"Erməni girovluğunda olan Dilqəm Əsgərovun ayaqları, qolları tutulur”

Elman Məmmədov: “Biz o insanları ermənilərin əlindən almaq üçün ermənilər üçün “dəyərli” olan 5-6 nəfəri tutub Azərbaycana gətirməliyik”



Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə içacıdan məktub göndərib. Bu barədə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var: "Atamın ayaqları tutulub, başında, belində, ürəyində ağrılar var, hərəkət edə bilmir.

Ona ağrıkəsici dərman verilmir. Mən ötən dəfə məktubda yazmışdım ki, həkimə getsin, idman eləsin. Atam məktubunda mənə cavab verib ki, ağrı içində olduğundan idman edə bilmir. Atamın

vəziyyəti ağırdır, ürəyi ağrıyır. Onun ayaqları da, qolları da tutulub. Qızıl Xaç Komitəsi necə nəzarət edir? Həkimlər niyə gedib atamı müayinə etmirlər? Bu qədər haqsızlıq olmaz. Dünyada insan hüquqları deyilən bir şey var. Məktubda atamın yazdığı sözlər əvvəlcə pozulurdu. İndi isə sözləri tam silirlər”.

Vəziyyəti dəyərləndirən millət vəkili Elman Məmmədov qeyd edib ki, məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətindədir. Dövlət başçısı bu işi bütün danışıqlarda ortaya qoyur: "Həmsədr dövlətlərin rəhbərlərindən eyni zamanda həmsədr dövlətləri təmsil edən nümayəndələrdən günahsız insanlarımızın ermənilərin əlindən alınmasını tələb edir. Ancaq nəticəsi yoxdur. Məsələ ölkə başçısından aşağı səviyyələrdə - Xarici İşlər Nazirliyi, "Qaçqınkom” və Milli Məclisdə dəfələrlə müzakirə olunub. Hamı tələb edir ki, günahsız insanlar azad olunmalıdır. Azərbaycan məlum işi BMT-dən başlamış, ATƏT, Avropa Şurası, Avropa Birliyi, insan haqları ilə məşğul olan qurumlar qarşısında ən kəskin formada qaldırır. Təəssüflər olsun ki, nəticəsi yoxdur. Bəlkə də bədbəxtçiliyimiz müsəlman olmağımızdır. Bütün xristian birliyi üstümüzə düşüb. Fikir verin, o girovlarımızdan biri Rusiya vətəndaşıdır. Dünyanın harasında olursa-olsun, Rusiya öz vətəndaşının qayğısına qalır. Amma bizim Rusiya vətəndaşı olan azərbaycanlımıza sahib çıxmır. İndi o, müsəlman deyil, xristian olsaydı, Moskva məsələni belə qoymazdı”.

Parlamentari diqqətə çatdırıb ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə də girovların məsələsi ilə məşğul olur: "Bununla bağlı erməni keşişinə müraciət edib. Nəticəsi yoxdur”.

E.Məmmədov girovlarımızın azad olunmasına dair təklif də verib: "Bircə çıxış yolumuz var. Biz o insanları ermənilərin əlindən almaq üçün ermənilər üçün "dəyərli” olan 5-6 nəfəri tutub Azərbaycana gətirməliyik. Onları həbsxanalara salıb, ağır işgəncələr verməliyik. Onlar da dil açıb beynəlxalq təşkilatlara yalvarmalıdırlar. Bunun müqabilində dəyişdirilmələr aparmalıyıq. Yeganə çıxış yolumuz budur”.

Ayyət Əhməd