbuat konfransı zamanı PYD - YPG məsələsinə toxunmadılar. Düşünürəm ki, Türkiyə Suriyanın şimalında bufer zona qurmaq və terrora qarşı mübarizə aparmaq üçün həm Putin, həm də Trampın razılığını artıq alıb. Xatırladım kı, bu, ilk belə razılıq deyil. PYD və YPG terror qruplarına qarşı bundan əvvəlki əməliyyatlarda da Türkiyə hər iki dövlətin razılığını gizli şəkildə almışdı.

Siyasi ekspert Zaur İbrahimli isə "Şərq”ə bildirib ki, Ərdoğanın Rusiya səfəri və həmkarı Putinlə səmimi görüşü Ankara-Moskva müttəfiqliyinin Suriya və bütövlükdə region üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini nümayiş etdirdi: 

"Bütün fikir ayrılıqlarına baxmayaraq Rusiya-Türkiyə razılaşmalarının hər iki tərəf üçün əlavə dayaq nöqtəsi olması Ankara və Moskvada aydın dərk edilir. Bu ittifaq ABŞ başda olmaqla Qərb koalisiyasının Yaxın Şərq regionunu yalnız öz maraqlarına uyğun şəkildə dizayn etmək planlarının üstündən xətt çəkdi. Türkiyə növbəti dəfə Avrasiya platformasında böyük qonşuları ilə ittifaq yaradaraq onu gücdən salmaq planlarını poza bildi. 

Ankara 220 il əvvəlki kimi Şərq Bloku yaratdı. 1799-cu ildə də Türkiyə Fransanın Misirə hücumundan ehtiyatlanaraq, Rusiya ilə sazişə girmiş, ilk dəfə Qara dənizi bölməyə razılıq vermişdi. Bu saziş indi olduğu kimi 19-cu əsrin başlanğıcında hər iki ölkə üçün geosiyasi sığortalanma imkanları yaratmışdı. Zaman dəyişir, siyasi sistemlər dəyişir, amma geosiyasi imperativ öz qüvvəsində qalır. İndiki halda Rusiya-Türkiyə-İran ittifaqı Yaxın Şərqdə ABŞ-İsrail ittifaqına qarşı müqavimət sipəri rolunda çıxış edir. Əsrlər əvvəl rus-türk ittifaqı kimi. Atatürk və Lenin də bu geosiyasi imperativi yaxşı başa düşürdülər".

İsmayıl