Əlibala Əsgərov: “Onlar hər il aprel ayında qondarma soyqırım məsələsini Milli Məclisin gündəminə daşımaq istəyirlər”
Erməni mənşəli deputat Samvel Petrosyan Gürcüstan parlamentində "erməni soyqırımı”nı növbəti dəfə gündəmə gətirmək istəyib. O, qondarma qətliamın 1 dəqiqəlik sükutla yad edilməsi təklifini irəli sürüb. Lakin istəyi baş tutmayıb.
Çünki bu ölkə parlamentinin "Gürcü Arzusu”ndan olan azərbaycanlı deputatı Mahir Dərziyev və Vahid Milli Hərəkat Partiyasının üzvü olan Azər Süleymanov təklifə etiraz ediblər. Bu arada qeyd edək ki, M.Dərziyev mətbuata açıqlamasında məsələyə dair çıxış etdiklərini bildirib. O deyib ki, "Erməni soyqırımı”nın tanınması məsələsi dəfələrlə Gürcüstan parlamentində qaldırılıb, amma həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı şəkildə rədd olunub: "Bu gün də oxşar mənzərə olub. İqtidar tərəfdən olan deputat Qubad Sanikidze, habelə müxalifətçi deputat Nuqzar Tsiklauri bu məsələni yenidən qaldırmağın düzgün olmadığını qeyd ediblər. Onlar vurğulayıblar ki, Gürcüstan milliyyətindən asılı olmayaraq bu ölkədə yaşayan vətəndaşların vətənidir və onların arasında milli ədavət salmaq cəhdləri uğursuzluğa düçar olacaq”. Soydaşımız bəyan edib ki, ermənilər konkret faktlara və sənədlərə əsaslanmırlar: "Erməni soyqırımı”na dair ermənilər heç bir araşdırma aparmayıblar. Türkiyə tərəfi öz itkilərinin ermənilərdən də çox olduğunu dəfələrlə bildirib. Gürcüstan tərəfindən "soyqırım”ın tanınması, Gürcüstanın qonşusu olan və NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərə xələl gətirə bilər və böhran yarana bilər. Mən həmçinin Gürcüstan parlamentinin üzvlərini ölkənin maraq və ziyanına olan bu cür cəfəngiyatları gündəmə gətirməməyə çağırdım”.
Yaşananları dəyərləndirən "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov "Şərq”ə açıqlamasında qeyd edib ki, erməni mənşəli parlamentarilərin bu cür davranışları artıq ənənə halını alıb. Onlar hər il aprel ayında qondarma soyqırım məsələsini Milli Məclisin gündəminə daşımaq istəyirlər: "Bu hal sabiq dövlət başçısı E.Şevardnadzenin dövründən başlayıb. Hər dəfə də azərbaycanlı millət vəkillərinin ciddi etirazına səbəb olur. Artıq Gürcüstan rəsmiləri ermənilərin bu təşəbbüsünə qarşı azərbaycanlı deputatları qabağa verir. Bu il də məsələ daha qabarıq şəkildə gündəmə gəldi və erməni deputat layiqli cavabını aldı. Məncə, Gürcüstan parlamenti öz işini demokratik göstərmək niyyəti ilə hələ bir neçə il bu prosesi davam etdirəcək”.
Ayyət Əhməd