“Görün necə yaxşı baxırlar ki, kökəlib, əmələ gəlib”
“Amma Dilqəm Əsgərov və Şahbaz Quliyev tamamilə zəifləyib, işgəncə verirlər”
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, A.Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzanın onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanacağı bildirilib. Bundan başqa, məhkəmənin hökmü ilə erməni diversant məhkəmə xərclərini (665 manat 45 qəpik) ödəməkdən azad olunub. Məlumat üçün bildirək ki, A.Baqdasaryan ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.
Məhkəmənin qərarını dəyərləndirən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov "Şərq”ə söyləyib ki, erməni kəşfiyyatçı ilə bir neçə dəfə görüşüb. Onun sözlərinə görə, A.Baqdasaryan Azərbaycan dilini də bilir: "İdmançıdır. Tam məsuliyyətimlə deyə bilərəm ki, o, adi əsgər deyil. Kəşfiyyatçıdır. Ona söylədim ki, bax gör Azərbaycan dövləti sənə necə humanist münasibət göstərir. Amma bizim Ermənistandakı girovlarımızın - Şahbaz Quliyev və Dilqəm Əsgərovun başlarına oyun açırlar. Mənə yalandan deyir ki, guya, girovlarımız erməni uşağını öldürüblər. Dedim, ayıb olsun sənə, yalan danışma. Onlar heç kəsi qətlə yetirməyiblər. Elə məqsədləri olmayıb. Niyyətləri öz torpaqlarımızda uyuyan dədə-babasının qəbirlərini ziyarət etmək olub. Bildirdim ki, siz ermənilər təxribatdan başqa bir şey bilmirsiniz. Danışığından hiss edirsən ki, çox hazırlıqlı adamdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, A.Baqdasaryan qanun qarşısında cavab verməlidir: "Layiqli cəzasını aldı. Görün ona necə yaxşı baxırlar ki, kökəlib, əmələ gəlib. Amma D.Əsgərov və Ş.Quliyev tamamilə zəifləyiblər, işgəncə verirlər. Söhbət bundan gedir. Fikir verin, girovlarımızın birinə 20 il, digərinə ömürlük həbs cəzası kəsiblər. Bizimkilər isə erməni diversantına humanistlik nümayiş etdirib, 15 il cəza veriblər. Halbuki o, azərbaycanlıları məhv etməyə gəlmişdi. Məndə olan məlumata görə, A.Baqdasaryan mina basdırmaq istəyib ki, əsgərlərimiz minaya düşüb məhv olsun. Nə deyə bilərik? Məhkəmə qərarını verib”.
Ayyət Əhməd