Erməni-rus hərbi birləşməsi bölgə üçün çox təhlükəlidir

Bu baxımdan, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi təlimlərini davam etdirmək zəruridir


Dünya Azərbaycanlıları Assambleyası Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması ratifikasiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Rusiyanın Ermənistanla hərbi qruplaşma yaratması dərin təəssüf hissi doğurur. DAA vurğulayıb ki, bu addım Rusiya ilə Azərbaycanın tarixi və bugünkü əməkdaşlıq ruhu ilə uyğun gəlmir:

"Bu qərar Azərbaycan toplumunda böyük dost Rusiyaya qarşı heç də xoş olmayacaq münasibət formalaşdıracaq. Eyni zamanda Rusiya ilə Azərbaycanın münasibətlərində sərin küləklər əsdirəcək. Azərbaycanla Rusiya illərdir strateji partnyordur. Rusiyanın özünün də rəsmi olaraq qəbul etdiyi kimi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilib, milyonlarla insan doğma torpağından didərgin düşüb. 

Belə şəraitdə Rusiyanın işğalçı ölkəyə hərbi dəstəyini nə ilə əlaqələndirə bilərik? Bununla Rusiya dövləti hansı mesajı vermək istəyir? Rusiyanı belə həssas məsələlərdə ehtiyatlı davranmağa səsləyir, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə xələl gəlməsinə imkan verilməməsinə çağırırıq”. Məlumdur ki, Krımın işğalından sonra Rusiya beynəlxalq miqyasda müxtəlif Qərb ölkələri tərəfindən diplomatik və siyasi təzyiqlərə məruz qalıb. Lakin Azərbaycan özünə strateji və etibarlı tərəfdaş saydığı Rusiyaya çox yaxşı münasibət göstərib. Ona görə də bu cür qərarlar verilərkən Rusiya yaxın qonşusunun, regiondakı strateji partnyorunun maraqlarını nəzərə almalıdır”.

Məsələyə münasibət bildirən siyasi ekspert Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında bildirib ki, erməni-rus hərbi birləşməsi bölgə üçün çox təhlükəlidir: 

"O cümlədən işğal altında olan Qarabağ üçün də təhlükədir. Rusiyanın bu qərarla öz forpostu Ermənistana dəstək verməsi şübhə deyil. Bu baxımdan, Azərbaycan-Türkiyə- Gürcüstan hərbi təlimlərini davam etdirmək zəruridir. İrəvan Bakı qarşısında tab gətirə bilməyəcəyini anlayır və o baxımdan yenidən Moskvanın dəstəyinə arxalanır. Hesab edirəm ki, belə fəaliyyətlə Rusiya vasitəçi missiyasına zərbələr endirir. Əgər Moskva İrəvanla hərbi əməkdaşlığını davam etdirərsə, rəsmi Bakı Moskvanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılmasını tələb etməlidir”.

İsmayıl