Erməni elitası terrorçuluğu yaşam tərzinə çevirir
Əgər qaniçən cəllada abidə qoyub, onun qarşısında baş əyirlərsə, bu onların qəddarlığa, vandalizmə meylli bir xalq olduğunu göstərir
Ermənistanda xalqın siyasi rejimdən narazılığı maksimal həddə çatıb. Bu gərginliyin getdikcə daha da artacağı gözlənilir.
Bunun əsas səbəblərindən biri də Ermənistandakı mövcud rejimin xalqa verdiyi heç bir vədi yerinə yetirməməsidir. İqtisadi tənəzzül dərinləşib, ölkəyə gələn yardımların miqdarı azalıb, xalq adi yaşam ehtiyacını belə təmin edə bilmir.
Üstəlik, müxtəlif ölkələrdə yaşayan ermənilər Ermənistanın ictimai-siyasi həyatında faşizmin təbliğ olunmasından ciddi narahatdırlar. Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin ucaldılması erməni ictimaiyyətindən əlavə Rusiya mətbuatında da dəfələrlə kəskin şəkildə pislənilib. Ölkə xaricindəki ermənilər Qaregin Njdenin və Hayk Asatryanın qəhrəman kimi təqdim olunmasına qarşı çıxsalar da, Ermənistanda yaşayan ermənilər buna etiraz etməyə qorxurlar. Ermənistanın siyasi elitası bu yolla ölkəni faşist ideologiyasına malik dövlət kimi təqdim edir.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Orucun sözlərinə görə, bu məsələni hüquqi, siyasi və mənəvi kateqoriyada təhlil edəndə ortaya çox ağır nəticələr çıxır:
"Ermənilər faşizm ideyalarına xidmət edənləri öz "milli qəhrəmanları” hesab edirlərsə, avtomatik olaraq faşizm yolunu, işğalçılığı, başqa xalqların həyatına, ərazi bütövlüyünə təcavüzkarlığı seçirlər. Ermənistan isə terrorizmə dəstək verən ölkə kimi artıq özünü təsdiqləyib.
Erməni cəmiyyətində milli nifrəti az qala ideologiya səviyyəsinə qaldırıb yaşam tərzinə çevirmək, təhsil sistemində bərkitmək artıq öz fəsadlarını verməkdədir. Belə bir yanaşma var ki, insan nifrəti stimullaşdırdıqca, özündən nəsə qoparır. Kimki müsbət ideyalarla, qurucu baxışlarla həyatlarını davam etdirmirlərsə, mütləq faşizm törəyir. Qaregin Njdeyə münasibətdə Rusiya cəmiyyətinin özündən belə etiraz edilmişdi. Bu isə o anlama gəlir ki, ermənilər qaniçən cəllada abidə qoyub, onun qarşısında baş əyirsə, bu onların qəddarlığa, vandalizmə meylli bir xalq olduğunu göstərir. Ermənilər saxta soyqırım təbliğatlarından, bədiiləşdirilmiş obrazlardan kənara çıxanda görürlər ki, həyat başqa müstəvidə cərəyan edir. İnsanlar onlar kimi qırıcı yox, qurucu olmaq uğrunda mübarizə aparır, öz həyatlarını müsbət notlara kökləyirlər. Sizə onu deyim ki, Qaregin erməni varlığını özündə təcəssüm etdirir. Nijdeyə Ermənistanın paytaxtında heykəl qoyulması əslində bu dövlətin mahiyyətini, xarakterini bir daha ortaya qoyur.
Düşünürəm ki, bu hadisə zaman-zaman yenidən gündəmə gələcək və Qaregin sevdası ermənilərin başına hələ çox bəla olacaq. Yəhudi xalqının üzərində faciə quran adamlar bu gün erməni cəmiyyəti üçün yol göstərən, "milli qəhrəman”, heykəlləşmiş bir simaya çevrilirlər”.
Ermənistandakı mövcud rejimin son 10 ildə ölkəni ağır sosial və iqtisadi çətinliklər qarşısında qoyduğunu bildirən deputat deyib ki, hazırkı hakimiyyət iqtidardakı mövqeyini möhkəmləndirmək üçün parlament modeli adı ilə yeni konstitusion dəyişikliklərə gedərək qanunsuz bir yolu təşviq edən xəttə söykəndi:
"Baş verən seçkilər də göstərir ki, ölkə ictimaiyyəti bu korrupsioner, cinayətkar rejimi seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüzlüyünü bir daha anladı. Ermənistandakı siyasi vəziyyət bütövlükdə aydındır. Əvvəla, erməni iqtidarı olduqca çətin situasiyadadır. Yarıtmaz xarici və daxili siyasət ölkəni iflic halına salıb. Belə bir vəziyyətdə hökumətə iqtisadi və siyasi islahatlar apara bilən, idarəetməni şəffaf və demokratik hala gətirən adam başçılıq edə bilməz. Diqqət edirsinizsə, hökumət rəhbərini seçmək üçün əsas faktor kimi təhlükəsizliyi götürürlər. Deməli, demokratiya, insan haqları, iqtisadi islahatların aparılması, xarici siyasətdə barışa və əməkdaşlığa üstünlük vermək yada düşmür. İrəvanın bu kimi sivil məqsədlərlə arası yoxdur. Lakin sözdə rəsmi İrəvan və havadarları daha çox demokratiyadan, insan haqlarından və şəffaflıqdan danışırlar. Yəni bütün bu gəlişigözəl sözlər real acınacaqlı vəziyyəti gizlətmək üçün deyilir. S.Sarkisyanın dərin korrupsiya sistemi ölkədə demokratik idarəetməyə və real iqtisadi-sosial islahatlar aparmağa imkan vermir”.
Z.Orucun sözlərinə görə, Ermənistan vətəndaşları artıq sabitlik içində yaşamaq istəyirlər deyə belə saxta qəhrəmanların həyat yolunun təbliğinə etiraz edirlər. "Rəsmi İrəvan isə dövlət səviyyəsində terrorçulara və faşistlərə rəğbətindən danışır.
Bu, təəccüb doğurmur. Ermənistan rəhbərliyində təmsil olunan şəxslər özləri də terrorçudurlar. Məhz Serj Sarkisyanın sayəsində bu gün Ermənistanda terror siyasi mübarizənin leqal vasitələrindən birinə çevrilib. Zənnimcə, erməni cəmiyyətində baş verən narazılıqlar, mənəvi aşınmalar Azərbaycana sərf edir. Biz Ermənistanda yaranmış şəraiti Qarabağda hərbi-siyasi baxımdan tam öz xeyrimizə dəyişə bilərik”.
Şəymən