Erməni kəşfiyyatçı Allaha and içir ki, ona təzyiq yoxdur

“Ermənilərin belə etirafları hələ davam edəcək və biz çox belə ifadələrin şahidi olacağıq”



Bu günlərdə Gəncə Ağır Cinayətlər Məhkəməsində ədalət qarşısına çıxarılan erməni kəşfiyyatçı Arsen Baqdasaryan etiraflar edib. O, göstərilən xoş rəftara görə, Azərbaycan dövlətinə və prezidentinə təşəkkür edib. İfadəsində ermənilərə səslənən diversant onları silahları yerə qoymağa, torpaqlardan geri çəkilməyə, əsir və girovları qaytarmağa çağırıb. O, Ermənistan hökumətinə də müraciət edib:

"Ermənistan respublikasına və Dağlıq Qarabağ əhalisinə müraciət etmək istəyirəm. Onlar başlarından, fikirlərindən düşmən sözünü çıxarsınlar. Nəyə görə siz dostluq münasibətində yaşamadınız?! Hansı ki, neçə illər dostluq münasibətində yaşayırdınız. Nəyə görə siz Azərbaycan xalqına öz torpaqlarını qaytarmaq istəmirsiniz? Mən valideynlərimə, qohumlarıma, dostlarıma, hərbçi yoldaşlarıma, bütün erməni əhalisinə müraciət etmək istəyirəm ki, siz xoşlayırsınız ki, postda duran zaman eşidirsiniz ki, yenə əsgər həlak olub? Siz elə bilirsiniz ki, onlar müharibə aparmaq, döyüşmək istəyirlər. Bu, iki zəhmətkeş xalqdır. Mən Bakıda həbsdə olarkən elə şəxslərlə görüşdüm ki, onların hələ də yaddaşındadır ki, ermənilərlə necə dostluq münasibətində yaşayıblar. Mən bilirəm ki, sizin də içərinizdə dostluq münasibətində yaşayanlar olub, hətta toy da ediblər. Normal insanlar başqasından oğurluq etmirlər, torpağını almırlar. Nəyə görə siz Ermənistanda olan hərbi əsirləri qaytarmaq istəmirsiniz? Siz elə bilirsiniz ki, postları boşaldanda azərbaycanlılar sizi incidəcəklər? Belə şey ola bilməz. Bunu mən, erməni soyadı daşıyan Baqdasaryan deyirəm. Siz görəcəksiniz ki, mən özüm danışıram.

A.Baqdasaryan Allaha and içib ki, onu bu sözləri deməyə heç kim, heç nə məcbur etmir: "Burada məni yaxşı yedizdirirlər, geyindirirlər. Buna görə minnətdaram. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də minnətdaram. Azərbaycan xalqına vurulan zərbələrə və 20 il keçməsinə baxmayaraq, erməni xalqına ədalətli münasibət göstərilir. Hər şeyə görə minnətdaram”.

Məlumat üçün bildirək ki, A.Baqdasaryan ötən ilin dekabrında Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçərkən ələ keçirilib.

Erməni girovun etiraflarını şərh edən millət vəkili, Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan tərəfinə keçən və yaxud cəbhə xəttində tutulan erməni hərbiçiləri ölkələrinin əleyhinə həmişə belə bəyanatlarla çıxış edirlər. Deputatın sözlərinə görə, onları bu sözləri deməyə həqiqətən də heç nə və heç kim vadar etmir: "Azərbaycana gəldikdən sonra Azərbaycan və Ermənistan arasındakı fərqi hiss etməyə başlayırlar. Ermənistanın millətçi dairələrinin ölkəmizə qarşı işğalçılıq müharibəsinin mənasızlığını dərk edirlər. Öz həyatlarını erməni millətçilərinin siyasətinə qurban vermək istəmirlər. Heç təsadüfi deyil ki, Azərbaycan haqda materiallar artıq ölkəmizin hüdudlarından kənarda da vaxtaşırı dərc olunur. Ermənistan cəmiyyətinin özündə də ölkəmizin üstünlükləri hər dəfə vurğulanır. Buna görə də xüsusi bir təbliğat aparmağa ehtiyac yoxdur”.

Hazırda dünyanın bir kompüter monitoruna sığışdığını deyən parlamentari hesab edir ki, Azərbaycan saytlarına Ermənistan vətəndaşları da daxil olur və ölkəmizdəki iqtisadi tərəqqini izləyə bilirlər: "Azərbaycan dilini bilməsələr də, rus və ingilis dilinin köməkliyi ilə məlumat əldə edirlər. Onlar bizdəki inkişafın şahidi olduqda Azərbaycan haqqında reallıqları dərk etməyə başlayırlar”.

Parlament üzvü düşünür ki, Ermənistan işğalçılarının apardığı fəaliyyətin bu ölkəyə heç bir xeyri yoxdur: "Düşmən ölkə cəmiyyəti bunu anlamağa başlayıb. Bu baxımdan zənn edirəm ki, ermənilərin belə etirafları hələ davam edəcək və biz çox belə ifadələrin şahidi olacağıq”.

Separatçı ölkənin ordu quruculuğuna diqqət çəkən millət vəkili bildirib ki, bu ölkənin ordusu heç bir gücə, qüdrətə malik deyil: "Hesablamalar göstərir ki, Ermənistanın işğal etdiyi zonalarda normal hərbi partul işi aparmaq üçün əsgər ehtiyatı çatmır. Ölkədə rəsmi şəkildə 3 milyon, qeyri-rəsmi isə milyon yarım əhali qalıb. 18 yaşından yuxarı gənclərin 2 illiyə hərbi xidmətə çağırılması Ermənistan ordusunun ehtiyaclarını ödəmir. Bu səbəbdən cəbhə xəttinə yaxın yaşayan mülki əhali əsgərlərdən muzdlu kimi istifadə edirlər. Vəziyyət o həddə çatıb ki, yararsız və xəstə gənclər də ordu sıralarına çağrılır. Hərbi təchizat yox səviyyəsindədir. Orduda maaşlar aşağıdır. Qida və dərman preparatları həddən artıq kasaddı. Orduda "dedofşina”. halları getdikcə çoxalır. Ermənistanda ilk partlayışı elə ordunun özündən gözləmək olar”.

Ayyət Əhməd